Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib

29 noyabr 2019 | 16:00
     Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Avropa və Asiya üzrə vitse-prezidenti, Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık noyabrın 28-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edib.
    Qonaqlar Horadiz-Cocuq Mərcanlı yolunun kənarında yerləşən “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə əklil və tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
     Sonra Cocuq Mərcanlı kəndində Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kənd sakinləri ilə görüş keçirilib. 
    Novruz Aaslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində keçirilən görüşdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kəndi haqqında məlumat verib. Bildirib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin Aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel ayında keçirdiyi əks-hücum əməliyyatı nəticəsində yüksəkliyin azad edilməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
       İşğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda Prezident İlham Əliyevin sərəncamları ilə 150 fərdi yaşayış evinin, məktəb binasının, uşaq bağçasının, tibb məntəqəsi, poçt və klub-icma mərkəzi üçün binaların, Şuşa şəhərində olan məscidin bənzərinin və digər zəruri infrastruktur obyektlərinin tikintisi həyata keçirilib, “Qayıdış” parkı salınıb. Cocuq Mərcanlı sakinləri 24 illik köçkünlük həyatından sonra öz doğma yurdlarına dönüblər. Sakinlərin məşğulluğu və kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılıb.
     Türkiyə-Azərbaycan dostluğundan danışan Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık deyib: "Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir, hər zaman tək ürəkdir. Azərbaycanın acısı Türkiyənin acısı, Azərbaycanın sevinci Türkiyənin sevincidir".
     Qonaqlar Cocuq Mərcanlı kəndində tam orta məktəb və uşaq bağçası ilə tanış olub, məsciddə namaz qılıb, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri ilə görüşüblər.
 
 
 
 
 
 
 
 
Keçidlər