Təhsil nazirliyinin nümayəndələri Cocuq Mərcanlıya səfər edib
05 aprel 2019 | 16:00
Aprelin 4-də Təhsil nazirliyinin nümayəndə heyyəti Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edib.
Səfərdə əsas məqsəd Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan Aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.
Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə nümayəndə heyyətinin üzvləri əvvəlcə Horadiz-Cocuq Mərcanlı yolunun kənarında ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoydular, şəhidlərin xatirəsi ehtiramla yad etdilər.
Sonra Cocuq Mərcanlıya gedən yolun kənarında vətənpərvərlik ruhunda musiqi sədaları altında ağacəkmə aksiyası keçirildi.
Cocuq Mərcanlıya gələn tədbir iştirakçıları Novruz Aslanov adına kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüblər. Qonaqlar məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib müəllim və şagirdlərlə həmsöhbət oldular, tədbirdə məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Məktəbə Təhsil Nazirliyi tərəfindən idman ləvazimatları hədiyyə olunub.