Cocuq Mərcanlı sakinlərinin çərşənbə sevinci
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri Novruz çərşənbələrinin üçüncüsünü - Yel çərşənbəsini böyük sevinclə qeyd ediblər.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qayıdış” parkında keçirilən bayram tədbirində kənd sakinləri ilə yanaşı, qonaqlar və N saylı hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Tədbir iştirakçıları Biləsuvar, Kürdəmir və Sabirabad regional mədəniyyət idarələrinin təşkil etdiyi dekorativ-tətbiqi sənət sərgisi, el sənətkarlarının əl işləri, rəsm əsərləri, milli mətbəx nümunələri ilə tanış olublar. Sərgidə bayram xonçaları, müxtəlif növ şirniyyatlar, səmənilər və xalçalar nümayiş olunub.
Bayram tonqalı qalanıb, nağara ifaçılarının və rəqs qrupunun çıxışları, Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
Şənlikdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Cocuq Mərcanlılıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. Bildirib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tədbirinin keçirilməsi böyük rəmzi məna daşıyır. Bu, bir daha göstərir ki, biz bütün işğal olunmuş torpaqlarımızı azad edəcəyik.
Bayram tədbiri incəsənət ustalarının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin, Cocuq Mərcanlı kənd tam orta məktəbinin “Vətənpərvərlər” qrupunun ifasında rəngarəng konsert proqramı ilə davam edib.
Beləcə Cocuq Mərcanlı sakinləri qarşıdan gələn Novruz bayramını doğma yurdlarında böyük sevinclə, ruh yüksəkliyi ilə qeyd edirlər. Onların ümumi arzusu ondan ibarətdir ki, Qarabağımızın digər torpaqları da işğaldan azad edilsin, bütün məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsınlar, belə bayram tonqalları orada da qalansın.