Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Aprel döyüşlərindən 4 il ötür

02 aprel 2020 | 16:00

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilmiş “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20 dən çox yaşayış məntəqəsi   ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdir. Lakin “Lələ Təpə” yüksəkliyinin erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora qayıtmasını mümkünsüz edirdi.
   İyirmi üç il sonra - 2016-ci il aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusu Ermənistan Silahlı qüvvələrinin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazmış oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi də işğaldan azad olundu. Bununla da Azərbaycan Ordusu bu Aprel zəfəri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı və Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün oldu.
    24 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzalamış, Sərəncama əsasən birinci mərhələdə kənddə 50 fərdi yaşayış evi,  96 şagird yerlik məktəb, məscid, 35/10kv-luq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, “Azəravtoyol” ASC-nin 13 saylı Xüsusi təyinatlı yol istismar müəssisəsi və digər müvafiq infrastruktur yaradılmiş, hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılmışdır. 14 iyun 2017-ci il tarixində isə ölkə başçısı Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak etmişdir. 
    Ölkə başçısının 15 iyun 2017-ci il tarixli Sərəncamı ilə ikinci mərhələdə kənddə 100 yaşayış evi, tibb məntəqəsi, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, ərazi nümayəndəliyi üçün inzibati bina, poçt şöbəsi və 10/04 kv-luq Kompleks Transformator məntəqəsi tikilmiş, “Qayıdış” parkı inşa edilmişdir.
    Beləliklə də Cocuq Mərcanlı kəndinin bərpasından sonra kəndə ilkin mərhələdə 50, ikinci mərhələdə isə 100 ailə köçürülmüş və yaşayış başlanmışdır.
    Bu gün Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində firavan həyata başlayan Cocuq Mərcanlı sakinləri uzun illər həsrətini çəkdikləri torpağı əkib-becərir, gündəlik məişət qayğıları ilə məşğul olurlar. Cocuq Mərcanlı kəndi təkcə Cocuq Mərcanlılar üçün deyil Cəbrayıllılar,  eləcə də bütün Azərbaycanlılar üçün mənəvi rahatlıq yeridir. Vətənpərvər insanlar Cocuq Mərcanlıya gələrək oranı ziyarət edir və inanırlar ki,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımız şanlı ordumuz tərəfindən tezliklə azad ediləcəkdir.

 

 

 

Keçidlər