Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan - Beynəlxalq missiyanın aparıcı ölkəsi

16 may 2020 | 16:00

Koronavirus Çinin sərhədlərini aşanda hər kəs öz “evinə çəkilməklə”, əksər ölkələr sərhədləri bağlamaqla virusdan qoruna biləcəyini proqnozlaşdırdı və bütün addımları bu nikbin ehtimala uyğunlaşdırdı. Ancaq infeksiya sərhəd tanımadan sürətlə bütün dünyanı ağuşuna aldı və qısa zamanda “pandemiya” statusuna yiyələndi. Bununla belə, zaman göstərdi ki, “taclı bəla” ilə mübarizədə özünəqapanma effektiv deyil, qlobal mübarizə, həmrəylik qaçılmazdır.
   Azərbaycan dünyanı birləşdirmək missiyasını üzərinə götürdü, bu mübarizədə öncüllük nümayiş etdirdi və beynəlxalq çağırış etdi.
   İlk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu məzmunda zirvə görüşü təşkil edildi.
   Dövlətimizin başçısının təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində əsas məqsəd türkdilli ölkələr arasında koordinasiyanın təşkili, koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığa çağırış idi. Xüsusilə qeyd edək ki, Türk Şurasının fövqəladə Zirvə görüşü pandemiya ilə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir idi.
   “Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın planeti bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır” deyən prezident İlham Əliyev mübarizənin yeganə effektiv mübarizə modelini təklif etdi.
   Qoşulmama Hərəkatının əsas fəlsəfəsi münaqişələrə, bloklara qoşulmamaq, bütün xalqların suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə, ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi prinsiplərə söykənir.
   Ancaq bu dəfə qoşulmaq tələb olunur – söhbət hansısa hərbi blokdan getmir, ümumbəşəri bəlaya qarşı bir səngərdə yer almaq lazımdır. Prezident İlham Əliyevin dediyi kimi, “Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir”.
   Pandemiya yayılmağa başlayanda əksər təhlilçilər bunu qlobalizmin sonu kimi xarakterizə edirdilər. Bəli, ilkin meyllər dünyanın buna doğru hərəkətləndiyini göstərirdi. Lakin ilkin neqativ və pozitiv nəticələrin təhlili göstərdi ki, özünəqapanma çıxış yolu deyil. Yalnız birgə, düşünülmüş, qarşılıqlı dəstəyə söykənən siyasət planeti bu bəladan xilas edə bilər. Azərbaycanın da təklif etdiyi məhz bu modelin tətbiqi və coğrafiyasının genişlənməsidir.


 

Keçidlər