Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir

21 fevral 2020 | 16:00

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.
     Rayon İcra hakimiyyətinin akt zalında  keçirilən yığıncaqda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov  hesabat məruzəsi ilə çıxış etmişdir.


2019-cu ilin yekunu və 2020-ci ildə qarşıda duran vəzifələr barədə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun

Hesabatı

Artıq 2019-cu il ölkəmiz üçün bir sıra nailiyyətləri ilə tarixə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, aparılan struktur islahatları sayəsində 2019-cu ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadi artım prosesləri sürətlənmiş və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olmuşdur.
   Ölkə Prezidentinin 13 yanvar 2020-ci il tarixdə ötən ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi 2019-cu il ölkəmiz üçün uğurlu il  olmuşdur. Ötən il qarşıya qoyulmuş bütün tapşırıqlar uğurla icra edilmiş, iqtisadiyyatın bütün sahələrində dayanıqlı inkişafa nail olunmuşdur. 2019-cu ildə ümumidaxili məhsul buraxılışı 2,2 faiz artmışdır ki, bu da dünyada qəbul olunmuş yaxşı inkişaf göstəricisidir. Ötən il qeyri neft sektoru 3,5 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri neft sektorunda  sənaye istehsalı 14 faiz artmışdır. Kənd təsərrüfatında illik artım 7 faiz, o cümlədən bitkiçilikdə 10 faiz təşkil etmiş, valyuta ehtiyatımız 6,4 milyard dollar artaraq 51 milyard dollara çatmışdır. Bütün bunlar onu göstərir ki, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə çox düzgün və uğurlu siyasət həyata keçirilir.
   Dünyanın ən islahatçı və sabit ölkələri sırasında təmsil olunan Azərbaycan dövlətinin hazırda ümumi daxili məhsulun 110 faizi həcmində strateji valyuta ehtiyatları olduğu halda, xarici borcları ümumidaxili məhsul istesalının 17 faizinə bərabərdir.
Keçən ildə həyata keçirilən geniş miqyaslı sosial-iqtisadi və kadr islahatları sayəsində ölkəmizdə əldə olunan uğurlar rayon əhalisinin sosial vəziyyətinin və mənzil məişət şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərmiş, insanların rahat yaşaması və fəaliyyəti üçün əhəmiyyətli olan ictimai-siyasi sabitlik qorunub saxlanmışdır.
    Ölkə başçısının siyasətinin əsasında dayanan insan amili, fəaliyyətimizin əsas istiqaməti olaraq daim diqqətdə saxlanmış, respublikanın 54 şəhər və rayonunda məskunlaşmış köçkünlərimizin qayğı və problemlərinin həllinə rayonun imkanları daxilində müəyyən dəstək verməyə çalışmışıq.
    Cənab Prezidentin tapşırığına uyğun olaraq müvəqqəti məskunlaşma ərazilərində əhali ilə vaxtaşırı səyyar-görüş qəbullar keçirilərək problemləri yerində öyrənilmiş, onların müraciətlərinin bir qismi müsbət həll edilmiş, mərkəzi icra orqanlarına aid məsələlər isə aidiyyəti orqanlar qarşısında qaldırılaraq həlli istiqamətində iş aparılır. Ötən il keçirilən 46 səyyar-görüş qəbulda ümumilikdə 273 vətəndaşın müraciəti dinlənmiş, onlardan 90-ı müsbət həll edilmiş, 183 müraciətlə bağlı müvafiq tədbirlər görülmüş, onlardan vacib olan məsələlər barəsində müvafiq orqanlara müraciətlər edilmişdir.
    Səyyar qəbullarla yanaşı rayon İcra hakimiyyətində başçı tərəfindən 482 nəfər, aidiyyəti sahələr üzrə müavinlər tərəfindən isə 622 nəfər vətəndaş qəbul edilərək tələbləri dinlənilmiş, aparata müraciət edən 2698 vətəndaşa müxtəlif məzmunlu arayış və digər hüquqi sənədlər verilmiş, vətəndaş-məmur münasibətlərində hər hansı bürokratik maneə və süründürməçilik kimi mənfi meyllərə yol verilməmişdir. Rayonun xidmət ərazisində fəaliyyət göstərən idarə və təşkilatların, ikili tabelikdə olan yerli qurumların rəhbərlərindən bir qayda olaraq fəaliyyətlərində şəffaf olmaları, vətəndaş müraciətlərinə həssas yanaşmaları, ünsiyyətdə etik normalara ciddi əməl etmələri tələb olunur.
    Məhz ölkəmizdə, eləcə də rayonumuzda mövcud olan sağlam mühit, ictimai-siyasi sabitlik, bilavasitə hakimiyyətlə Azərbaycan xalqı arasında yaranan sıx birliyin və həmrəyliyin təcəssümüdür. Ölkə başçısı cənab İlham Əliyevin siyasətinin əsasında məhz Azərbaycan vətəndaşı dayanır. Cənab Prezidentin həyata keçirdiyi balanslı siyasət nəticəsində iqtisadiyyatımız ilbəil yüksələn templə inkişaf edir, dövlətimizin gücü və qüdrəti artır, Azərbaycan xalqının rifahı getdikcə yaxşılaşır.
2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 20 ən islahatçı ölkədən biri kimi qəbul edilib, kredit reytinqi “Moody’s” sabit “Ba2” səviyyəsində müəyyənləşdirilib və Beynəlxalq İnkişaf Assosiasiyası bu il Azərbaycana rəsmi olaraq beynəlxalq aləmdə donor ölkə statusu verib.
    Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu ildə imzalanan çoxsaylı fərman və sərəncamlarla sosial sahədə dərin islahatlar həyata keçirilmişdir. Sosial islahatlar paketində minimum əmək haqqının, minimum pensiyanın, təqaüd və müavinətlərin artırılması, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması, həmçinin həssas təbəqələrə mənzil, avtomobil və s. formada verilən dəstəyi özündə ehtiva edir.
Ümumi olaraq sosial islahat paketi bu il üçün 2,3 milyard manat maliyyə yükü ilə 4,2 milyon nəfəri, başqa sözlə əhalinin 40 faizdən çoxunu əhatə edib. Keçən il minimum əmək haqqı orta hesabla 2 dəfə, minimum pensiya 72 faiz, 14 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artmışdır. Həmçinin sosial müdafiəyə daha çox ehtiyacı olan insanları əhatə edən 3 yeni təqaüd növü təsis olunmuşdur.
    Hazırda Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 1-ci yerdə, minimum əmək haqqı Ukrayna və Gürcüstan da nəzərə alınmaqla 2-ci yerdə, orta əmək haqqı göstəricisinə görə isə ilk üçlüyə daxildir.
