Cəbrayıl rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal edilməsinin 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir
23 avqust 2012-ci il tarixdə Biləsuvar rayonu ərazisindəki 3 – 4 saylı qəsəbə arasında Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəbrayıllıların xatirəsini əbədiləşdirmək məqsədi ilə yeni tikilmiş Şəhidlər Abidə Kompleksinin qarşısında Cəbrayıl rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal edilməsinin 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tədbirdə şəhid ailələri və onların yaxınları, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, əslən Cəbrayıl rayonundan olan ziyalılar, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ictimai birliyinin sədri B.Səfərov, İdarə heyətinin üzvləri, “Dövlətqaçqınkom”un sədr müavini G.Fərhadov, Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı, Xocavənd rayon İcra hakimiyyətinin başçısı E.Hüseynov iştirak etmişdir.
Cəbrayıl RİH başçısı M.Quliyev mərasimə toplanmış ictimaiyyət nümayəndələri qarşısında çıxış edərək bildirdi ki, rayonumuzun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasından 19 il ötür. Qarabağ müharibəsində rayonumuz 392 nəfər şəhid vermiş, müharibə zamanı rayona 7,5 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Hər il 23 avqust rayonun işğal günü Beyləqan rayonu ərazisində Bahar qəbristanlığında və Cərcis Peyğənbər ziyarətgahında dəfn edilmiş şəhidlərimizin 50-yə yaxın qəbrini ziyarət edə bilirdik ki, buda ümumi şəhidlərimizin az hissəsini təşkil edir. Bu problemi aradan qaldırmaq və rayon şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə bu ilin may ayında 3-4 saylı qəsəbələr arasında Şəhidlər abidə-kompleksin tikintisinə başlanılmış və tikinti işləri avqust ayının 5–nə qədər başa çatdırılmışdır. Natiq çıxışında bu möhtəşəm abidə kompleksinin tikintisində göstərdiyi köməkliyə görə respublika rəhbərliyinə və bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Sonra Dövlət Himni oxunmuşdur. Tədbir iştirakçıları Abidə Kompleksində qara mərmər üzərində əksləri həkk olunmuş Cəbrayıl Şəhidlərini ziyarət edərək onların şəkillərinin önünə gül dəstələri qoymuşlar.
Tədbirdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ictimai birliyinin sədri B.Səfərov, Şəhidin həyat yoldaşı Məlahət Məhərrəmova, rayon ağsaqqalı Əli Hümbətəliyev, Şəhid atası Səməd Cabbarov, “Dövlətqaçqınkom”un sədr müavini G.Fərhadov, Xocavənd rayon İcra hakimiyyətinin başçısı E.Hüseynov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətində apardığı məqsədyönlü siyasəti yüksək qiymətləndirdilər, şəhidlərimizin ruhunun rahatlanması üçün Azərbaycan xalqını Ölkə başçısının ətrafında sıx birləşməklə işğal altında olan ərazilərimizin tezliklə işğaldan azad edilməsinə hər an hazır olmağa səslədilər və torpaq uğrunda canlarını qurban vermiş vətən oğullarının əziz xatirəsini əbədiləşdirən Şəhidlər Abidə Kompleksinin tikintisinə görə rayon rəhbərliyinə minnətdarlıq bildirdilər.