Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vətənpərvərlik həftəsi çərçivəsində tədbir keçirilib

02 aprel 2019 | 16:00

  Azərbaycan Respublikasının  Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib.
     Vətənpərvərlik həftəsi çərçivəsində Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi önündə anım mitinqi keçirilib. N saylı hərbi hissənin şəxsi heyətinin, Lələtəpə şəhidlərinin ailə üzvlərinin, müharibə veteranlarının iştirak etdikləri tədbirdə Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani “Aprel döyüşləri bizim şanlı tariximizdir” mövzusunda çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs edib. Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində şanlı səhifə təşkil etdiyini deyən A.Qurbani bildirib ki, ordumuzun bölmələri Ermənistan silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərdəki təxribatlarının qarşısını alaraq, əks-hücuma keçib və bir gecədə düşməni ram edərək, onların qürurla adlandırdıqları “Ohanyan” xəttini yarıb, beləliklə də ermənilərin uydurduqları mif darmadağın edilib.
     Anım mərasimində Füzuli, Cəbrayıl və Xocavənd Rayon icra hakimiyyətlərinin başçıları Alı Alıyev, Kamal Həsənov və Eyvaz Hüseynov, birlik komandiri, general-mayor Mais Bərxudarov çıxış edərək, 2016-cı ilin aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini ifadə ediblər.
    Şəhid ailələrinin nümayəndələri çıxışlarında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə daim diqqət və qayğı göstərdiklərini qeyd edərək minnətdarlıqlarını bildiriblər.
Mərasim iştirakçıları “Aprel şəhidlərinə xatirə” abidəsinin önünə əklil və tər çiçəklər qoyaraq, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
    Sonra Cocuq Mərcanlıya gedən yolun kənarlarına Aprel şəhidlərinin hər birinin xatirəsinə bir çinar ağacı əkilib. Aprel zəfərinin dördüncü ilində çinar ağaclarının yaxınlığında hər bir şəhidin portreti qoyulacaq.
   Həmin gün Füzuli rayonunun Alıxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Allahverdiyevanın xatirəsinə hərbi birlik komandanlığının təşəbbüsü ilə yaradılan uşaqlar üçün parkın və abidənin açılışı olub.

 

 

 

 

 

 

 

Keçidlər