Müqayisə üçün qeyd edim ki, rayonda yeni yaranan təqaüdlər üzrə Dövlət Sosial Müdafiə Fondu rayon bölməsinin xidmətində olan 1750 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslər, 265 nəfər 1-ci dərəcəli əlilliyi olan şəxsə qulluq edən vətəndaş və 754 nəfər müharibə veteranına təqaüdlər təyin edilərək ödənilmişdir.
    Pensiyaların minimum məbləğinin 2019-cu ilin mart ayından 160, oktyabr ayından isə 200 manata çatdırılması, dövlət qulluqçularının əməkhaqqılarının artırılması ilə əlaqədar onların pensiyalarının yenidən hesablanması ümumilikdə 11236 nəfər rayon sakinini əhatə etmiş, onlara bu artımlar hesabına 2019-ci ildə əlavə olaraq 4 milyon 507 min manat vəsait ödənilmişdir. Ölkə başçısının 06 fevral 2020-ci il tarixli sərəncamı ilə pensiyaların sığorta hissəsinin 16,8 faiz artırılması hesabına isə bu il ərzində şöbənin qeydiyyatında olan 8 min pensiyaçıya əvvəlki pensiya məbləğinə hesablanan artımla ayda 238,1 min manat, ildə isə 3 milyon 457,2 min manat vəsait ödəniləcəkdir.
    Sosial paket daxilində minimum əmək haqqının 2 dəfə, ayrı-ayrı sahə işçilərinin aylıq əmək haqqılarının və məcburi köçkünlərə verilən vahid aylıq müavinətin orta hesabla 50 faiz artırılması ilə rayon sakinlərinin büdcəsinə əvvəlki ilə nisbətən 2019-cu ildə əlavə 29,0 milyon manat vəsait daxil olmuşdur. Məcburi köçkün ailələrinə dövlət tərəfindən verilən ev və mənzilləri, dövlət orta və ali ixtisas məktəblərində təhsil alan tələbələrin təhsil xərcindən azad edilməsi və tələbələrə ödənilən təqaüdləri də nəzərə alsaq dövlətimizin köçkün soydaşlarımıza göstərdiyi dövlət qayğısının yüksək səviyyədə olduğunu görürük.
    Belə ki, 2019-cu ildə ölkə başçısı cənab İlham Əliyevin və Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Respublika üzrə 6 min köçkün ailəsi, 934 şəhid ailəsi və Qarabağ müharibəsi əlili ev və mənzillə təmin olunmuşdur. Həyata keçirilən sosial yönümlü siyasət çərçivəsində Cəbrayıl rayonundan olan məcburi köçkünlərdən 2019-cu ildə 786 ailə, 2003-cü ildən indiyə kimi isə cəmi 7207 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.    Hazırda Kürdəmir rayonu və Şirvan şəhərində salınmış yeni qəsəbələrə ailələrin köçürülməsi davam etdirilir.
    2019-cu ildə rayonda görülən işlərlə bağlı əhalini məlumatlandırmaq, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli barədə onlara hesabat vermək məqsədi ilə təsdiq olunmuş qrafikə əsasən bu il yanvar ayının 7-dən 23-nə kimi inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə yığıncaqlar keçirilmişdir. Hesabat xarakterli yığıncaqların 7-si Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə, 1-i Cocuq Mərcanlı kəndində, 10-u Bakı şəhərində, 4-ü Sumqayıt şəhərində, 1-i isə Abşeron rayonunda  keçirmişdir. Yığıncaqlarda ümumilikdə 2 minə yaxın vətəndaş iştirak etmişdir ki, onlardan da 125 nəfər çıxış edərək 42 təklif səsləndirmişdir. 
    Yığınsaqlarda çıxış edən vətəndaşlar tərəfindən Biləsuvar rayonu ərazisindəki 3, 4 və 6 saylı qəsəbələrdə daxili ara yolların yarımçıq qalmış təmirinin başa çatdırılması, 7, 8 və 9  saylı qəsəbələrdə  daxili su şəbəkəsinin çəkilişindən sonra küçələrin qumlanmasının tezləşdirilməsi, təmir aparılan 5 qəsəbədə qumlanması nəzərdə tutulmayan məktəb, uşaq bağçası və digər sosial obyektlərə gedən paralel yola qum çınqıl döşənməsi, Qaradağ rayonu Müşfiqabad köçkün qəsəbəsində fəaliyyət göstərən rayonun M.Mehdizadə adına tam orta məktəbinin akt zalı üçün stul alınması, yataqxanalarda, tikilisi yarımçıq qalmış binalarda və digər şəraitsiz kompakt yaşayış yerlərində məskunlaşmış köçkünlər üçün ev və mənzil tikilməsinin sürətləndirilməsi, Bakı, Sumqayıt şəhərlərində və ətraf ərazilərdə tədris şəraiti aşağı olan rayon məktəblərinin gələcəkdə yeni salınan köçkün qəsəbələrinə köçürülməsi və ya təmir edilməsi barədə təklilər irəli sürülmüşdür.
    Yığıncaqlarda vətəndaşlarımız tərəfindən irəli sürülmüş təkliflərin hər biri ətraflı araşdırılmış və həllni təmin etmək üçün tədbirlər planı təsdiq edilmişdir.
    Onu da bildirim ki, 2018-ci ilin yekunu ilə bağlı rayon icra hakimiyyəti başçısının keçən ilin fevral ayında keçirilən hesabat yığıncağında iştirakçılar tərəfindən səsləndirilən altı təklifdən 3-ü müsbət həll olmuş, lakin rayon səhiyyə şöbəsi üzrə ixtisaslı həkim çatışnazlığı, öz şəxsi vəsaitləri ilə mənzil almış vətəndaşların dayandırılan vahid aylıq müavinətinin bərpa edilməsi, qəsəbələrdə təmirinə ehtiyac olan 100-dən çox evin təmir edilməsi barədə təkliflər rayondan asılı olmadığı üçün həlli mümkün olmamışdır.
    Keçən hesabat ilində rayon icra hakimiyyəti tərəfindən aztəminatlı ailələrə hərtərəfli dəstək göstərilmiş, xəstəliyi və digər zəruri ehtiyacları ilə əlaqədar müraciət edən vətəndaşlarımıza imkanlarımız daxilində maddi köməkliklər edilmişdir. Belə ki, rayon “Xeyriyyə” fondundan  və digər mənbələrdən rayon icra hakimiyyətinə müraciət edən cəmi 1108 nəfər (ağır xəstəlikdən əziyyət çəkənlərə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə maddi yardım göstərilmişdir.
