Bu il Cəbrayıl rayonunda 5 ton barama tədarükü gözlənilir
11 iyun 2019 | 16:00
Respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir.
Ölkədə ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına əsasən, respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, ipəkqurdu toxumunun yetişdirilməsinin təşkili istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Eyni zamanda rayonumuzda da kənd təsərrüfatının bu gəlirli sahəsinin inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. İlkin olaraq ipəkqurdunun yem bazasının yaradılması üçün Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə və Cocuq Mərcanlı kəndində ümumilikdə yüz mindən artıq tut tingi əkilmişdir. 2018-ci ildə 25 qutu ipəkqurdu toxumu rayondan olan 33 kümçü arasında paylanılmış, nəticədə 1430 kiloqram yaş barama tədarük olunaraq “Azəripək” MMC- yə təhfil verilmişdir.
Builki mövsümdə rayon üzrə yaş barama istehsalının ötən ildəkindən iki dəfədən çox artırılaraq 5 tona çatdırılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar rayon üzrə 87 kümçü ailəsi ilə müqavilə bağlanılmış, onlara ümumilikdə 125 qutu ipəkqurdu paylanılmışdır.
Şəxsi təsərrüfatlarında ipəkqurdu yetişdirən sakinlər artıq iyun ayının əvvəlindən barama tədarükünə başlayıblar. Yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssislərinin iştirakı ilə birbaşa olaraq qəsəbələrdə həyata keçirilir və tədarük edilən baramanın müəssisə tərəfindən ayrılmış nəqliyyat vasitəsilə daşınması həyata keçirilir.
Bu günədək rayondan olan kümçülər tərəfindən ümumilikdə 4 tondan çox barama tədarük edilərək “Azəripək” MMC-yə təhvil verilmiş, hazırda isə rayonda barama yığımı davam etdirilir.