“Novruz” bayramı ilə əlaqədar bayram tədbiri keçirilmişdir
15 mart 2012-ci il tarixdə Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə klubunun qarşısında “Novruz” bayramı ilə əlaqədar bayram tədbiri keçirilmişdir. Təbdirdə bayram xonçaları hazırlanmış, Novruz tonqalı qalanmışdır. Bayram tədbirini giriş sözü ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahmud Quliyev açaraq, tarixi çox qədim olan Novruzun bir bayramının baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunduğunu və sevincli bir hala – qışın bitməsinə və baharın gəlişinə həsr olunduğunu qeyd etdi. Novruz bayramı münasibəti ilə hörmətli Prezidentimiz cənab İlham Əliyev başda olmaqla xalqımızı, həmçinin bütün Cəbrayıl camaatını səmimi qəlbdən təbrik etdi və belə bir gözəl bayramın gələcək illərdə işğal altında olan öz doğma Cəbrayılımızda qeyd olunmasını arzuladı.
Bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçdi. Kosa, keçəl və bahar qızının şən və məzəli çıxışları, müğənnilərin həzin və şən mahnıları tədbir iştirakçılarında xoş əhval – ruhiyyə yaratdı.
Tədbirdə rayonumuzun tanınmış müğənniləri Şamil Əhmədov, İldırım Məmmədov, Vüsal Zamanov, Zəminə Hüseynova, Gülnarə Hümbətova, Xankişi Xankişiyev, həmçinin rayon Mədəniyyət və Turizm şöbəsinin müğənniləri Fatma Əhmədova, Sədaqət Ağayev, Namiq Vəliyev, Səmərqənd Əhmədov, Allahverdi Məmmədov gözəl ifaları və rayonun Böyük Mərcanlı incəsənət məktəbinin qızlardan ibarət rəqs qrupu bir – birindən gözəl rəqsləri ilə tamaşaçılara xoş ovqat bəxş etdilər. Bayram əhval-ruhiyyəsi yaşayan rayon sakinlərinin ən böyük arzusu növbəti belə bayram konsertlərinin işğal edilmiş torpaqlarımızda - Cəbrayılda keçirmək oldu.