    Dövlət büdcəsindən isə məcburi köçkünlərə il ərzində 35 milyon 699 min manat vahid aylıq müavinət ödənilmişdir. İcra hakimiyyətindən verilən bütün təyinatlar üzrə maddi yardımlar köçkünlərimizin faktiki məskunlaşdıqları yerlərdə fəaliyyət göstərən banklara, yemək xərci üçün dövlət büdcəsindən verilən müavinətlər isə vətəndaşların adlarına olan plastik kartlara köçürülmüşdür.
    Ölkə başçısının təşəbbüsü və qətiyyəti sayəsində işğaldan azad olunaraq hər cür infrastrukturlarla birlikdə bərpa olunan rayonun Cocuq Mərcanlı kəndində işğaldan əvvəlki canlı həyat öz axarı ilə davam etməkdədir. Burada sakinlərin rahat və təhlükəsiz yaşaması üçün lazım olan tədbirlər görülür, əhalinin mənzil-məişət, məşğulluq və digər problemlərinin həlli istiqamətində işlər davamlı olaraq həyata keçirilir.
    Keçən ilin əvvəlində kənddə 1,4 hektar ərazidə “Qayıdış” parkı salınaraq  sakinlərin istifadəsinə verilmiş, 150 fərdi yaşayış evinin həyətlərinə polietilen borular vasitəsi ilə suvarma şəbəkəsi çəkilmiş, hər bir evin həyətində tikilməkdə olan hamam və digər sanitar qovşaq yekunlaşmaq üzrədir. Həmçinin suvenir istehsalı müəssisəsinin tikintisi başa çatmış, maliiyə imkanı yaranan kimi avadanlıqların gətirilməsi və quraşdırılması planlaşdırılır. Kənddə yaşayan hər bir ailədən işçi cəlb olunması nəzərdə tutulan bu müəssisənin işə düşməsi sakinlərin məşğulluq probleminin həllində əhəmiyyətli rol oynayacaqdır.
    Ölkə başçısının Cocuq Mərcanlı kəndini daim diqqətdə saxlaması, mərkəzi Respublika təşkilatlarını, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq qurumları, qeyri-hökumət təşkilatlarını kənddə müxtəlif yönümlü layihələri həyata keçirməyə ruhlandırır.
    Belə ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə həyata keçirdiyi “Sosal-İqtisadi İnkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində Cocuq Mərcanlı kəndində inkubasiya və yem emalı müəssisələri  tikilmiş, həmçinin Türkiyə, Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TİKA) tərəfindən Cocuq Mərcanlı kəndində 15 ailəyə hər birinin sahəsi 160 kvadratmetr olan müasir tunel tipli polietilen örtüklü istixanalar, 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla ümumilikdə 150 arı ailəsi və arıçılar üçün avadanlıqlar verilmişdir. Keçən il kənd sakinləri istixana və arı təsərrüfatlarında müxtəlif növ tərəvəz və 1050 kiloqram bal məhsulu istehsal edərək ailə ehtiyaclarının ödənilməsi üçün istifadə etmişlər.
    Cənab Prezidentin qeyd etdiyi kimi qeyri neft sektorunun aparıcı sahələrindən biri kimi aqrar sektorda da son illər çox böyük uğurlara imza atılmış, kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılıq, baramaçılıq və tütünçülük sahəsində yüksək nəticələr əldə edilmişdir.
    2019-cu ildə Ölkə Prezidenti tərəfindən aqrar sektorun qarşısında qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilmiş, lizinq sahəsində həyata keçirilən islahatlar nəticəsində azad və ədalətli rəqabət şəraiti yaradılmışdır. Belə ki, lizinq fəaliyyətinin həyata keçirilməsində özəl sektorun rolu gücləndirilmiş, ötən il fermerlərə satılmış 4117 texnikanın təxmini 3 mindən çoxu özəl sektorlar tərəfindən həyata keçirilmişdir.
    Aparılmış uğurlu aqrar siyasət  nəticəsində ötən il ölkədə aqrar sektorda nəzərəçarpacaq inkişafa nail olunmuş, əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı məhsullarının ixracı xeyli artmış, ölkədə etibarlı ərzaq təhlükəsizliyi təmin edilmiş, ümümdaxili məhsul buraxılışında aqrar sektorun payı xeyli yüksəlmişdir.
    Hesabat  ilində rayon üzrə bütün əkin sahələrində aqrotexniki tədbirlər uğurla həyata keçirilmiş, fermerlərə vaxtaşırı maarifləndirici seminarlar vasitəsi ilə dəstək göstərilmişdir. Aparılmış tədbirlərin nəticəsidir ki, ötən il sahələrdən  10185 ton taxıl, 536 ton kartof, 1025 ton tərəvəz, 92.0  ton bostan məhsulu, 460 ton şəkər çuğunduru yığılmış, məhsuldarlıq göstəricilərində dinamik artıma nail olunmuşdur. Belə ki, taxılın məhsuldarlığı 34,1 sentnerə, o cümlədən  buğdada 35,0 sentnerə, kartofda 172,9 sentnerə, tərəvəzdə 161,5 sentnerə, bostan məhsullarında 204,4 sentnerə çatdırılmış, ötən illə müqayisədə məhsuldarlıq taxılda 1,0 sentner, kartofda 1,0 sentner, tərəvəzdə 1,0 sentner artmışdır.
    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqram”ına uyğun olaraq ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi və bununla da ixracyönümlü məhsul istehsalının daha da artırılması məqsədi ilə məcburi köçkünlərimizin kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazisində 96,2 hektar, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində isə 6 hektar olmaqla ümumilikdə 102.2 hektarda pambıq əkilmişdir.
    Keçən il ümumilikdə sahələrdən 294,4 ton və ya hər hektardan 28,9 sentner pambıq məhsulu götürülmüşdür. Pambığın becərilməsində mövsüm ərzində 120 nəfərdən çox məcburi köçkün işlə təmin edilmiş, bu sahədən ümumilikdə 220 min manatdan çox gəlir əldə edilmişdir.
    Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli 3406 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində də işlər davam etdirilmişdir. Bu məqsədlə 2016-2019-cu illərdə rayona Çin Xalq Respublikasından 67,5 min ədəd, daxili istehsaldan isə 77,4 min ədəd olmaqla ümumilikdə 144,9 min ədəd tut tingi verilmiş və 230 nəfərdən çox  istehsalçı arasında paylanılaraq becərilməsi davam etdirilmişdir. Ötən ildə rayon üzrə 78 istehsalçı tərəfindən 4850 kq barama istehsal edilmiş, ümumilikdə istehsalçıların ailə büdcələrinə 1 ay ərzində 43,7 min manat vəsait daxil olmuşdur. Hazırda yeni tut tinglərinin əkini hesabına tut bağlarının sahəsi 25 hektara çatdırılmışdır.
