Alman faşizmi üzərində qələbənin 67 illiyi
09 may 2012-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında alman faşizmi üzərində qələbənin 67 illiyi ilə əlaqədar Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev rayonumuzdan olan Böyük Vətən Müharibəsi iştirakçıları ilə çay süfrəsi ətrafında dəyirmi masa təşkil edilmişdir.
Dəyirmi masanı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev Böyük Vətən Müharibəsi iştirakçılarını bayram günü münasibəti ilə təbrik etdi və onlara sağlamlıq arzulayaraq bildirdi ki, alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının, o cümlədən Cəbrayıllıların da çox böyük xidməti olmuşdur.
Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə yenidən hakimiyyətə qayıtmasından sonra Böyük Vətən Müharibəsi iştirakçılarına göstərilən böyük diqqətdən, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin göstərmiş olduğu dövlət qayğısından söhbət açmışdır. Böyük Vətən Müharibəsi iştirakçılarından İslam Xəlilov, Oruc İmanov, Əli Mehrəliyev çıxış edərək onlara göstərdiyi diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə öz səmimi minnətdarlıqlarını bildirdilər. Sonda Müharibə iştirakçıları bu gün bayram ərəfəsində onlara bir yerə cəm edərək mənəvi dəstək göstərdiyinə görə Rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.