Cocuq Mərcanlıda mobil emalatxana və mobil satış məntəqəsi açılıb
15 mart 2019 | 16:00
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün mobil emalatxana, kənd məhsullarının satışı üçün mobil satış məntəqəsi istifadəyə verilib.
Bununla əlaqədar, mart ayının 13-də Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, sahibkarların və Cocuq Mərcanlı sakinlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin Azərbaycan-Türkiyə dostluğunun daha bir nümunəsi olduğunu qeyd edib. Azərbaycanda regionların inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayan Sahib Məmmədov birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Nazir müavini arıçılıq təsərrüfatlarında istehsal olunan məhsulun bu gün istifadəyə verilən bal emalı üzrə mobil emalatxanada emal olunaraq qablaşdırılacağını və “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılacağını, məhsulların mobil satış məntəqəsində də satışının həyata keçiriləcəyini vurğulayıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin gördüyü işlərdən danışıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sifarişi ilə hazırlanmış və bu gün istifadəyə verilən bal emalı üzrə mobil emalatxananın Cocuq Mərcanlıdakı və yaxın kəndlərdəki arıçılıq təsərrüfatlarına xidmət göstərəcəyini və Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarların bundan sonra da dəstək xidmətləri ilə tam əhatə olunacağını bildirib.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Büyükfırat Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında əhəmiyyətini vurğulayıblar.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Cocuq Mərcanlıda həyata keçirilən layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə mühüm töhfə olduğunu qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin nümayəndələri Cocuq Mərcanlıda həyata keçirilən layihələrə daim dəstək olacaqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi ilə və inşası davam edən suvenir istehsalı müəssisəsi ilə tanış olublar.