Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər
21 fevral 2019 | 16:00
Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsi təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimovun rəhbərliyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbində pedaqoji təcrübədədir.
Universitetin kollektivinin Cocuq Mərcanlı kənd məktəbinə gəlişi böyük sevinclə qarşılanıb. İlk dərslərdən sonra şagirdlər təcrübəçilərə isti münasibət və böyük maraq göstəriblər. Təcrübə rəhbəri Anar Rəhimov layihənin ideyasının ADU-nun rektoru, akademik Kamal Abdullaya aid olduğunu deyib və əlavə edib ki, düşməndən azad olunmuş bölgədə belə bir missiyanı həyata keçirmək şərəfli işdir.
Məktəbin direktoru Zamin Həziyev pedaqoji təcrübənin işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim və tarixi hadisə adlandırıb. Buna görə ADU-nun rəhbərliyinə təşəkkür edən direktor ümidvar olduğunu bildirib ki, xüsusi həssas bölgədə pedaqoji təcrübə keçən tələbələrin yaddaşında bu günlər hər zaman xoş xatirə kimi qalacaq.
Tanışlıqdan sonra pedaqoji təcrübə rəhbərinin təşkilatçılığı ilə məktəbin ingilis dili müəllimi və direktoru Zamin Həziyevlə birlikdə dərs təşkil edilib.
Məktəbin 9-cu sinif şagirdləri üçün keçirilən dərsin mövzusu “Pollution and it effects” olub. Nümunəvi dərsdə məktəb kollektivi ilə yanaşı, ADU-nun pedaqoji təcrübə keçən tələbələri iştirak ediblər. Dərsdə müxtəlif texnoloji və yardımçı vasitələrdən istifadə edilib və bütün bunlar şagirdlərin böyük marağına səbəb olub.
Tələbələr bir ay müddətində Cocuq Mərcanlı kənd tam orta məktəbində təcrübə keçəcəklər.