Şriftin ölçüsü :

Saytın rəngi :

İlahiyyat İnstitutunun kollektivi 9 noyabr Bayraq Günü münasibətilə Cocuq Mərcanlı kəndinə səfər edib

12 noyabr 2019 | 16:00
     Rektor Ceyhun Məmmədovun rəhbərliyi ilə Azərbaycan İlahiyyat İnstitutunun kollektivi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.
    Qonaqlar əvvəlcə Horadiz- Cocuq Mərcanlı yolunun kənarında yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət edib, önünə əklil qoydular.
    Sonra Cocuq Mərcanlıya gələn İnstitutun kollektivini Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, kənd icra nümayəndəsi Atakişi Atakişiyev və digərləri qarşılayıb.
   Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanış olan qonaqlar məktəbin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər qoyaraq, dahi rəhbərin xatirəsi ehtiramla anıblar.
      İnstitut tərəfindən məktəbə dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıqlar hədiyyə edilib. 
    Məktəbin direktoru Zamin Həziyev təhsil müəssisəsi, o cümlədən buradakı tədris prosesi haqqında məlumat verib, İlahiyyat İnstitutunun heyətinə göstərdikləri diqqətə görə təşəkkür edib.
    Daha sonra Cocuq Mərcanlı kənd klub icma mərkəzində milli-vətənpərvərlik mövzusunda tədbir keçirilib.
    Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavinləri Tapdıq Nəsirov və Fəridə İbayeva Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulması, bütün infrastruktura malik abad qəsəbəyə çevrilməsindən, dövlət bayrağımızın müqəddəsliyindən danışıb, üçrəngli bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına əminliklərini ifadə ediblər.
     İnstitutun rektoru Ceyhun Məmmədov xalqımızın istiqlal mübarizəsinin və dövlətçiliyimizin rəmzi olan Azərbaycan bayrağına həsr olunan bayram günü ilə bağlı iştirakçıları təbrik edib. Bildirib ki, hər bir ölkənin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olan bayraq onun dövlət atributudur. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mübarizəsinin, təfəkkür və düşüncə tərzinin ən bariz ifadəsidir. 
     Gənclərə xitabən “Bayraq tariximiz, keçmişimiz, bugünümüz, müqəddəs dövlət rəmzimizdir”, səslənən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib.
      Daha sonra C.Məmmədov İnstitut haqqında ümumi məlumat verib. Cocuq Mərcanlıya səfərin əsas məqsədinin tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə vermək olduğunu qeyd edib.
Səfər zamanı İnstitut heyəti, həmçinin Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan məscidlə də tanış olub, axund Elman Piriyev ilə söhbət aparıblar.
     Məscidi ziyarətdən sonra İnstitutun kollektivi kənd ərazisini gəzib, Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinə qayğısı nəticəsində burada aparılan abadlıq, tikinti-quruculuq işlərinin şahidi olub, kənd sakinləri ilə görüşüb, onları yenidən doğma torpağa köçmələri və əmin-amanlıqda yaşamaları münasibətilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər