Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Səbail rayon təşkilatının üzvləri Cocuq Mərcanlıya səfər edib

04 aprel 2019 | 16:00
    Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının üzvləri Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.
      Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlıya səfərdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevin rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları və gənclərdən ibarət 100 nəfər iştirak edib.
    Səfər iştirakçıları əvvəlcə Horadiz-Cocuq Mərcanlı yolunun kənarında  “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan vətən övladlarının xatirəsini ehtiramla yad edib, Cocuq Mərcanlıya gedən  yolun kənarına ağaclar əkiblər.
       Cocuq Mərcanlıya gələn qonaqlar  Novruz Aslanov adına kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə görüş keçirilib. Görüşdə çıxış edən Şəmsəddin Hacıyev bildirib ki, qurumun üzvləri artıq ikinci ildir Cocuq Mərcanlıya səfər edir: “Biz bu səfərlərlə bildirmək istəyirik ki, siz tək deyilsiniz. Bütün Azərbaycan, o cümlədən Səbail rayonunun ziyalıları, YAP üzvləri sizinlədir”.
      Dövlət başçısının diqqət və qayğısı sayəsində Cocuq Mərcanlının gündən-günə dəyişdiyini bildirən YAP Səbail rayon təşkilatının sədri deyib: “Buraya hər gələndə bir yeniliyin şahidi oluruq. Artıq burada təkcə evlər deyil, eləcə də istehsal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bu, ölkədə aparılan düşünülmüş siyasətin nəticəsidir. İşğaldan azad ediləcək bütün torpaqlarımızda belə gözəl kəndlər, şəhərlər salınacaq”.
     Səfərin üç il əvvəl Azərbaycan Ordusunun yazdığı şanlı günlərə təsadüf etdiyini qeyd edən Şəmsəddin Hacıyev Aprel döyüşlərindən də söz açıb: “Azərbaycan Ordusu 2016-cı ilin aprelində düşmənin cəbhədəki təxribatlarının qarşısını alıb və əks hücuma keçərək, mühüm strateji yüksəklikləri işğaldan azad edib. Aprel zəfəri Şuşaya, Xankəndinə qayıdışın, böyük qələbənin başlanğıcıdır. Bu döyüşlərə qədər ermənilər özləri barədə belə bir mif yaratmışdılar ki, onların ordusu güclüdür, məğlubedilməzdir. Ancaq Azərbaycan Ordusu öz qələbəsi ilə ermənilərin yaratdıqları bu mifi darmadağın etdi”.
     Milli Məclisin deputatı bildirib ki, Azərbaycan bu gün qüdrətli bir ölkəyə çevrilib. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. “Bu, bizə imkan yaradır ki, hərbi gücümüzü daha da artıraq, ordumuzu ən müasir silahlarla təchiz edək. Azərbaycan Ordusu bu gün bütün göstəricilərə görə Ermənistan ordusundan dəfələrlə üstündür. Silahlı Qüvvələrimiz çox qısa bir müddətdə bütün işğal olunmuş ərazilərimizi azad etməyə qadirdir. Ancaq biz sülh istəyirik. İstəyirik problem sülh yolu ilə, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr çərçivəsində həll olunsun”, - deyə Şəmsəddin Hacıyev bildirib.
      Qonaqlar məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib müəllim və şagirdlərlə həmsöhbət olublar. Məktəbə kitablar hədiyyə edilib.
     Qonaqlar Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məsciddə də olub, burada şəhidlərin ruhuna dua oxuyublar. Sonra N saylı hərbi hissəyə gələrək əsgər və zabitlərlə birgə nahar ediblər.
 
 
 
 
 
 
 
 
 
Keçidlər