31 mart Soyqırımı - Xalqımıza qarşı törədilmiş qanlı faciə
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları kimi kütləvi qırğınlar həyata keçiriblər. Xalqımızın başına gətirilən belə dəhşətli faciələrdən biri də 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş qırğınlardır. Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə törədilmiş bu qırğınlarda Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Qırğının davam etdiyi dövrdə erməni silahlıları bolşeviklərin köməyi ilə 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovulub. Əhalini kütləvi surətdə qətlə yetirən erməni cəlladları uşaq, qoca, qadın demədən azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları da qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı və uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan əsl həqiqətlər açıldı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ulu öndər Heydər Əliyev Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb. Bakıda təkcə bir həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilib. Tarix 74 il sonra yenidən təkrarlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.






