İcbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
28 yanvar 2020 | 16:00
Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Abbasov, Cəbrayıl Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin direktoru Hüseyn Əhmədov, ərazi dairələri üzrə nümayəndələr, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon mərkəzi xəstəxanasının işçiləri və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva ölkəmizdə tətbiq olunan icbari tibbi sığortanın əhəmiyyətindən danışıb. Cəbrayıl Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin direktoru Hüseyn Əhmədov aparılan hazırlıq işləri haqqında məlumat verərək icbari tibbi sığorta ilə bağlı tibbi personalla mütəmadi söhbətlər apardığını, bunun ölkə səhiyyəsinin inkişafında əvəzsiz addım olduğunu diqqətə çatdırdı.
Sonra Agentliyin əməkdaşı Elvin Abbasov iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə geniş məlumat verdi.
Tədbirin sonunda vətəndaşları maraqlandıran suallar cavablandırıldı.