Şriftin ölçüsü :

Saytın rəngi :

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri Cocuq Mərcanlıya səfər edib

03 aprel 2019 | 16:00
      “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin sədri Tural  Gəncəliyev, İctimai Birliyinin İdarə Heyətinin üzvləri Fərhad Bədəlbəyli, Bayram Səfərov və birliyin digər üzvləri Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş və yenidən qurulan Cocuq Mərcanlı kəndinə səfər edib.
    Qonaqlar Horadiz – Cocuq Mərcanlı yolunun kənarında yerləşən “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə əklil və tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad edib,  Cocuq Mərcanlı kəndinin girişində, yol kənarına çinar ağacları əkiblər.
      Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib. Müəllim və şagirdlər qarşısında çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, bu səfər üç il əvvəl Azərbaycan Ordusunun yazdığı şanlı günlərə təsadüf edir. “Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilməsi, Silahlı Qüvvələrə göstərilən yüksək diqqət və qayğı nəticəsində dünyanın ən güclü orduları sırasında dayanan Azərbaycan Ordusu 2016-cı ildə öz gücünü düşmənə göstərdi. Əgər Azərbaycanın ərazi bütövlüyü sülh yolu ilə bərpa olunmasa, işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad edəcəyik”, - deyə İdarə Heyətinin sədri qeyd edib. 
        Qonaqlar məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə söhbət ediblər. Məktəbin direktoru Zamin Həziyev onlarla görüşə gəldiklərinə, mənəvi dəstək olduqlarına görə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinə minnətdarlığını bildirib.
Qəsəbədəki uşaq bağçasına gələn İdarə Heyətinin üzvləri uşaqlara hədiyyələr veriblər.
        Sonra ön xəttə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər.
      Cocuq Mərcanlı kənd klub-icma mərkəzində sakinlər və N saylı hərbi hissənin əsgər və zabitləri üçün konsert proqramı təşkil olunub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrnin baş direjoru Yusif Axundzadənin rəhbərliyi ilə estrada heyətinin və Azərbaycan Respublikasının əməkdar artisti İlkin Əhmədovun təqdim etdiyi musiqilər iştirakçılarda xoş ovqat yaradıb. Qonaqlar Cocuq Mərcanlı sakinləri və əsgərlərlə birgə rəqs ediblər.
        İdarə Heyətinin üzvləri Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gəlib, burada şəhidlərin ruhuna dua oxuyublar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Keçidlər