YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlıda növbəti humanitar-sosial aksiya keçirib
29 aprel 2019 | 16:00
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində növbəti humanitar-sosial aksiya keçirib.
Cocuq Mərcanlıya təşkil edilən səfərdə YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvləri, partiya fəalları, tələbələr və gənc könüllülər iştirak ediblər. Səfərin iştirakçıları əvvəlcə “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla anıblar.
Cocuq Mərcanlı kəndinə gələn YAP fəalları və gənclər burada şam ağacları əkiblər. Sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirildi. Qonaqlara işğal olunmuş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq aparılan tikinti-quruculuq işləri, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verildi.
YAP Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov Cocuq Mərcanlıya qayıdışın Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti sayəsində mümkün olduğunu diqqətə çatdırdı. O, hazırda işğal altında olan bütün ərazilərimizin azad olunacağına, cocuq mərcanlılılar kimi digər məcburi köçkünlərin də öz doğma torpaqlarına qayıdacaqlarına əminliyini bildirdi.
Qonaqlar məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə həmsöhbət olublar. Kənd uşaqlarına 100 dəst geyim, məktəb ləvazimatı, oyuncaqlar, bədii kitablar və dərsliklər hədiyyə edilib.
YAP gəncləri Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gəlib, burada şəhidlərin ruhuna dua oxuyublar. Sonra kənddəki Qayıdış parkını gəzib, istixanalarla tanış olublar. Gənclər Cocuq Mərcanlıdan xoş təəssüratlarla ayrılıblar.