4 oktyabr -Cəbrayıl şəhəri günü
Gözəl havası,saf suyu,əsrarəngiz təbiəti ilə tanınan 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv. km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb. Bu müharibədə rayon əhalisinin 362-si şəhid, 191-i isə əlil olub. Sakinlərindən 6-sı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olub. Rayon həm də zaman-zaman böyük alimləri,elm,təhsil,maarif,mədəniyyət xadimləri, əmək və müharibə qəhrəmanları ilə də tanınıb, güclü,davamlı kadr potensialına,adlı-sanlı ziyalılarına görə Respublikamızda məhşur olub. Elə bunun nəticəsidir ki, rayonda elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyədə idi. 510 çarpayılıq xəstəxanada 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə ümumilikdə 508 mədəniyyət işçisi çalışırdı,tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı.Eyni zamanda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki də fəaliyyət göstərib.
Erməni vandalizmi nəticəsində rayonun Dağtumas kəndinin yaxınlığındakı “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb. Doğma ata-baba yurdlarından didərgin düşən
Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.
5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilib. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlıya həyatın qayıtması mümkün oldu.
27 ildən sonra - 27 sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edilib. Qədim Xudafərin körpüsündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə təsis edilən Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub və cəbrayıllılar bu günü böyük sevinc içərisində qeyd edirlər.