    Rayonda taxıl istehsalı ilə məşğul olan fermerləri yüksək məhsuldar və standartlara cavab verən sertifikatlaşdırılmış toxumlarla təmin etmək məqsədi ilə rayonda 1 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Ötən ildə həmin toxumçuluq təsərrüfatında 25 ton 1-ci repreduksiyalı toxum istehsal edilmişdir. Toxumlar bütünlüklə təmizləyici qurğudan keçirilərək sertifikatlaşdırılmış və  istehsalçılara satışı təşkil edilmişdir.
   Hesabat ili ərzində kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə edilməsinin əsas amillərindən biri də suvarma rejiminə ciddi əməl edilməsidir. Bu baxımdan fermerlərimiz mövsüm ərzində taxıl əkinlərində 3 dəfə, yonca əkinlərində 6 dəfə, pambıq əkinlərində 5 dəfə, həyatyanı sahələrdə 7 dəfədən çox suvarma aparmışlar. Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən hazırlanmış suvarma rejimi əsasən icra edilmişdir.
     Suvarma suyu ilə təminatın yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları əsasında respublikanın bölgələrində  qazılması planlaşdırılan artezianlardan 1 ədədi Cocuq Mərcanlı kəndində, 3 ədədi isə suvarma suyunun zəif təmin olunduğu 1 saylı qəsəbənin ərazisində qazılmışdır.
    Cari ilin suvarma mövsümünə hazırlıq üçün suvarma kanalları və arxlarında, suvarma qurğularında təmir bərpa işləri tam başa çatdırılmış və bu sahədə heç bir problem gözlənilmir.
    Əhalinin heyvandarlıq məhsullarına tələbatının daxili istehsal hesabına ödənilməsini daha da yaxşılaşdırmaq, bu məhsullar üzrə ehtiyacların idxaldan asılılığını minimuma endirmək istiqamətində də  işlər davam etdirilmişdir. Ötən  ildə rayonda iribuynuzlu heyvanların sayı 62 baş artaraq 10757 başa, xırdabuynuzluların sayı  100041  başa, iribuynuzlu mal-qara naxırında inəklərin sayı 4186  başa və 38,9 faizə çatdırılmışdır. Hesabat ilinin sonunda rayon üzrə süd istehsalı 8321 tona, ət istehsalı diri çəkidə 2292 tona, kəsilmiş çəkidə 1214 tona, yumurta istehsalı 5450 min ədədə, yun istehsalı 170 tona çatdırılmışdır. Ümumilikdə əvvəlki  ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalında 5,4 faiz, ət istehsalında 7,8  faiz, yumurta istehsalında 8,3 faiz, yun istehsalında 1,2 faiz artım olmuşdur.
    Heyvandarlığın yem təminatını daha da yaxşılaşdırmaq üçün hesabat dövründə 948 hektarda yonca, 180 hektarda təkrar qarğıdalı, 550 hektarda arpa əkilmişdir. Sahələrdən 1680 ton arpa, 6890 ton yonca otu, 1800 tondan çox yaşıl qarğıdalı kütləsi istehsal edilmiş, ümumilikdə əhalinin şəxsi təsərrüfatlarında olan mal-qaranın yemə olan tələbatının tam əksəriyyətinin yerli istehsal  hesabına təmin edilməsi üçün baza yaradılmışdır.
    Rayon Baytarlıq İdarəsi tərəfindən əhalinin şəxsi təsərrüfatlarında olan mal-qara və quşlar arasında profilaktiki tədbirlər davam etdirilmiş, hesabat ilində heyvanlar arasında iti yoluxucu xəstəliklərdən tələfat olmamışdır. Həmçinin fərdi fermerlərin çağırışları əsasında il ərzində mal-qara arasında müalicə işləri də aparılmışdır.
    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 5 mart 2018-ci il tarixli 3747 №-li Sərəncamının icrası məqsədi ilə Nazirlər Kabinetinin 18 sentyabr 2018-ci il tarixli Qərarına əsasən rayon üzrə arıçılıqla məşğul olan ailələrlə ətraflı maarifləndirici tədbirlər davam etdirilmiş, rayon üzrə hesabat dövründə 175 arıçı tərəfindən 1320 arı ailəsinin saxlanıldığı müəyyənləşdirilmiş və onlara 21350 manat subsidiya verilmişdir.
    Ölkə Prezidentinin tapşırığına uyğun olaraq rayondan olan kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi çərçivəsində 2019-cu ildə 408 min manat subsidiya verilməsi təmin edilmişdir.   
     Azərbaycan Respublikası Rrezidentinin tapşırığı və müvafiq Sərncamı ilə Cəbrayıl rayonundan olan köçkünlərin kompakt yaşadığı Biləsuvar rayonu ərazisindəki 4456 ailəlik on bir qəsəbədə son 4 ildə, eləcə də 2019-cu ildə əhalimiz üçün çox böyük əhəmiyyət kəsb edən iri maliyyə tutumlu bir neçə layihələr icra olunmuşdur.
     18 min sakinin yaşadığı 11 köçkün qəsəbəsi 2016-cı ilin sonunda qısa bir müddətdə qazlaşdırılaraq 4456 abonent smart tipli qaz sayğacları ilə təmin olunmuş, 2003-cü ildə istismara verildikdən sonra əsaslı təmir aparılmadığı üçün tam istifadəyə yararsız vəziyyətdə olan Birinci - Onbirinci qəsəbələri birləşdirən 23 km uzunluğunda magistral avtomobil yolu əsaslı yenidən qurularaq sakinlərin istifadəsinə verilmişdir.
    Həmçinin 20 ilə yaxın bir müddətdir ki, istifadəyə verilən qəsəbələrin elektrik təsərrüfatı köhnələrək istismara yararsız vəziyyətə düşdüyündən, əlverişsiz hava şəraitində qəzalar səbəbindən enerji verilişində fasilələr yaranırdı. 2018-ci ildə qəsəbələrin elektrik şəbəkəsi yenilənərək kabelləşdirilmiş, hər bir abonentə smart tipli sayğaclar quraşdırılmış, bununla da sakinlərin enerji ilə bağlı problemi əsaslı şəkildə həll olunmuşdur.
    Bu layihələrin davamı olaraq Respublikada köçkünlər üçün ilk salınan yaşayış məntəqələrindən olan 2598 ailəlik 6 qəsəbənin 2019-cu ildə daxili küçələrinin əsaslı təmirinə başlandı,  3, 4 və 6 saylı qəsəbələrdə xırda qüsurlar istisna olmaqla, digər qəsəbələrdə təmir işləri tam başa çatdırılmışdır.
