Bakı Slavyan Universitetinin kollektivi Cocuq Mərcanlıya səfər edib
06 may 2019 | 16:00
Bakı Slavyan Universitetinin müəllim və tələbələri Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.
Qonaqlar əvvəlcə Horadiz-Cocuq Mərcanlı yolunun kənarında yerləşən “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Cocuq Mərcanlıya gələn nümayəndə heyətinin üzvlərini Novruz Aslanov adına kənd tam orta məktəbində qarşılayan Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov kəndə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi, respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinlərin artıq öz ata-baba yurdlarına qayıdaraq burada təhlükəsiz şəraitdə yaşadıqlarını bildirdi. Kəndə qayıtmış əhalinin sosial-iqtisadi vəziyyəti, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən tədbirlər barədə söz açan İcra başçısı burada iş yerlərinin yaradılması məqsədilə yerli və xarici təşkilatlar tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini qeyd etdi.
Məktəbin kollektivi ilə görüşdə çıxış edən universitetin rektoru, professor Nurlana Əliyeva qeyd etdi ki, “Biz Cocuq Mərcanlıya xalqımızın iftixarı, qüruru, şərəfi, arzularımızın zirvəsi, şəhidlərimizin ruhunun məskəni kimi baxırıq. Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının arzularının çiçək açdığı bir məkandır. Cocuq Mərcanlıda yaşayanlar bizim vətənpərvər qardaş-bacılarımızdır. Bu məktəbdə dərs alan uşaqların hər biri bizim əzizimizdir. Onlar sabahın ən vətənpərvər övladları olacaqlar. Cocuq Mərcanlıda yaşamaq özü böyük qürurverən ali bir məqamdır. Bütün Azərbaycan xalqı Cocuq Mərcanlı ilə fəxr edir, iftixar hissi duyur”.
Nurlana Əliyeva işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə, üçrəngli bayrağımızın yenidən Şuşada dalğalanacağına əminliyini ifadə edib: “2016-cı ilin Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bizim gənclərimiz vətənpərvər gənclərdir. Lakin biz işğal altında olan torpaqlarımızı sivil yolla azad etmək istəyirik və buna nail olacağıq”.
Rektor BSU-nun Cocuq Mərcanlı kənd tam orta məktəbində pedaqoji təcrübə keçən tələbələri ilə də görüşüb. Bildirilib ki, artıq tələbələrin Cocuq Mərcanlı məktəbində təcrübələri başa çatır. Pedaqoji təcrübə həm tələbələr, həm də məktəbin şagirdləri üçün çox maraqlı olub.
Qonaqlar məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirib, sonra sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə həmsöhbət olublar. Məktəbə kitablar hədiyyə edilib, kənd uşaqlarına sovqat verilib. Professor Nurlana Əliyeva məktəbin xatirə kitabına ürək sözlərini yazıb.
Universitetin kollektivi məktəbin həyətində ağac əkib, kənddəki Qayıdış parkını gəziblər.
Klub-icma mərkəzində universitetin tələbələrinin ifasında kənd sakinləri üçün musiqili kompozisiya təqdim olunub. Tələbələr vətənpərvərlik şeirləri söyləyib, rəqs edib, mahnı oxuyublar.