Azərbaycan Qızıl Aypara Cəmiyyəti Cocuq Mərcanlıda humanitar aksiya keçirdi
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və İran Qızıl Aypara Klinikasının iştirakı ilə Cocuq Mərcanlıda humanitar aksiya keçirildi.
Aksiyada AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Milli Məclisin deputatları Sabir Hacıyev və Rauf Əliyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısının müavini Tapdıq Nəsirov və digər məsul şəxlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Novruz Aslanov Cocuq Mərcanlıda aparılan abadlıq quruculuq işlərindən danışdı. Azərbaycan Respublikası Prezidentinin sakinlərə diqqət və qayğısından söhbət açdı. Natiq, həmçinin, AzQAC-ının əməkdaşlarının və mobil könüllü dəstələrinin Cocuq Mərcanlıda keçirdikləri humanitar aksiyanın sakinlər üçün əhəmiyyətindən geniş bəhs etdi. Daha sonra məktəb şagirdləri vətənpərvərlik mövzusunda şerlərlə çıxış etdilər.
Nümayəndə heyyətinin üzvləri Cocuq Mərcanlı kənd məktəbini, uşaq bağçasını, məscidi və sakinlərin istirahəti üçün nəzərdə tutulan istirahət parkını gəzdilər, sakinlərin müayinə olunması üçün qurulan çadırlarla tanış oldular.
Aksiya çərçivəsində AzQAC tərəfindən sakinlər üçün ilk yardım və fövqəladə hallar zamanı çadırların qurulması üzrə təlimlər keçirildi və sonda onlara çadırlar( 120 nəfərlik 90kv.m. 70 nəfərlik 63kv.m.) hədiyyə olundu. İlk yardım təlimləri zamanı sakinlərə zərərçəkmiş inslara yardımetmə vərdişləri aşılandı.
Aksiya çərçivəsində Cocuq Mərcanlı kəndinin 130 sakini İran Qızıl Aypara Klinikasının həkim briqadası tərəfindən pulsuz müayinə edildi.