Cəbrayıl rayon müəllimlərinin sentyabr konfransı keçirilmişdir
12 sentyabr 2012-ci il tarixdə Biləsuvar rayonu ərazisindəki 4 №-li qəsəbə klubunda Cəbrayıl rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə 4 saylı qəsəbədəki Ulu Öndərin adını daşıyan parkda ucaldılmış büstün önünə gül – çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Validə Həsənovanın “2011–2012-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda hesabat məruzəsi dinlənilmişdir.
Məruzəçi V. Həsənova Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə siyasi sabitliyin bərqərar olduğunu və iqtsadiyyatın dinamik inkşafı üçün əlverişli şərait yarandığını, milli təhsil quruculuğu konsepsiyasının həlli uğurla davam və inkşaf etdirilməkdə olduğunu bildirmişdir.
Məruzədə qeyd olunmuşdur ki, 2011–2012–ci tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirmiş 444 nəfər məzundan 241 nəfəri, əvvəlki illərdə bitirənlərdən isə 52 nəfər olmaqla cəmi 293 nəfər ali məktəblərə qəbul olmaq üçün sənəd vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən onlardan 167 nəfər ali məktəbə, 68 nəfər isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Qəbul olanların 24 nəfəri 400-dən, 14 nəfəri 500-dən, 6 nəfəri isə 600-dən çox bal toplaya bilmişdir. Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbinin məzunu Əmişova Gülnarə Fərahim qızı 692 balla, Bünyadova Səriyyə Ramazan qızı 673 balla və 10 saylı tam orta məktəbinin məzunu Qasımov Emin Oqtay oğlu 647 balla Prezident Yanında İdarəetmə Akademiyasına, 19 saylı tam orta məktəbin məzunu İmamverdiyev Eşqin 614 balla Tibb Universitetinə, Tatar kənd tam orta məktəbinin məzunu Şirinov Nahid Vidadi oğlu 607 balla Qafqaz Universitetinə, Hovuslu kənd tam orta məktəbin məzunu Hacızadə Aytac Elşən qızı 600 balla ADU-ya qəbul olunmuşlar. Rayonun C.Mərcanlı, Şahvəlli, Əmirvarlı, Daşkəsən, İ.Quliyev adına tam orta, Sirik kənd tam orta, 25 saylı, 10 saylı, 5 saylı və s. tam orta məktəblərində qəbulun nəticələrinin qənaətbəxş olduğu bildirilmişdir.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərə toxunan V. Həsənova bildirmişdir ki, əvvəlki konfransdan keçən dövr ərzində tədris müəssisələrinin cari təmiri ilə əlaqədar 31800 manatlıq iş görülmüş, H. Əliyev Fondunun xətti ilə məktəbli ləvazimatı və 820 ədəd çanta, “Dövlətqaçqınkom” tərəfindən 1183 ədəd 26450 manat dəyərində oğlan və qız uşaqları üçün məktəbli forması, Respublika Təhsil Nazirliyi tərəfindən 17570 ədəd, 40174 manat dəyərində dərsliklər alınaraq məktəblərə verilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab M. Quliyev çıxış edərək ölkəmizdə təhsilin inkşafına göstərilən yüksək dövlət qayğısından danışmış, Ölkə Prezidentinin imzaladığı 16 Dövlət Proqramının təhsilin keyfiyyət baxımından dəyişməsinə səbəb olduğunu, bu gün yüksək təhsilli mütəxəssislərin hazırlanmasının artıq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd etmiş, demokratik cəmiyyətimiz üçün hərtərəfli düşüncəyə malik sağlam fikirli, yüksək qabiliyyətli, zəngin istedada malik gənclər yetişdirmək və onların cəmiyyətin aparıcı qüvvəsinə çevirməyin vacib bir iş olduğunu vurğulamışdır. Rayon təhsilinin keçən illərlə müqayisədə yüksəldiyini iştirakçıların diqqətinə çatdırdı, bütün səylərin təhsilin inkşafına yönəltməyi, problemlərin həllinə istiqamətləndirməyi, məktəblərin pedaqoji kollektivlərinə yeni dərs ilində əzmlə işləməyi, daha böyük uğurlar qazanmağı arzuladı, tövsiyyələrini verdi.
Konfransda Təhsil Nazirliyinin əməkdaşı Akif Əliyev iştirak edərək çıxış etmişlər.