    2007-ci ildə salınmış 1856 ailəlik 5 qəsəbənin magistral və daxili su xətləri istismar dövrünü başa vurduğundan vaxtaşırı qəzalar baş verir, eləcə də suyun keyfiyyəti pisləşirdi. Bununla bağlı müraciətimizə Azərbaycan Hökuməti tərəfindən müsbət yanaşılmış və böyük iş həcmi olan bu layihə çərçivəsində 1-ci qəsəbə ərazisindəki anbardan sözügedən qəsəbələrə su nəql edən 15000 p/m magistral xətt, həmçinin beş qəsəbənin daxili su şəbəkəsi polietilen borularla yenidən çəkilmişdir. Eyni zamanda su şəbəkəsinin bərpası daxilində həmin qəsəbələrin küçələri hamarlanaraq qumlanmağa başlanmış və yaxın vaxtlarda iş başa çatdırılacaqdır.
    Xidmət ərazimiz olan qəsəbələrdə rayonun öz imkanları daxilində də müəyyən abadlıq-quruculuq işləri görülmüş, mövcud olan infrastruktur obyektlərinin qorunub saxlanması məqsədi ilə müəyyən təmir-bərpa işləri aparılmışdır.
4 saylı qəsəbədə ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının qarşısından 3 saylı qəsəbə qəbirstanlığına gedən yola kimi olan küçədə 1260 m məsafədə beton bardyur düzəldilmiş, qum-çınqıl qarışığı tökülərək yayılmış, 1547 kv.m sahəyə daş tamet tavalar döşənərək 630 metr uzunluğunda müasir tipli səki salınmış, səki boyunca yeraltı elektrik kabelləri çəkilərək müasir tipli dekorativ elektrik dirəkləri quraşdırılmışdır.
    Hesabat dövründə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın sahəsi də genişləndirilmiş, mişar daşı və dekorativ metal şəbəkələr əsasında hasar çəkilmiş, abidə ətrafında yararsız hala düşmüş mərmər plitələr sökülmüş, sahəyə metal tor döşənərək beton döşəmə salınmış, 70 kv.m sahəyə yüksək keyfiyyətli mərmər plitələr döşənmişdir.
    Parkda yeraltı elektrik kabelləri yenisi ilə əvəz olunmuş, müasir tipli dekorativ elektrik dirəkləri quraşdırılmış, klassik üslubda oturacaq və məişət tullantı qabları qoyulmuş, 260 kv.m sahəyə beton döşəmə salınmış, tamet plitələr döşənərək “Uşaq əyləncə meydançası” düzəldilmişdir. Meydançaya uşaqların əylənmələri üçün müxtəlif növ uşaq əyləncə qurğuları quraşdırılmışdır. Gələcəkdə “Uşaq əyləncə meydançasının genişləndirilməsi, əlavə tamet döşəmə əsasında səkilərin düzəldilməsi, dekorativ elektrik dirəklərinin quraşdırılması, oturacaqların qoyulması nəzərdə tutulur.
    Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şəhər və rayon icra hakimiyyətləri ilə birgə car ilin noyabr ayında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubleyi ilə əlaqədar ağacəkmə kompaniyası çərçivəsində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə və rayonun Cocuq Mərcanlı kəndində, yol kənarlarında, idarə və müəssisələrin həyətlərində ümumilikdə 4 min ədəd yaşıl və meyvə ağacları əkilmişdir. Bundan əlavə 2019-cu ildə qəsəbələrdə və rayonun Cocuq Mərcanlı kəndində 2 mindən çox yaşıl ağac və kol bitgiləri əkilmişdir. Ağacların hamısı əkindən sonra suvarılmış, aqrotexniki qaydaya uyğun becərilir. 
    Rayon əhalisi arasında baramaçılığa və meyvəçiliyə maraq yaratmaq məqsədi ilə bu ilin əvvəlində rayon İcra hakimiyyətinə yaxın ərazidə bilavasitə əməkdaşlar tərəfindən 1.5 hektar sahədə tut və meyvə bağı salınmış, onun becərilməsi və mühafizəsi işçilər tərəfindən aparılır.
    Rayonda mövcud olan əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində də müəyyən işlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə son illərdə qeyri neft sektorunun inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi, ölkəmizdə əməktutumlu ənənəvi kənd təsərrüfatı sahələrinin genişləndirilməsi, özünüməşğulluq Proqramının icrası Respublikanın şəhər və rayonlarında məskunlaşmış rayon əhalisinin də məşğulluğunu əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
    Rayon üzrə hazırda mövcud olan 81.7 min əhalidən 40.0 min nəfəri və ya 49,0 faizi iqtisadi fəal əhali, onlardan da 37,6 min nəfəri iqtisadiyyatın müxtəlif sahələrində çalışan məşğul əhalidir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi 94,7 faiz, əmək qabiliyyətli iqtisadi fəal əhalidən isə 2,4 min nəfəri və ya 5,3 faizi işsiz əhalidir.
    2019-cu il ərzində cəmi 303 iş yeri açılmış, ondan 280-i daimi, 23 nəfəri isə rayona ayrılmış ictimai işlərə cəlb olunanlardır. Daimi iş yerlərinin 127 nəfəri yeni yaradılmış müəssisə və təşkilatlarda, 49-u mövcud müəssisələrdə, 104-ü fiziki şəxslərdə olmuşdur. Azərbaycan Respublikası Regionlarının Sosial İqtisadi İnkişafı Dövlət Proqramının icrasına başlandığı 2004-cü ildən hazıra kimi isə rayon üzrə cəmi 2702 nəfər, o cümlədən 2630 nəfər daimi işlə təmin olunmuşdur.
Rayona ayrılmış ictimai iş yerlərinə işçi qəbul edilərkən sosial ədalət prinsipləri gözlənilmiş, rayon İcra hakimiyyətinə və Məşğulluq Mərkəzinə müraciət edən işaxtaran vətəndaşların içərisindən işgüzarlığı və müsbət davranışı ilə fərqlənən şəxslər seçilərək işə cəlb edilmişdir. Hazırda rayon üzrə ictimai işə qəbul edilən həmin şəxslər həftəlik 5 iş günü rejimi ilə saat 09:00-dan 18:00-a kimi məhsuldar əməklə məşğul olurlar.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin haqqı ödənilən ictimai işlərə cəlb olunma zamanı şəffaflığın təmin olunması, sui-istifadə hallarına yol verilməməsi ilə bağlı tapşırıqları yüksək səviyyədə icra olunur və şəffaflıq tam təmin olunmuşdur.
    Əhalimizin kompakt yaşadığı köçkün qəsəbələrində qadınların işə cəlb olunması məqsədi ilə yaradılmış “Azərxalca” ASC-nin  Cəbrayıl filialında keçən il orta hesabla 70 nəfər xalçaçı çalışmış və il ərzində müxtəlif çeşnilərdə 71 ədəd, 271 kv.m ölçüdə xalça toxunaraq təhvil verilmişdir.
