“Könüllülər Yurdu – Azərbaycan” layihəsinə Cocuq Mərcanlıdan start verilib
11 oktyabr 2019 | 16:00
“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə tərəfdaşlığı ilə “Könüllülər Yurdu – Azərbaycan” layihəsinə start verilib.
Layihə çərçivəsində ilk tədbir oktyabr ayının 10-da Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində keçirilib.
Açılış mərasimində çıxış edən “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova təşkilatın fəaliyyət istiqaməti haqqında danışıb. Bildirib ki, "ASAN Könüllüləri” Təşkilatı 6 ildir fəaliyyət göstərir. Ötən dövrdə müxtəlif istiqamətlərdə 600-dən çox layihə, 2 mindən artıq təlim həyata keçirilib. Təşkilatın gördüyü işlər gənclərin şəxsi inkişafına yönəlib. Belə layihələrdən biri də “Könüllülər Yurdu – Azərbaycan” layihəsidir.
Diqqətə çatdırılıb ki, “Könüllülər Yurdu – Azərbaycan” layihəsinin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır.
Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov, Beyləqan Rayon Təhsil Şöbəsinin əməkdaşı Həsən Məmmədov və Füzuli Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qabil Əliyev ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, könüllülüyün cəmiyyətə aşıladığı dəyərlərdən bəhs edib, “Könüllülər Yurdu – Azərbaycan” layihəsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbir “ASAN Könüllüləri” Təşkilatının musiqi qrupunun üzvlərinin iştirakı ilə bədii hissə ilə davam edib. Tədbirin təlim mərhələsində Beyləqan, Cəbrayıl və Füzulidən olan iştirakçılarla könüllüyün mahiyyəti, şəxsi inkişaf, uğurlu insan və sair mövzularda müzakirələr aparılıb. Daha sonra N saylı hərbi hissədə "Hər əsgərə bir məktub" aksiyası keçirilib. Əsgərlərə könüllülər tərəfindən yazılmış məktublar çatdırılıb.