2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir
May ayının 23-də Cəbrayıl rayonunda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda Cəbrayıl rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Ağa–Əli Əhmədov iştirak edirdi.
Rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov tədbirdə 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edərək cari nilin birinci rübündə rayonda görülmüş işlər barədə ətraflı məlumat verdi.
İcra başçısı qeyd etdi ki, cari ilin birinci rübündə rayon üzrə 17900 ailə təsərrüfatında birləşmiş olan 81.0 min nəfər əhalimiz respublikanın 54 şəhər və rayonunda məskunlaşmışdır. Rayon əhalisinin problemlərinin öyrənilməsi və həlinə köməklik göstərilməsi üçün müvəqqəti kompakt məskunlaşma yerlərində ümumilikdə 12 səyyar görüş-qəbul keçirilmiş, bu qəbullarda ümumilikdə 500 nəfər rayon sakini iştirak edərək onları narahat edən məsələlərlə bağlı 64 təkliflər irəli sürmüşdür.
Qəsəbələrdə əmək qabiliyyətli qadınların işə cəlb olunması üçün çoxsaylı müraciətlərimiz nəticəsində Azərxalça ASC-nin Cəbrayıl filialı tikilərək bu ilin əvvəlindən fəaliyyətə başlayıb və hazırda bu müəssisədə 70-ə yaxın xalçaçı qadın çalışır.
Kənd Təsərrüfatının gəlirli sahələrindən biri olan baramaçılığın yem bazasının yaradılması məqsədlə rayona ilkin olaraq 2016-cı ilin sonunda 14 min, 2017-ci ildə 6 min, 2018-ci ildə 27.5 min cəmi 47.5 min ədəd Çin Xalq Respublikasından gətirilmiş tut tingi, 2017-ci ildə 13 min, 2018-ci ildə 51 min olmaqla cəmi 64 min isə yerli tut tingi verilmiş və ümumilikdə 111.5 min ədəd ting əkilmişdir.
İlkin olaraq rayona 2017-ci ildə 2 qutu, 2018-ci ildə 26 qutu, bu ilki mövsümdə isə 125 qutu ipəkqurdu verilmişdir. Qəsəbələrdə mövcud olan yem bazası tələbatdan çox az olsa da keçən il baramaçılarımız əsasən kənar rayonlardan gətirdikləri tut yarpağı hesabına yekunda bir ton tapşırığa qarşı 1 ton 415 kq yaş barama yetişdirərək “Azəripək” MMC-yə təhvil vermişdir.
Pambıq əkini ilə məşğul olan sakinlər ilkin olaraq 2016-cı ildə 34, 2017-ci ildə 72, 2018-ci ildə 90.3 hektar, bu ildə isə 102.23 hektar sahədə pambıq əkmişlər.
Pambıq sahələrinin hər hektarından birinci ili 17.3 sentner, 2017-də 24.7 sentner, 2018-də isə 34.5 sentner məhsul götürülmüş, bu ildə də yüksək məhsul əldə edilməsi üçün aqrotexnikaya uyğun işlər görülməkdədir. Hazırda səpin aparılmış sahələrin hamısında bitiş alınmışdır.
Ötən ilin payızında bu ilin məhsulu üçün 2360 hektar buğda, 470 hektar arpa olmaqla cəmi 2830 hektar taxıl əkilmiş, aqrotexnikaya uyğun bütün becərmə və suvarma işləri aparılmışdır.
Bu ilin yazında isə 8 hektarda şəkər çuğunduru, 31 hektarda kartof, 17.5 hektarda soğan, 20 hektarda yonca, 19 hektarda tərəvəz əkini aparılmış və hazırda yazlıq əkinlər davam etdirilir.
Rayon üzrə şəxsi təsərrüfatlarda 10736 baş iri buynuzlu, 113136 baş xırda buynuzlu heyvan saxlanılır. Rüb ərzində 1868 ton süd, 492 ton ət, 1 milyon 215 min ədəd yumurta istehsal olunmuşdur.
Ölkə Prezidenti cənab İlhаm Əliyеvin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası məqəsdi ilə əhalimizin kompakt məskunlaşdığı bu qəsəbələrdə və işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində özünüməşğulluq tədbirinə başlanmışdır.
Keçən il rayon üzrə 148 nəfər özünüməşğulluq layihəsi çərçivəsində təlimə cəlb olunaraq biznes ideyasını müdafiə etmiş, onlardan hazıra kimi 106 nəfər sakinimiz aktivlərlə təmin olunmuşdur. layihəyə cəlb edilənlərin hamısı heyvandarlıq sahəsini seçmiş, onlardan 36 ailəyə 72 baş damazlıq inək, 11 ailəyə 44 baş kökəltmə istiqamətli dana, 59 ailəyə isə 1239 baş damazlıq ana qoyun verilmişdir.
Keçən dövr ərzində Cocuq Mərcanlı kəndində abadlıq quruculuq işləri, eləcə də əhalinin məşğulluğu istiqamətində xeyli işlər görülmüş, yaradılmış sosial-iqtisadi infrastruktur nəticəsində kənddə həyat işğaldan əvvəlki axarına düşmüşdür.
Cocuq Mərcanlı kəndində məskunlaşan ailələrin hər bir üzvünə 0.25 ha olmaqla əkin sahəsi paylanmış, kənd sakinlərinin istifadəsinə verilmiş pay torpaqlarında 45 hektar taxıl, 30 hektar arpa, 5 hektar yonca, 6 hektar pambıq və 8 hektar şəkər çugunduru əkilmiş, gələcəkdə İpəkçiliyin inkişaf etdirilməsi məqəsədi ilə kənddə 3000 ədədə yaxın Çin Xalq Respublikasından gətirilmiş tut tingləri paylanaraq 1.5 hektar ərazidə tut bağları salınmışdır.
Bundan əlavə kənd sakinlərindən 15 ailə istixana, 15 ailə arıçılıq təsərrüfatı, 25 ailə isə özünüməşğulluq tədbiri çərçivəsində mal-qara almışdır. Hazırda kənddə suvenir istehsalı müəssisəsinin tikintisi aparılır və yaşayış evlərinin həyətlərinə suvarma suyu çəkilir.
Keçən müddət ərzində rayon üzrə cəmi 3 milyon 784 min manatlıq (9.1 faiz çox) ümumdaxili məhsul istehsal edilmiş, ondan 2 milyon 987.8 min manatlıq kənd təsərrüfatı, 378.2 min manatlıq sənaye, 374.5 min manatlıq tikinti, 12.3 min manatlıq nəqliyyat, 31.2 min manatlıq isə rabitə sahəsində olmuşdur.
Məruzə ətrafında rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Şahin Şirinov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov çıxış edərək 2019-cı ilin üç ayında rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat verdilər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov yığıncaqda çıxış etmişdir.