    Lakin, bu qəsəbələrdə qadınlar arasında kifayət qədər işsiz olmasına  baxmayaraq xalçaçılıq müəssisəsində işləməyə təşəbbüs edənlər çox azdır.  İş üçün müraciət edən qadınlarımızın əksəriyyəti, tarixən əhalimizin məşğul olduğu bu sənətlə məşğul olmaq əvəzinə, hansısa təşkilatda xidmətçi işləməyi üstün tuturlar. Bunun bir səbəbi qadınlarımızın müəyyən qədər zəhmətsevər olmamasıdırsa, digər əsas səbəbi onlar arasında maarifləndirmənin aşağı olmasıdır.
    Özünüməşğulluq layihəsi çərçivəsində keçən il 175 nəfər təlimə cəlb olunmuş, ondan 165 nəfər biznes ideyalarını müdafiə edə bilmişdir. Keçən il onlardan yalnız 102 nəfəri aktivlərlə təmin olunmuşdur. lakin təəssüf olsun ki, düzgün təbliğat və izahat işləri aparılmadığı üçün qəsəbə sakinlərinin özünüməşğulluq tədbirlərinə münasibətində də qeyri müəyyənlik müşahidə olunur.
    Müqaisə üçün son iki ilə nəzər yetirsək, bu Proqram üzrə müraciət edənlərin demək olar əksəriyyətinin heyvandarlıq sahəsini seçdiyini görürük. Hansı ki, qəsəbələrdə mövcud olan örüş otlaq sahəsi hazırda əhalinin şəxsi təsərrüfatlarındakı iri və xırda buynuzlu heyvanların tələbatından 10 dəfə azdır. Rayon icra hakimiyyəti aparatının aidiyyəti şöbələri, inzibati ərazi dairələri üzrə nümayəndliklərin məsul işçiləri, kompakt yaşayış məntəqələrinə təhkim edilmiş səlahiyyətli rayon nümayəndələri, qəsəbələr üzrə sahə nəzarətçiləri və rayon  Məşğulluq Mərkəzinin əməkdaşları əhali arasında təbliğat işləri aparmalı, müxtəlif xidmət sahələri üzrə Mərkəzdə olan layihələrin effektliyini vətəndaşlara izah etməlidirlər.
Son illər ənənəvi kənd təsərrüfatı bitkilərinin - pambıq, barama, şəkər çuğundurunun kompakt yaşadığımız qəsəbələrdə əkilməsi əhalinin  gəlirlərinin artmasında və rayon büdcəsinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. 2019-cu hesabat ilində rayon üzrə 26 milyon 171,6 min manatlıq ümumi daxili məhsul, ondan keçən ildəkindən 10,4 faiz çox 21 milyon 381,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Keçən il tədarük təşkilatlarına təhvil verilən xam pambıq, barama və şəkər çuğunduru satışından rayon əhalisi ümumilikdə 292 min manat gəlir əldə etmişdir.
    2019-cu ildə rayon büdcəsinin gəlir və xərclərinin icrası mədaxil üzrə 3099000 manat proqnoza qarşı 3419684 manat və ya 110,3 faiz, məxaric üzrə 3099000 manat proqnoza qarşı 2658832 manat və ya 85,5 faiz icra edilmişdir. Rayonun yerli gəlirləri 1057000 manat tapşırığa qarşı 1173637 manat və ya 111,0 faiz yerinə yetirilmişdir. İl ərzində yerli büdcənin mədaxilin 1700000 manatı (49,7 %) Maliyyə Nazirliyindən verilən dotasiya, 1173637 manatı (34,3 %) yerli gəlirlər, 546047 manatı (16,0%) isə qarşılıqlı hesablaşmalar arasında transferlərdən formalaşmışdır.
     Hesabat ili ərzində rayon üzrə 1112 uşaq doğulmuş, 440 nəfər sakinimiz vəfat etmiş, 485 nikah, 165 boşanma qeydə alınmış, 207 nəfər rayonun qeydiyyatına gəlmiş, 21 nəfər isə qeydiyyatdan  çıxmışdır. Ümumilikdə 672 nəfər təbii artım,186 nəfər miqrasiya artımı olmaqla əhalinin sayı ilin sonuna 81,7 min nəfərə, ailələrin sayı isə18133-ə çatmışdır. Ötən ilə nisbətən rayon əhalisinin sayı 858 nəfər və ya 1,1 faiz artmışdır.
Rayonun ictimai siyasi, sosial iqtisadi həyatında baş verən hadisələrin əhaliyə çatdırılması üçün rayon icra hakimiyyətinin saytı fəaliyyət göstərir və  icra hakimiyyəti aparatının informasiya təminatı və təhlil sektorluğu gündəlik aldığı məlumatların sayta yerləşdirilməsini, mövcud informasiyanın mütəmadi olaraq yenilənməsini təmin edir.
    Bununla yanaşı gündəlik məlumatların oxuculara çatdırılmasında operativliyi təmin etmək məqsədi ilə rayon İcra hakimiyyətinin “Facebook” və “İnstagram”  sosial şəbəkələrində rəsmi səhifələri yaradılmış, rayonda keçirilən tədbirlər və baş verən hadisələr barədə xəbərlər rəsmi internet saytı ilə bərabər həmin səhifələrdə də paylaşılır. Sayt istifadəçilərinin səhifələrə rahat çıxışını təmin etmək üçün saytda yeni “Sosial şəbəkələr” bölməsi yaradılmış və hər iki səhifəyə keçid üçün düymələr həmin bölməyə yerləşdirilmişdir.
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşəbbüsü ilə Reginların İnkişafı Analitik İnformasiya Sistemi (RİAİS)-in bazasında yeni yaradılmış “Elektron hesabatların idarə edilməsi” sistemi yeni dizaynda olmaqla onlayn rejimdə fəaliyyət göstərir.
    Sistemə daxil olan şablonlar üzrə məlumatlar müəyyən olunmuş qrafik üzrə rayonun aidiyyati idarə və təşkilatlarından toplandıqdan sonra rayon İcra hakimiyyətinin müvafiq şöbələrində bir daha təhlil olunur və bundan sonra operator tərəfindən sistemə daxil eilir, operator tərəfindən sistemə daxil edilmiş məlumatlar rayon İcra hakimiyyətinin başçısı tərəfindən təsdiq edildikdən sonra sistemdə arxivləşdirilir.
     Sistemə daxil edilmiş məlumatlar vaxtaşırı təhlil olunur, əvvəlki illərin müvafiq dövrləri ilə müqayisələr aparılır, ayrı-ayrı sahələrdə əldə olunmuş nailiyyətlər izlənilir.
