Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlı kəndində “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib

21 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cəbrayıl Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində 20 oktyabr - Beynəlxalq Kulinariya Günü münasibətilə “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib.

Müdafiə Nazirliyinin rəsmiləri, Cəbrayıl, Füzuli, Beyləqan, Xocavənd rayonlarının nümayəndələri Azərbaycanın dünya şöhrətli kulinarlarından bir qrupu, Azərbaycan Ordusunun bütün qoşun növlərinin birləşmə və hərbi hissələrini təmsil edən baş aşpazlar və digər qonaqlar Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək ehtiramlarını bildiriblər.              

Kəndin mərkəzində salınmış “Qayıdış parkı”nın qarşısında qonaqları Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyi qarşılayıb. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov kulinariya işçilərini, həmçinin Azərbaycan Ordusunun bu sahədə çalışan əməkdaşlarını Beynəlxaq Kulinariya Günü münasibətilə təbrik edib. Cocuq Mərcanlının tarixindən, birinci Qarabağ müharibəsi zamanı tamamilə bu kəndin dağıdılmasından, viran edilməsindən, əhalinin doğma yurd-yuvalarından məcburi köçkün düşməsindən, bu yerlərdə gedən qanlı döyüşlərdə neçə-neçə əsgər və hərbçimizin şəhid olmasından, itkin düşməsindən, 2016-cı ilin Aprel zəfərindən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə kəndin yenidən qurulmasından və Qarabağa qayıdışın ilk köçünün məhz Cocuq Mərcanlıya olmasından danışaraq dövlətimizin başçısına bütün cəbrayıllıların minnətdarlığını bildirib.          

Kütləvi vətənpərvərlik bayramının ssenari müəllifi və quruluşçu rejissoru Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani proqramı elan edib və onun bələdçiliyi ilə Cocuq Mərcanlıda “Xalqla Ordu əl-ələ” kütləvi vətənpərvərlik bayramına start verilib.                                                                                               

  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl rayon filialında istehsal olunan Qarabağ xalçalarından ibarət sərgi tamaşaçıların böyük marağına səbəb olub. Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarının təşkil etdiyi “Azərbaycan mətbəxi” kitab sərgisində dünya şöhrətli kulinarımız, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanovun kitabları sərgilənib. Onun uzun illərdir ki, hətta Azərbaycanın milli mətbəxini də özününküləşdirməyə çalışan ermənilərlə mübarizəsindən və həmişə də qalib çıxmasından söhbət açılıb. Tahir Əmiraslanovun müəllifi olduğu kitablardan qonaqlara ibarət bağlamalar hədiyyə edilib. Azərbaycan kulinarlarının hazırladıqları un və qənnadı məhsullarının nümunələri nümayiş olunub.                                                                      

Müdafiə Nazirliyi Ərzaq xidmətinin eləcə də, bölgənin müdafiəsində dayanan hərbi hissənin təşkil etdiyi sərgidə qələbəlik yaşanıb. Polkovnik-leytenant Vüqar Abdullayev “Əsgər payı” guşəsində ordumuzun şəxsi heyətinin ərzaq təminatından danışaraq müxtəlif çeşidli məhsullar haqqında məlumat verib.Tədbir iştirakçıları ordunun məşhur və peşəkar aşpazlarından olan Ədilxan Məmmədovun hazırladığı 10-dan çox un və qənnadı məhsulu, eləcə də səhra mətbəxində hazırlanan əsgər yeməklərinin və “Şah plov”un dadına baxıblar.                                                                        

Cəbrayıl, Füzuli, Beyləqan və Xocavənd rayonlarının tarixinin, folklorunun, etnoqrafiyasının, adət-ənənələrinin, milli mətbəxinin təqdim olunduğu guşələrdə əsl canlanma olub. Bölgənin müdafiəçiləri ilə ictimaiyyət nümayəndələri bir süfrə arxasında çörək kəsib, çay içib, cəbhəyanı bölgənin bağlarının payız barından tutulmuş meyvə xonçalarına heyran qalıblar.                                                 

Bədii özfəaliyyət kollektivləri öz məharətlərini göstəriblər. Bakıdan gəlmiş “Səma” rəqs ansamblının üzvlərinin ifa etdikləri “Azərbaycan” süitası, “Sarı gəlin” rəqsi, “Türk yallı”sı alqışlarla qarşılanıb.

Parkın anfiteatrında davam edən kütləvi vətənpərvərlik bayramı qala konserti başlamazdan öncə ulu öndər Heydər Əliyevin, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Dövlət himni ifa olunub.                   

“Qarabağ Azərbaycandır” ədəbi musiqili xoreoqrafik kompozisiyası təqdim olunub. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bir daha bayram iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Ölkə rəhbərliyinə, şəxsən dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Azərbaycan dövləti və xalqı naminə yorulmaz fəaliyyətlərinə görə minnətdarlıq edib. Ölkə rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasətin bütün xalq tərəfindən dəstəkləndiyi qeyd olunub.                                                                                             

1993-cü ildə dağıdılıb viran edilməsinə baxmayaraq bir an da olsun Cocuq Mərcanlı kəndinin tərk etməyən və bu xarabalıqlar içərisində yaşayaraq doğma kəndinin bugünkü təntənəsinə bəlkə də hamıdan çox sevinən, Azərbaycan Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Oqtay Həziyev bütün cəbrayıllılar adından dövlətimizin başçısına minnətdarlıq edib. Azərbaycan Ordusunun güc və qüdrətinə heyran qaldığını bildirib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının geniş və rəngarəng konsert proqramı alqışlarla başa çatıb. Sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən Şuşa məscidinin oxşarı olan Cocuq Mərcanlı məscidində Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb. Din xadimləri dualar oxuyub, ehsan mərasimində şəhid ailələri, müharibə qaziləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.                      

Döyüş mövqelərinə bayram sovqatları, meyvə və şirniyyatlarla dolu xonçalar göndərilib. Bütün hərbi hissələrdə respublikanın məşhur aşpazlarının iştirakı ilə hazırlanan milli yeməklərdən ibarət süfrələr açılıb. Kül altından boy ataraq ən müasir yaşayış məntəqəsinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Xalqla Ordu əl-ələ” kütləvi-vətənpərvərlik bayramı xalqla ordunun sağlam mənəvi birliyinin təntənəsinin nümayişinə çevrilib.

 

 

Keçidlər