“    Rəsmi məlumatların mübadiləsi” sistemi vasitəsi ilə rayon İcra hakimiyyəti başçısının vətəndaşlarla keçirdiyi qəbullar, rayonda baş vermiş hadisələr və s. barədə məlumatlar operator tərəfindən operativ olaraq sistemə daxil edilir ki, bu da baş vermiş hadislərin təhlili, yol verilmiş nöqsanların aradan qaldırılması və hadisə nəticəsində zərər çəkmiş şəxslərə köməklik göstərilməsinin təmin edilməsi üçün nəzərdə tutulmuşdur.
    Keçən hesabat ilində milli mənəvi dəyərlərimizin, adət ənənələrimizin  qorunması, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq ideyasının təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, təqvim üzrə nəzərdə tutulan bayram və anım tədbirləri ilə əlaqədar əhalimizin kompakt yaşadığı ərazilərdə rayon səviyyəsində mədəni kütləvi toplantılar təşkil olunmuşdur.
    Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlişi münasibətilə Biləsuvar rayonu ərazisində salınmış 4 saylı qəsəbədə yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında rayon ictimaiyyətinin iştirakı ilə geniş tədbir keçirilmiş və ağac əkilmişdir.
    2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Azərbaycan İstiqlal Muzeyində və Cəbrayıl rayon mədəniyyət müəssisələrinin, eyni zamanda musiqi məktəblərinin kollektivlərinin iştirakı ilə böyük mütəfəkkirin 650 illiyi münasibəti ilə tədbirlər keçirilmiş, daimi kitab sərgiləri təşkil olunmuşdur.
    Cəbrayıl rayon mədəniyyət müəssisələri o, cümlədən musiqi məktəblərinin şagird kollektivləri Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən müsabiqə və festivallarda, müxtəlif baxış müsabiqələrdə uğurla iştirak edirlər. “Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi”ndə Böyük Mərcanlı Uşaq İncəsənət məktəbinin şagirdləri İsgəndərov İsmayıl Mayil oğlu Laureat adına, Quliyev Tural Oruc oğlu III yerə, məktəbin müəllimi Məmmədov Azər Əhməd oğlu isə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşlər. 
    Rayon İcra Hakimiyyətinin tabeliyində olan 13 uşaq bağçasının fəaliyyəti daim nəzarətdə saxlanılmış, uşaqların intellektual, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün müxtəlif məzmunlu tədbirlər həyata keçirilmiş, həmçinin uşaqların gələcəkdə məktəb həyatına uyğunlaşması üçün bağçaların tərbiyəçi müəllimləri ilə həmin ərazidə fəaliyyət göstərən tam orta məktəblərin ibtidai sinif müəllimləri arasında işgüzar əlaqələr yaradılmışdır.
     Hər biri 2 qrupdan ibarət olan bu məktəbəqədər təhsil müəssisələrində cəmi 520 uşağın təlim-tərbiyəsi ilə 62 nəfər tərbiyəçi, 89 nəfər isə digər işçilər olmaqla 151 nəfər işçi məşğul olur.
     2019-cu ilin yanvar ayından etibarən Cocuq Mərcanlı kəndində müasir tələblərə cavab verən, lazımi avadanlıqlarla tam təmin olunmuş iki qruplu, 50 yerlik uşaq bağçası fəaliyyətə başlamışdır. Hesabat ilində uşaq bağçalarının ərzaqla təminatı, maddi texniki təchizatı daim diqqət mərkəzində saxlanılmışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırığına uyğun olaraq, keçən ilin fevral ayından Respublikanın 54 şəhər və rayonunda məskunlaşmış 81683 nəfər Cəbrayıllı məcburi köçkünün tibbi müayinəyə cəlb olunması mütəşəkkil qaydada həyata keçirilmişdir. Rayonun əsas xidmət sahəsi olan Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşan köçkünlərin müayinədən keçirilməsi üçün 11 qəsəbədə 50 çarpayılıq sahə xəstəxanası, 4 həkim məntəqəsi lazımi avadanlıq və digər vasitələrlə tam təchiz olunmuş, vətəndaşların maneəsiz qəbulu və müayinəsi üçün normal şərait yaradılmışdır. Fevral ayının 15-dən may ayının 15-dək aparılan əhalinin kütləvi müayinəsi zamanı 208 nəfər yeni xəstə dispanser qeydiyyatına götürülmüşdür. Dispanser qeydiyyatına götürülmüş 2496 nəfər xəstədən 1036 nəfəri imtiyazlı xəstələr qrupuna daxil edilmiş, 2019-cu ildə 868 nəfər Bakı şəhərinin müxtəlif  klinikalarına müalicəyə göndərilmişdir.                                     
     Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına, Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən uşaqların icbari dispanserizasiyası və profilaktik müayinələrə cəlb olunması məqsədi ilə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında müayinələr fevral ayının 15-dən başlayaraq dekabr ayının 30-dək davam etdirilmiş, müayinə vaxtı 11 qəsəbədə olan 0 yaşdan 17 yaşa kimi 4563 nəfər “uşaq icbari dispanserizasiyaya” cəlb edilmişdir ki, bunlardan da 440 nəfərini bağça yaşlı və bağçaya gedən uşaqlar, 185 nəfərini isə 01 yaşa qədər uşaqlar təşkil etmişlər. Bu müddət ərzində 4265 nəfər uşaq tibbi müayinədən keçirilmişdir.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim qayğı göstərdiyi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin sakinləri Dövlət başçısının tapşırığına uyğun olaraq hesabat ilində də səyyar səhiyyə xidməti ilə əhatə olunmuşlar. Belə ki, aprel ayında Respublika Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə İran İslam Respublikasının Bakıda fəaliyyət göstərən “İran klinikasının”, may ayında Mərkəzi Klinik Xəstəxananın ginekoloji şöbəsinin, iyun ayında Respublika Gömrük Komitəsinin Hospitalının, avqust ayında isə Sərhəd Qoşunlarının Hərbi Hospitalının həkimləri C.Mərcanlı da olmuş, bütün kənd sakinlərini tibbi müayinədən keçirmiş və ehtiyacı olanlara lazımı məsləhətlər vermişlər.
Avqust ayında əslən Cəbrayıl rayonundan olan və Bakı şəhərinin müxtəlif klinikalarında işləyən həkimlərdən ibarət briqada Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə fəaliyyət göstərən 1 saylı sahə xəstəxanasında olmuş, 2 gün müddətində qəsəbədə məskunlaşmış məcburi köçkünlərdən 772 nəfərini tibbi müayinədən keçirərək yardım göstərmişlər.
    Xüsusi olaraq qeyd etmək lazımdır ki, Mərkəzi Rayon Xəstəxanasının əhalimizin sıx məskunlaşdığı köçkün qəsəbələrində, həmçinin də Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən həkim məntəqəsində ixtisaslı həkim və orta tibb işçisi çatışmazlığı vardır. Belə ki, hazırda rayonun tibb müəssisələrində 21 həkim, 4 orta tibb işçisi, Gigiyena və Epidemiologiya Mərkəzində isə 4 həkim, 3 həkim köməkçisi, 1 tibbi statistik, 1 entomoloq vəzifəsi vakantdır.
    Ötən tədris ilində rayon üzrə 41 ümumtəhsil məktəbi, o cümlədən 39 tam orta, 2 ümumi orta və bununla yanaşı 1 Şahmat Uşaq Gənclər İdman məktəbi fəaliyyət göstərmişdir. Bu təhsil müəssisələrində və 30 məktəbəhazırlıq qrupunda 444 nəfər, I- XI siniflərdə ümumilikdə 9450 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1054 müəllim məşğul olur.
     Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rayonun altı məktəbində əsaslı, rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə isə bir məktəbdə cari təmir işləri aparılmışdır. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən rayonun ümumtəhsil məktəblərinə bölgü əsasında 91572 manat məbləğində 38144 ədəd müxtəlif adda dərslik, 146060 manat məbləğində 13 adda inventar və avadanlıq, İcra Hakimiyyəti tərəfindən isə Akademik M.Mehdizadə adına Cəbrayıl rayon  tam orta məktəbinə isə 60 ədəd oturacaq stulu verilmişdir.
    Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş I və IV sinif oğlan və qızlar üçün 43555 manat məbləğində 1200 paltar dəsti, 21466 manat məbləğində isə 745 ədəd qış geyim paltarı (gödəkcə) xüsusi qayğıya ehtiyacı olan şagirdlərə paylanmışdır.
    Ölkə Prezidentinin Sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə və 5 oktyabr “Beynəlxalq Müəllimlər günü” münasibətilə 8 saylı tam orta məktəbin müəllimi Musayev Mahmud Musa oğlu “Əməkdar müəllim“, Sirik kənd tam orta məktəbinin müəllimi Rəhimli İntiqam Əkbər oğlu “Qabaqcıl təhsil işçisi” döş nişanı, 25 saylı tam orta məktəbin müəllimi Abbasov Telman Famil oğlu isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişlər.
    Tədris ilinin yekununa görə 2019-cu ildə attestat almış 689 nəfər məzundan 549 nəfər, əvvəlki illərdə bitirənlərdən isə 47 nəfər olmaqla cəmi 549 nəfər ali məktəblərə sənəd vermişdir. Qəbul imtahanlarının nəticələrinə görə bu ilki məzunlardan 340 nəfər, əvvəlki illərdə bitirmiş məzunlardan isə 26 nəfər olmaqla cəmi 366 nəfər Respublikanın müxtəlif ali məktəblərinə, ümumi təhsil bazasından 37, tam orta təhsil bazasından 24 nəfər olmaqla 61 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar.
     2019-cu ildə Respublikanın ali təhsil müəssisələrinə daxil olan, 600-dən yuxarı bal toplamış 15 nəfər abituriyent ənənəvi olaraq rayon İcra Hakimiyyəti tərəfindən  mükafatlandırılmışdır.
    Şagirdlərdə hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, onlarda düşmənə barışmaz münasibətin formalaşdırılması, zabit kadrların hazırlanması məqsədi ilə məktəblərimizdə Qarabağ müharibəsi veteranlarının və döyüş yolu keçmiş ehtiyatda olan zabitlərin iştirakı ilə keçirilən görüşlərin nəticəsidir ki, bu il məzunlarımızdan 2 nəfəri Heydər Əliyev adına Ali Hərbi Məktəbə, 4 nəfəri isə Cəmşid Naxçıvanski adına  Hərbi Liseyə qəbul olmuşdur.
2019-cu il məzunlarının ali məktəblərə qəbul faizi rayonun Ə.Veysəlov adına Sirik kənd, R.Xudiyev adına Minbaşılı kənd, M.Mehdizadə adına şəhər, 9, 25 saylı tam orta məktəblərində yüksək, 1, 2, 3, 12, 14, 18 saylı, Dəmşəlaq, Quycaq, Tatar kənd tam orta məktəblərində isə aşağı olmuşdur. Dağtumas kənd tam orta məktəblərində isə qəbulun nəticəsi olmamışdır.
     2019-cu ildə Avropa Şurasının yaranmasının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “Gələcəyin Avropalısını təsəvvür edərkən” inşa yazı müsabiqəsinin respublika üzrə qalibi olmuş  M.Mehdizadə adına şəhər tam orta məktəbin şagirdi Əsəd Vahid Zahir oğlu Fransanın Strasburq şəhərində İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti tərəfindən mükafata layiq görülmüşdür.
Fənn olimpiadalarının rayon mərhələsinin ilk turunda öz qüvvələrini sınamış 314 nəfər IX-XI sinif Olimpiada iştirakçısından yarımfinala çıxmış 52 nəfərdən heç biri respublika turuna vəsiqə qazana bilməmişdir.
VI-VIII sinif şagirdləri arasında keçirilən V məktəblərarası fənn müsabiqəsində 6 saylı tam orta məktəbin VI sinif şagirdi Əlinağıyev Murad Namiq oğlu isə riyaziyyat fənnindən respublikada IV yerə layiq görülmüşdür.
Ölkəmizin uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Həyata keçirilən bu siyasət gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi, bir sözlə, hərtərəfli inkişafı üzərində qurulub.
      2019-cu ildə rayon İcra Hakimiyyəti Gənclər və idman idarəsi ilə birgə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərlə iş sahəsində bir çox tədbirlər həyata keçirmişdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi, vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissinin yüksəldilməsi, yeniyetmə və gənclərin hərbi xidmətə həvəsləndirilməsi, dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gənclərin səfərbər edilməsi, erkən nikahların qarşısının alınması, gənclərin peşəyönümü işinin gücləndirilməsi məqsədi ilə dəyirmi masalar keçirilmişdir.
Gənclərimiz rayondan kənarda Gənclər siyasəti üzrə keçirilən bir sıra tədbir və yarışlarda da fəal iştirak edirlər. “Xəmsə” Milli İntellektual oyunu üzrə Bakı şəhərində keçirilən zona mərhələsində “Lələ təpə” komandası və kompüter oyunları üzrə XIII Azərbaycan Milli Çempionatında rayon komandaları finala vəsiqə qazanaraq Respublika üzrə dördüncü yerə layiq görülmüşlər.

  Məruzə ətrafında Rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Cocuq Mərcanlı icmasının rəhbəri Oqtay Həziyev və digərləri çıxış edərək 2019-cu ildə rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat vermişlər.
    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri  Ağa-Əli Əhmədov yığıncaqda çıxış etmişdir.
    Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

 

 

 

 

 

Keçidlər