Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir

16 fevral 2019 | 16:00

     Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə 4 saylı qəsəbə ərazisindəki Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
     Sonra tədbir rayon İcra hakimiyyətinin akt zalında  davam etdirilmişdir. İclasda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov  hesabat məruzəsi ilə çıxış etmişdir.

     2018-ci ilin yekunu və 2019-cu ildə qarşıda duran vəzifələr barədə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənovun

                                                                                        Hesabatı


         Ötən ildə dünya miqyasında həm siyasi, həm də iqtisadi baxımdan böhran müşahidə olunsa da ölkəmiz öz inkişaf tempini qoruyub saxlamışdır. Sağlam təməl üzərində qurulmuş inkişaf strategiyasına uyğun olaraq bütün sahələrdə mühüm nailiyyətlər əldə edilmiş, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir.
         İqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitlik təmin edilmiş, qeyri neft istehsalı və ixracının həcmi artmış, regionların inkişafı, əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində əsaslı islahatlar həyata keçirilməyə başlanmışdır.
Müsəlman Şərqində ilk demokratik respublikanın qurulmasının 100 illiyi münasibətilə “Cümhuriyyət ili” kimi qeyd etdiyimiz 2018-ci il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı hadisələrin əhəmiyyəti və zənginliyi baxımından uğurlu bir il kimi səciyyələndirilir.
Ötən ilin ən əlamətdar hadisəsi - aprel ayında keçirilmiş Prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamlı və parlaq qələbəsi oldu. Azərbaycan xalqı İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdəki dönməz sabitliyə, təhlükəsizliyə, davamlı inkişafa və firavan gələcəyə aparan siyasətə növbəti dəfə tam dəstəyini ifadə etdi.
              Ölkə Prezidentinin 2018-ci ildə sosialyönümlü dövlət quruculuğunun təmin olunması məqsədi ilə apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı xeyli yaxşılaşmış, işsizliyin və yoxsulluğun azaldılması sahəsində mühüm addımlar atılmışdır. Cənab Prezidentin apardığı bu siyasət bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır, əhalinin sosial baxımdan aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Məhz sosial sahədə büdcə vəsaitinin ildən-ilə artırılması dövlətin bu sahəyə qayğısının bir daha təsdiqidir.
Regionların sosial-iqtisadi inkişafına hədəflənmiş regional Dövlət proqramının uğurla yerinə yetirilməsi, iqtisadiyyatın bütün sahələrində əsaslı islahatların aparılması ölkəmizin iqtisadi potensialının dinamik inkişafını təmin etmişdir.
Keçən il ümumi daxili məhsul 1.4 faiz, qeyri neft sektoru 1.8 faiz, sənaye istehsalı 1.5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 9.1 faiz, kənd təsərrüfatı 4.8 faiz artımış, 2.3 faiz inflyasiya qarşılığında əhalinin pul gəlirləri 9.2 faiz çoxalmışdır.
Ölkəmizdə davam edən siyasi və iqtisadi sabitlik sayəsində iqtisadiyyata keçən il 17.2 milyard manat, o cümlədən qeyri-neft sektoruna 11 milyard manat sərmayə qoyulmuş, il ərzində Azərbaycan üçün önəmli olan bir çox layihələrin icrasına yönələn xərclərin artmasına baxmayaraq valyuta ehtiyatlarımız il daxilində 3 milyard dollar artaraq 46 milyard dollara çatmış, xarici borcların səviyyəsi 22.8 faizdən 19 faizə enmiş, ehtiyatlarımız xarici borcu 4-5 dəfə üstələyir. Regionların inkişafı sayəsində il ərzində 118 min daimi iş yeri açılmış, ixrac 38 faiz artaraq idxaldan 8.6 milyard dollar çox olmuşdur.
Beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri maraqla izləyir və yüksək qiymətləndirirlər. Dünya Bankının “Doinq Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmışdır.
Ölkəmizin turizm potensialından istifadə istiqamətində həyata keçirilən kompleks tədbirlər hesabına xarici vətəndaşların ölkəmizə marağı artmış, əvvəlki ilə nisbətən bu il Azərbaycana gələn turistlərin sayı 6 faiz yüksəlmişdir.
Cənab Prezident xarici siyasətlə bağlı çevik və çoxşaxəli addımlar atmış, 2018-ci ildə 16 xarici ölkədə səfərdə olmuş, eyni zamanda Azərbaycana işgüzar səfərə gələn 16 dövlət və hökumət başçısı ilə ölkəmiz üçün vacib olan müzakirələr aparmışdır. Bu kimi əhəmiyyətli səfərlər və aparılan uğurlu müzakirələr dünya arenasında ölkəmizin mövqeyini daha da möhkəmlədərək etibarlı tərəfdaş, sözübütöv partnyor olduğunu təsdiqləmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə müsəlman ölkələri ilə, eləcə də qonşu ölkələrlə aparılan normal münasibətlər regionda sabitliyə, təhlükəsizliyə və əməkdaşlığın inkişafına böyük töhfə vermişdir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olaraq bütün beynəlxalq təşkilatlarda islam həmrəyliyini təbliğ edir. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması, Bakı ilə yanaşı Naxçıvanın da İslam Mədəniyyətinin paytaxtı elan edilməsi buna bariz nümunədir.
Region ölkələri ilə qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlər ölkəmiz üçün əhəmiyyət daşıyan qlobal məsələlərin həllinə təkan vermişdir. Keçən ilin sonlarında Xəzəryanı beş ölkənin iştirakı ilə Xəzər dənizinin statusuna dair Konvensiyanın qəbul edilməsi çox böyük tarixi hadisədir. Sevindirici haldır ki, uzun ilər Azərbaycanın müdafiə etdiyi mövqe bu Konvensiyada tam öz əksini tapmışdır. Həmçinin Konvensiya ümumilikdə bölgənin və regionun inkişafı üçün də çox əhəmiyyətli bir sənəddir.
Keçən il Azərbaycan üçün böyük əhəmiyyət daşıyan məqamların, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün Avropa İttifaqı tərəfindən dəstəklənməsi əks olunmuş Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” barədə sənədin imzalanması, beynəlxalq təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayan Qoşulmama Hərəkatının zirvə görüşünün Xarici İşlər Nazirlərinin iştirakı ilə bu il Bakıda keçirilməsi, eyni zamanda  Azərbaycanın bu təşkilatda sədrlik etməsi barədə qərarlar ölkəmizin beynəlxalq arenada qazandığı böyük uğurlara bariz nümunədir.
Ötən ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin, Türkiyədə TANAP-ın açılışı, ”Şahdəniz-2”-dən qazın gəlməsi, bu yaxınlarda “Azərspace-2” peykinin orbitə çıxarılması, həmçinin Sumqayıtda böyük əməktutumlu Karbomid zavodunun açılması, Mingəçevirdə, Masallıda sənaye parklarının yaradılması uğurlu işlərimizdəndir.
Keçən ildə məcburi köçkün soydaşlarımızın və eləcə də imtiyazlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülmüşdür. İl ərzində 5800-dən çox köçkün və 620-dən çox şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə yeni evlər, mənzillər verilimiş və 2019-cu ildə də bu prosesin davam etdirilməsi planlaşdırılır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir daha mövqeyin dəyişməz olduğunu, münaqişənin yalnız BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə qeyd olunduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacib olduğunu bəyan etmişdir. Bunun üçün Ermənistan özünütəcrid yolundan əl çəkərək Azərbaycanla konstruktiv danışıqlar aparmalı, münaqişənin tezliklə həll olunmasından ötrü qoşunlarını Azərbayacan ərazilərindən qeyri şərtsiz çıxarmalıdır.
Torpaqların sülh yolu ilə qaytarılması istiqamətində danışıqlar prosesinin  davam etdirilməsi ilə yanaşı Ölkənin hərbi potensialının artırılması istiqamətində də ardıcıl işlər görülür. Milli ordumuz müasir silahlarla təmin olunur, döyüş qabiliyyəti daim artırılır. Təsadüfü deyildir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Aprel döyüşləri və Künnüt zəfəri ordumuzun gücünü və qüdrətini düşmənə bir daha göstərdi. 
Keçən 2018-ci il ölkəmizdə olduğu kimi rayonumuzun da ictimai, siyasi və mədəni həyatında  bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır.
2018-ci ildə Respublikanın 54 şəhər və rayonunda məskunlaşan 17885 ailə təsərrüfatında birləşmiş 80,8 min nəfər rayon əhalisi ilə müntəzəm əlaqə yaradılaraq problemlərin həlli üçün operativ iş aparılmış, icra hakimiyyətinə daxil olan hər bir vətəndaş müraciətini müsbət həll etməyə səy göstərilmişdir. Ölkə rəhbərinin diqqəti sayəsində, həmişə olduğu kimi, hesabat ilində də bütün məskunlaşma rayonlarında, eləcə də əhalimizin kompakt yaşadığı dislokasiya yerimiz olan Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə əhalinin fasiləsiz olaraq elektrik enerjisi, qaz, su və digər kommunal ehtiyacları daim nəzarətdə saxlanılmış, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərlərinin və məsul vəzifəli şəxslərin diqqəti əhalinin problem və çətinliklərinin həllinə səfərbər edilmişdir.
Hesabat ilində rayon ictimaiyyəti fəallarının, nüfuzlu ziyalıların, ağsaqqalların və hüquq-mühafizə orqanlarının birgə səyi nəticəsində rayonda ictimai-siyasi sabitlik qorunub saxlanmış, il ərzində əhalimiz tərəfindən hər hansı ağır formalı cinayət hadisəsi törədilməmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 01 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən Respublika ərazisində dövlət tərəfindən yeni qəsəbələr, hündür mərtəbəli yaşayış binaları salınmış, 2003-cü ildən indiyə kimi Cəbrayıl rayonundan olan 6421 köçkün ailəsi (27421 nəfər) o, cümlədən 2018-ci ildə 235 ailə (809 nəfər) fərdi ev və mənzillərlə təmin olunmuşdur. Bununla yanaşı köçkünlərə verilən aylıq müavinətin məbləği kommunal xərclərlə birlikdə hər adambaşına 20 manatdan 40 manata, qazdan istifadə etməyən məcburi köçkünlərin aylıq enerji limiti isə 150 kilovatdan 300 kilovata qaldırılmışdır.
Zəruri infrastrukturlarla təmin olunmuş köçkün qəsəbələrində əhali rahat mənzillərlə təmin olunmaqla yanaşı, həmçinin regionlarda salınmış qəsəbələrdə soydaşlarımızın kənd təsərrüfatı ilə məşğul olmaları üçün əlverişli imkan yaradılmış, həmçinin müasir tələblərə cavab verən uşaq bağçaları, məktəblər, tibb müəssisələri və sosial təyinatlı digər obyektlər tikilərək sakinlərin istifadəsinə verilmişdir. 
Azərbaycan ordusunun 2016-cı ilin aprel ayında keçirdiyi əks hücum nəticəsində Cəbrayıl və Füzuli rayonları istiqamətində geniş ərazini nəzarətdə saxlayan “Lələ təpə” yüksəkliyi erməni hərbi birləşmələrindən azad edildilkdən sonra dinc əhalinin öz döğma yurdlarına qayıtması üçün əsaslı yenidənqurma işlərinə başlanmış və qısa müddət ərzində bərpa işləri yekunlaşaraq kənddə həyat işğaldan əvvəlki axarına dönmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağa böyük qayıdışın başlanğıcını qoymuş olduğu “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar və 15 iyun 2017-ci il tarixli Sərəncamlarına əsasən kənddə 27 hektar ərazidə geniş tikinti-bərpa quruculuq işləri aparılmış, 150 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, uşaq bağçası, klub-icma mərkəzi, həkim məntəqəsi, poçt, inzibati bina, 35/10kv-luq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, “Azəravtoyol” ASC-nin 13 saylı xüsusi təyinatlı yol istismar müəssisəsi, “Azərsu” ASC-nin Cocuq Mərcanlı sahəsi və digər müvafiq infrastruktur yaradılmışdır. Cənab Prezident 14 iyun 2017-ci il tarixində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak edərək birinci mərhələdə 50 Cocuq Mərcanlı ailəsinin öz doğma kəndinə qayıtmalarına xeyr dua vermişdir.  
Azərbaycan Prezidentinin “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün əlavə tədbirlər haqqında” 14 fevral 2018-ci il tarixli sərəncamı əsasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin ümumilikdə 680 hektar əkin sahəsini suvarma suyu ilə təmin  edən nasos stansiyasının, su nəqledici kanalın və 2800 metr uzunluğunda təzyiqli boru kəmərinin tikintisi aparılmış, 2137 metr uzunluqda beton kanal inşa olunmuşdur. Görülən operativ işlər nəticəsində Cocuq Mərcanlı kəndinin və Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin nəzərdə tutulan əkin sahələri suvarma suyu ilə təmin edilir.
Cocuq Mərcanlı kəndinə köçürülmüş əhalinin təhlükəsizliyi və əmək qabiliyyətli sakinlərin məşğulluğu istiqamətində mühüm tədbirlər həyata keçirilir. Kənddə yaşayış bərpa olunduqdan sonra cəbhə bölgəsində düşmənlə üzbəüz mövqedə dayanan əsgər və zabitlərimiz arxalarında əhali yaşamasından ruhlanaraq səngərlərdə daha ayıq sayıq dayanır, sakinlərin təhlükəsiz yaşaması üçün vəzifə borclarını layiqincə yerinə yetirirlər. Kənd sakinləri məhz rəşadətli Azərbaycan Ordusunun gücünə güvənərək doğma yurdlarında özlərini tam rahat hiss edir, əkin biçinlə və heyvandarlıqla məşğul olurlar.
Məşğulluq sahəsinin əsasən kənd təsərrüfatı olduğu nəzərə alınaraq birinci növbədə ANAMA ərazilərdə yerləşən torpaqların minalardan təmizlənməsini həyata keçirmiş, sonra isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən ərazidə torpaqların inventarizasiyası aparılmış, ailə üzvlərinin hər birinə 0.25 ha olmaqla əkin sahəsi istifadələrinə verilmişdir. Uzun müddət istifadəsiz qaldığı üçün kol kos basmış 95 hektar torpaq sahəsinin isə təmizlənərək yararlı vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görülür.
Cocuq Mərcanlı kəndinin gələcək inkişafı, burada yaşayan sakinlərin məşğulluq məsələləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim nəzarətindədir. Məhz Ölkə başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq aidiyyəti dövlət strukturları, ölkəmizdə fəaliyyət göstərən qeyri hökumət təşkilatları, ictimai birliklər və iş adamları mütəmadi olaraq Cocuq Mərcanlıya səfərlər edir, ərazi üçün xarakterik olan layihələrin həyata keçirilməsinə təşəbbüs göstərirlər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cocuq Mərcanlı kəndində sakinlərin məşğulluğunun təmin olunması və sosial rifah səviyyəsinin artırılması, qayıdış prosesinin dəstəklənməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Bu istiqamətdə Nazirliyin həyata keçirdiyi ilk layihə olan yem emalı müəssisəsi Cocuq Mərcanlı kəndində 2018-ci ilin fevralın 2-də fəaliyyətə başlayıb. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılmış, yeni iş yerləri açılmışdır.
Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılmışdır.
Ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Cocuq Mərcanlı kəndində suvenir istehsalı müəssisəsinin də tikintisinə başlanılıb. Azərbaycan Hökumətinin və Türkiyəli iş adamları ictimai birliyinin birgə layihəsi əsasında tikilən bu müəssisədə istehsal sahəsi və sərgi zalının fəaliyyət göstərməsi və istehsal olunacaq məhsulların “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılması nəzərdə tutulur. Növbəti mərhələdə isə bunların davamı olaraq kənddə kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün gəlir gətirən sektorların təşviqi və dəstəklənməsi layihələrinin həyata keçirilməsi planlaşdırılıb.
Cocuq Mərcanlı kəndində həyata keçirilən layihələrin birinci mərhələsi çərçivəsində 15 ədəd hər biri 160 m2 sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulmuş və 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla cəmi 150 arı ailəsi verilmişdir. Həyata keçirilmiş layihə çərçivəsində istixanalar damcı suvarma sistemi ilə təchiz olunmuş, sakinlər tərəvəz yetişdirilməsi üçün lazımi toxumlar, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlarla təmin edilmişdir. Həmçinin 15 arıçı təsərrüfatının hər birinə 10 ədəd arı ailəsi, arıçılıq avadanlıqları və materiallar verilmiş, layihənin birinci mərhələsində hər iki ləyihə üzrə 30 nəfərin məşğulluğu təmin olunmuşdur. İstixana və arıçılıq təsərrüfatı ilə məşğul olan kənd sakinləri 2018-ci ildə bu sahələrdən ailə büdcələrinə müəyyən qazanc gətirmişlər.
Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq idarəsi tərəfindən 25 ailə özünəməşğulluq tədbirinə cəlb edilərək 13 ailəyə 26 baş damazlıq inək, 12 ailəyə isə 252 baş damazlıq qoyun verilmişdir. Bu il isə ikinci mərhələdə kəndə köçmüş ən azı 30-40 ailənin də bu tədbirə cəlb olunması nəzərdə tutulur.
Cənab Prezidentin tapşırığına uyğun olaraq Cocuq Mərcanlı sakinlərinin, eləcə də kəndə gələn çoxsaylı qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün kənddə 14 min kvadrat metr ərazidə mədəniyyət və istirahət parkı salınaraq 2018-ci ilin sonunda istifadəyə verilmişdir. Parkda 966.3 kv.m sahədə futbol meydançası, 500 kv.m sahədə uşaq əyləncə meydançası, 158 nəfərlik yay teatrı, 196.91 kv.m sahədə kafe, sanitar qovşaqları, 2 ədəd günlük, 3 ədəd söhbətgah salınmışdır. Ərazinin fasiləsiz olaraq su ilə təminatı üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən qısa müddət ərzində 1 ədəd artezian quyusu qazılmış, fərdi yaşayış evlərinin həyətinin suvarılması üçün isə yaxın gələcəkdə su  çəkilməsi nəzərdə tutulur.
Kənddə yeni inşa edilmiş 96 yerlik məktəb, 150 yerlik klub, həkim məntəqəsi, yol idarəsi və digər sosial obyektlərdə ümumilikdə 80 nəfər daimi işlə təmin olunmuş, 55 ailə isə həyata keçirilən məşğulluq layihələrinə cəlb olunmuşdur. 
Cəbrayıl rayonundan olan köçkünlər üçün 2003 və 2007-ci illərdə Biləsuvar rayonu ərazisində salınmış 4456 evdən ibarət 11 qəsəbədə əhali üçün əvvəllər narahatçılıq yaradan məsələlərin əksəriyyəti demək olar ki, müsbət həllini tapmışdır. Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində qəsəbələrin qısa zaman ərzində qazlaşdırılması sakinlərin istilik və məişət problemlərinin əsaslı şəkildə həll olunmasını təmin etdi. Bununla eyni zamanda vətəndaşların enerji israfçılığına yol verməsinə səbəb olan şərait tam aradan qaldırıldı.
Həmçinin 15 il bundan əvvəl tikilmiş bu qəsəbələri enerji ilə təmin edən elektrik naqillərinin köhnələrək yararsız vəziyyətə düşməsi, istismar müddəti başa çatmış elektrik sayğaclarından istifadə və digər kimi bu amillər qəsəbələrin fasiləsiz enerji təminatında çətinliklər yaradırdı. Adi küləkli havalar qısa qapanmalar yaratdığından enerji verilişində açılmalar baş verirdi ki, bu da sakinlərin haqlı narazılığına səbəb olurdu. Məsələnin əsaslı həll olunması üçün “Azərişıq” ASC-nin rəhbərliyi ilə aparılan qarşılıqlı razılaşma əsasında 2017-ci ilin  iyul ayından 4456 obanenti olan bu qəsəbələrdə elektrik naqillərinin kabelləşməsinə və smart sayğacların quraşdırılmasına başlandı. 2018-ci ilin fevral ayında artıq kabelləşmə işi bütün qəsəbələrdə tam başa çatdırılmışdır.
Qəsəbə sakinlərinin içməli su təminatını yaxşılaşdırmaq və bu sahədə də yol verilən israfçılıq hallarının qarşısını almaq məqsədi ilə su istifadəçiləri bütünlüklə fərdi sayğaclarla təmin olunmuşdur.
Beləliklə qəsəbələrdə bütün obanentlər fərdi olaraq qaz, işıq və su sayğacları ilə təmin olunduğu üçün 2018-ci ilin yanvar ayından etibarən qəsəbədə məskunlaşmış köçkünlər vahid aylıq müavinət olaraq adambaşına 40 manat pul alırlar. Hər iki xidmət üzrə sayğaclaşma aparılandan sonra ümumilikdə qəsəbələr üzrə enerji və içməli su sərfiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50 faizdən çox azalmışdır.
Qəsəbələrdə əhalinin yol problemi də Ölkə başçısının “Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan on səkkiz min nəfər məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 15 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq müsbət həllini tapmışdır. Ümumi uzunluğu 22.5 km olan magistral yol əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
Lakin, bildirim ki, hazırda bu qəsəbələrdə sakinləri narahat edən bəzi problemlər də mövcuddur. On beş il bundan əvvəl inşa edilmiş 13 mindən çox əhalinin məskunlaşdığı 6 qəsəbənin daxili yolları uzun müddət əsaslı təmir  aparılmadığından yararsız vəziyyətə düşmüş və gediş gəlişdə çətinliklər yaranmışdır. Vəziyyəti aradan qaldırmaq üçün qəsəbələrin yol infrastrukturunun təmiri layihəsi Dünya Bankının və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun  birgə həyata keçirdiyi Proqrama daxil edilmiş və sözügedən qəsəbələrdə 2017-ci ilin sonlarından etibarən layihənin icrasına başlanaraq xeyli işlər görülmüşdür. Lakin, maliyyə vəsaiti ayrılmadığından həmin layihə üzrə işlər yarımçıq qalmışdır. Nəticədə qəsəbələrdə daxili yolların vəziyyəti daha da pisləşmiş, eyni zamanda fərdi yaşayış evlərinin həyətlərinə suvarma suyunun nəqli çətinləşmişdir.
Əhalimiz üçün narahatedici məsələlərdən biri də Biləsuvar rayonu ərazisində 2007-ci ildə istifadəyə verilmiş 7500 nəfər əhalinin yaşadığı 1858 ailəlik 5 qəsəbənin içməli su və qəsəbədaxili yol problemidir. Qəsəbələrin içməli su xətləri xeyli müddətdir istifadə edildiyi üçün yararsız vəziyyətə düşdüyündən, tez-tez qəzalar baş verir, son vaxtlar əhalinin içməli su ilə bağlı çətinlikləri yaranır.  Bu qəsəbələrin daxili su xətləri və mənbədən su nəql edən 15200 p/m magistral boru xətti istismar müddətinin bitməsi ilə əlaqədar dəyişdirilməlidir.
Həmçinin qəsəbələrdə daxili küçələr istifadəyə verildiyi vaxtdan indiyə kimi təmir edilmədiyindən əsaslı təmir aparılmasına zərurət yaranıb. Qəsəbələrdə fəaliyyət göstərən məktəb, uşaq bağçası və digər sosial obyektlərə gedən küçələrdə daxili imkanlar hesabına müəyyən qumlama işləri aparılsa da yetərli deyil. Problemin köklü həlli üçün 5 qəsəbənin içməli su xətlərinin yenilənməsinə, sonra isə küçələrin əsaslı təmir edilməsinə ehtiyac vardır.
Bildirim ki, hər iki layihənin 2018-ci ildə Dünya Bankı ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən Proqram çərçivəsində həlli edilməsi razılaşdırılsa da, hələlik məsələnin həlli ləngiyir. Bu belə davam edərsə yaxın gələcəkdə sakinlərə su verilməsində daha ciddi problem yarana bilər. Problemin ciddiliyini nəzərə alaraq bu barədə tərəfimizdən Azərbaycan Respublikasının Baş Nazirinə müraciət olunmuş və məsələnin 2019-cu ilin investisiya proqramının layihəsi tərtib olunarkən baxılması nəzərdə tutulmuşdur.

Dislokasiya ərazimiz olan Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə ətraf mühitə və insan sağlamlığına zərər verən məişət tullantılarının yığılması, qəsəbələri birləşdirən asfalt örtüklü yolun kənarlarında salınmış yaşıllıqların qorunması və yeni ağacların əkilməsi təmin olunmuş, əhalinin istirahəti üçün nəzərdə tutulan Parkda və parkətrafı ərazilərdə bir sıra təmir-abadlıq işləri görülmüşdür.
Bildiyiniz kimi Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə əhalinin asudə vaxtlarını səmərəli keçirmələri üçün 2004-cü ildə salınmış Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında uşaqların əylənməsi üçün oyun meydançası olmadığndan qəsəbələrin uşaq sakinləri valideynləri ilə parka gələrkən özləri üçün əyləncə tapa bilmirdilər. Buna görə də ümumilikdə qəsəbə sakinlərinin istirahət parkından istifadə əmsalı nisbətən aşağıdır. Ehtiyacı nəzərə alaraq Parkda “Uşaq əyləncə meydançası” tikilib istifadəyə verilmişdir. Bu məqsədlə 260 kv.m sahəyə qum-çınqıl qarışığı yayılmış, yerə metal tor döşənərək beton döşəmə düzəldilmiş və 220 kv.m sahəyə tamet plitə döşənərək uşaqların əylənməsi üçün müasir tipli oyun qurğuları quraşdırılmışdır.
Rayon əhalisinin 25 faizi yaşayan bu qəsəbələrdə sakinlərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satış üçün mərkəzləşmiş xüsusi yer olmadığı nəzərə alınaraq 3 və 4 saylı qəsəbələrarası ərazidə qısa müddət ərzində polad borular əsasında açıq bazar-yarmarka tikilərək 2018-ci ilin əvvəlində əhalinin istifadəsinə verilmişdir. Tikıntidən əvvəl 1200 kv.m sahədə mexaniki üsulla planlama işləri aparılmış, əraziyə qum-çınqıl qarışığı tökülərək beton və tamet plitə əsasında döşəmələr düzəldilmişdir. Keçən ilin yanvar ayından etibarən bazar fəaliyyət göstərir.
Həmçinin yeni inşa edilmiş Xalçaçılıq müəssisəsinin qarşısından 3 saylı qəsəbədəki qəbiristanlığa gedən yola kimi olan küçədə müasir tipli dekorativ işıq dirəklərinin quraşdırlması işinə başlanılmış, 630 m məsafədə VVQ 2x10 mm² tipli yeraltı elekrik kabelləri çəkilmiş, dirək altı beton özüllər və anker boltları quraşdırılmış, yaxın müddət ərzində işlərin başa çatdırlması təmin olunacaqdır.
Yaşıllıq məqsədi ilə 11 qəsəbəni birləşdirən magistral yolun, qəsəbədaxili mərkəzi küçələrin kənarlarında, Cocuq Mərcanlı kəndində və burada salınmış istirahət parkında ümumilikdə 5 minə yaxın yaşıl ağac və gül kolları əkilmişdir.
Rayonda mövcud olan əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində də müəyyən işlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə son illərdə qeyri neft sektorunun inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi, ölkəmizdə əməktutumlu ənənəvi kənd təsərrüfatı sahələrinin genişləndirilməsi, özünüməşğulluq Proqramının icrası Respublikanın şəhər və rayonlarında məskunlaşmış rayon əhalisinin də məşğulluğunu əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Statistik məlumata görə rayon üzrə hazırda mövcud olan 80.8 min əhalidən 40.0 min nəfəri və ya 49.5 faizi iqtisadi fəal əhali, onlardan da 37 min nəfəri iqtisadiyyatın müxtəlif sahələrində çalışan məşğul əhalidir. Hazırda rayon üzrə ümumilikdə əmək qabiliyyətli iqtisadi fəal əhalidən 2256 nəfəri və ya 5.7 faizi işsiz, onların da 846 nəfəri rayon Məşğulluq Mərkəzində işaxtaran kimi rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Regionlarının Sosial İqtisadi İnkişafı Dövlət Proqramının icrasına başlandığı 2004-cü ildən hazıra kimi rayon üzrə cəmi 2399 nəfər, o cümlədən 2350 nəfər daimi işlə təmin olunmuşdur.
Xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisindəki köçkün qəsəbələrində qadınlar arasında işsizliyin aradan qaldırılması məqsədi ilə rayon əhalisinin ənənəvi məşğulluq sahəsi olmuş xalçaçılığın inkişafına şərait yaradılmışdır. Belə ki, qəsəbələrdə xalçaçı peşəsinə olan marağı nəzərə alaraq 2018-ci ildə “Azərxalca” ASC-nin Cəbrayıl Filialı tikilmiş və bu ilin əvvəlindən etibarən həmin müəssisə fəaliyyətə başlamışdır. Hazırda müəssisədə 100-ə yaxın xalçaçı qadın çalışır.
Keçən il rayon əhalisindən cəmi 148 nəfər özünəməşğulluq layihəsi çərçivəsində təlimə cəlb olunaraq biznes ideyasını müdafiə etmiş, onlardan hazıra kimi 106 nəfər sakinimiz aktivlərlə təmin olunmuşdur. layihəyə cəlb edilənlərin hamısı heyvandarlıq sahəsini seçmiş, onlardan 36 ailəyə 72 baş damazlıq inək, 11 ailəyə 44 baş kökəltmə istiqamətli dana, 59 ailəyə isə 1239 baş damazlıq ana qoyun verilmişdir.
Əhalinin məşğulluğunun ilbəil artması yerli rayon büdcəsinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. 2018-ci hesabat ilində rayon üzrə 26 milyon 883.2 min manatlıq ümumi daxili məhsul, ondan 19 milyon 359.4 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Keçən il tədarük təşkilatlarına təhvil verilən xam pambıq və barama satışından rayon əhalisi ümumilikdə 250 minə yaxın gəlir əldə etmişdir.
2018-ci ildə rayon büdcəsinin gəlir və xərclərinin icrası mədaxil üzrə 2613415 manat proqnoza qarşı 2582887 manat və ya 98.8 faiz, məxaric üzrə 2613415 manat proqnoza qarşı 2385342 manat və ya 91.3 faiz icra edilmişdir. Rayonun yerli gəlirləri 1075000 manat tapşırığa qarşı 1105472 manat və ya 102.8 faiz yerinə yetirilmişdir. İl ərzində yerli büdcənin mədaxilin 1105472 manatı (42.8%) yerli gəlirlər, 1310000 manatı (50.7%) Respublika Maliyyə Nazirliyindən verilən dotasiya, 167415 manatı (6.5%) isə qarşılıqlı hesablaşmalar arasında transferlərdən formalaşmışdır.
Keçən hesabat ilində rayon icra hakimiyyəti tərəfindən aztəminatlı ailələrə hər tərəfli dəstək göstərilmiş, xəstəliyi və digər zəruri ehtiyacları ilə əlaqədar müraciət edən vətəndaşlarımıza imkanlarımız daxilində maddi köməkliklər edilmişdir. Belə ki, rayon İcra hakimiyyətinin “Xeyriyyə” fondundan  və digər mənbələrdən, müraciət edən cəmi 818 nəfərə (ağır xəstəlikdən əziyyət çəkənlərə, şəhid ailələrinə, Qarabağ müharibəsi iştirakçılarına, əlillərə, fövqəladə hadisələrdən zərər çəkənlərə və aztəminatlı ailələrə) maddi yardım göstərilmişdir. Dövlət büdcəsindən isə məcburi köçkünlərə il ərzində 21 milyon 594 min manat vahid aylıq müavinət ödənilmişdir. İcra hakimiyyətindən verilən bütün təyinatlar üzrə maddi yardımlar köçkünlərimizin faktiki məskunlaşdıqları yerlərdə fəaliyyət göstərən banklara, yemək xərci üçün dövlət büdcəsindən verilən müavinətlər isə vətəndaşların adlarına olan plastik kartlara köçürülmüşdür.
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Son illərdə ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmişdir. 1997–2018-ci illər ərzində dövlət Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6500-dən çox mənzil vermiş, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilmiş, bu ilin yanvar ayından etibarən vətəndaşların əmək pensiyaları haqqında Qanunda  bir sıra müsbət dəyişikliklər edilmişdir.
Rayon əhalisindən xüsusi qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanmış, onların pensiya və müavinətlərinin plastik kart sistemi ilə ödənilməsi gecikdirilmədən təmin edilmişdir. Bu sahə ilə məşğul olan Sosial Müdafiə Fondunun rayon şöbəsi qeydiyyatında olan 8290 nəfər pensiyaçıya xidmət göstərir ki, onlardan da 2852 nəfəri yaşa görə, 5081 nəfəri əlilliyə görə, 357 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. İl ərzində rayon şöbəsinin xidmətində olan pensiyaçılara pensiya, müavinət və digər təyinatlara ümumilikdə 19 milyon 889.2 min manat vəsait xərclənmişdir.
Hesabat ili ərzində rayon üzrə 1121 uşaq doğulmuş, 459 nəfər vətəndaşımız vəfat etmiş, 473 nikah, 141 nəfər boşanma qeydə alınmış, 311 nəfər rayonun qeydiyyatına gəlmiş, 57 nəfər isə qeydiyyatdan çıxmışdır. Ümumilikdə 662 nəfər təbii artım, 254 nəfər miqrasiya artımı olmaqla əhalinin sayı ilin sonuna 80.8 min nəfərə, ailələrin sayı isə 17885-ə çatmışdır. Ötən ilə nisbətən rayon əhalisinin sayı 916 nəfər və ya 1,2 faiz artmışdır.
Rayon əhalisini icra hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatlandırmaq üçün İcra hakimiyyətinin saytı fəaliyyət göstərir. İnternet saytında gündəlik alınan ictimai informasiyanın yerləşdirilməsi və mövcud məlumatların vaxtaşırı yenilənməsi daim diqqət mərkəzində saxlanmış, rayonda həyata keçirilən tədbirlər, baş verən hadisələrlə bağlı xəbərlərin yerləşdirilməsi təmin edilmiş, günün tələbindən irəli gələn yeni bölmə və keçidlər yaradılmışdır.
Belə ki, rayonun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan əvvəlki və indiki vəziyyəti, kənddə məskunlaşmış sakinlərin həyat şəraiti və məşğulluğu barədə ictimaiyyətə ətraflı məlumat çatdırılması üçün saytda “Böyük qayıdış” bölməsi yaradılmış, eyni zamanda buradan “Elektron hökumət” və “Asan Xidmət” portallarına keçid düymələri yerləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası nəzarətdə saxlanmış, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində müəyyən işlər görülür. Rayondan olan sahibkarların aidiyyəti üzrə rayon icra hakimiyyəti və onun tabeliyində olan qurumlardan şikayətlərini bildirmək üçün rayon icra hakimiyyəti yanında Appellyasiya Şurası yaradılmış və icra hakimiyyətinin rəsmi saytında “Appellyasiya şurası” bölməsi açılmışdır. Xidmət ərazimizdə fəaliyyət göstərən sahibkarların yerli icra hakimiyyəti orqanının və tabeliyində olan nümayəndəliklərin məsul şəxslərinin hər hansı qanunsuz hərəkətindən 2018-ci il ərzində şikayət daxil olmamışdır.
Rayonda mövcud olan 1 şəhər, 22 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uğun olaraq yanvar ayının 8-dən 22-nə kimi hesabat yığıncaqları keçirilmişdir. Əsasən əhalimizin kompakt məskunlaşdığı ərazilərdə keçirilmiş hesabat yığıncaqlarında rayon sakinlərinin maksimum iştirakı təmin olunmuş, onlara tələb və təkliflərini sərbəst ifadə etməyə şərait yaradılmışdır. Şura üzvlərinin, məsul rayon nümayəndələrinin iştirak etdiyi hesabat yığıncaqlarında ümumilikdə 2 min nəfərdən çox sakin iştirak etmiş və 113 nəfər çıxış edərək problem və ehtiyacları ilə bağlı 48 təklif səsləndirmişlər. İrəli sürülən hər bir təklif qeydə alınaraq ümumiləşdirilmiş və icrasını təmin etmək üçün tədbirlər planı təsdiq edilmişdir.
Məlumat üçün bildirim ki, nümayəndəliklərdə 2017-ci ilin yekunu ilə bağlı keçirilən yığıncaqlarında irəli sürülmüş - Cocuq Mərcanlı kəndinə bonkamat quraşdırılması, ayrı-ayrı şəhər və rayonlarda yerləşən məktəblərin təmir edilməsi, məktəb və digər sosial obyektlərə gedən yolların qumlanması, süni qiymət artımının qarşısının alınması barədə təkliflər müsbət həll olunmuş, vətəndaşların məşğulluğunun artırılması və yeni iş yerlərinin yaradılması istiqamətində müsbət işlər görülmüşdür. Lakin 1-6 saylı qəsəbələrdə daxili yolların təmirinin başa çatdırılması rayondan asılı olmayan səbəblərdən yarımçıq qalmışdır. Bunula bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.
Rayon əhalisi ilə mütəmadı sıx əlaqədə olan inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən vətəndaşlara ehtiyac olan hüquqi sənədlərin verilməsi, onların müraciətlərinin operativ həlli nəzarətdə saxlanmış, “Elektron  Hökumət”ə keçidlə əlaqədar əhalinin uçotunun elektronlaşdırılması sahəsində aparılan işərin operativliyini təmin etmək üçün onlara əməli köməkliklər göstərilir.
Görülən tədbirlər nəticəsində nümayəndəliklərdə qeydiyyatda olan əhalinin ucotunu əks etdirən təsərrüfatbaşı kitablar elektron bazada toplanmağa başlanmış və bu proses mütəmadi davam etdirilməkdədir. Əhalinin uçot kitablarının elektronlaşmasından sonra vətəndaş məmur təması maksimum dərəcədə ortadan götürüləcək, vətəndaşın həyatında baş verən dəyişikliklər barədə əlavə sənəd alınmasına ehtiyac qalmayacadır. Bunlarla yanaşı həm də rayondan olan bütün məcburi köçkünlərin elektron bazasının formalaşması üçün “Dövlətqaçqınkom”la birgə işlər aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa dəstəyi nəticəsində ölkənin aqrar sektorunda dayanıqlı inkişaf təmin edilmiş, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşması üçün əlverişli mühit yaradılmışdır. Həyata keçirilən əsaslı islahatlar nəticəsində ölkənin aqrar sektorunda nəzərəçarpacaq inkişafa nail olunmuş, kənd təsərrüfatı məhsullarının ixracının xeyli artması hesabına  ümümdaxili məhsul buraxılışında aqrar sektorun payı xeyli yüksəlmişdir.
Əldə edilmiş belə nailiyyətlərdə Cəbrayıl rayonunun da az da olsa payı vardır. Belə ki, məcburi köçkünlərimiz tərəfindən ötən ilin məhsulu üçün 2970 hektar payızlıq taxıl, 216,3 hektar müxtəlif yazlıq bitkilər, 990 hektar yem bitkiləri (o cümlədən yonca), 130 hektar təkrar qarğıdalı əkilmişdir.
Hesabat  ilində rayon üzrə 9752 ton taxıl, 223 ton qarğıdalı dəni, 515 ton kartof, 1007 ton tərəvəz, 87,4 ton bostan məhsulu, 510 ton şəkər çuğunduru yığılmışdır. Yaxşı haldır ki, bütün növlər üzrə məhsuldarlıq göstəricilərində dinamik artıma nail olunmuşdur. Belə ki, məhsuldarlıq taxılda 32,8 sentnerə, o cümlədən buğdada 34,3 sentnerə, qarğıdalıda 51,9 sentnerə, kartofda 171,6 sentnerə, tərəvəzdə 161,1 sentnerə, bostan məhsullarında 203,2 sentnerə çatdırılmışdır.
Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramına uyğun olaraq ixracyönümlü məhsul istehsalının daha da artırılması məqsədi ilə məcburi köçkünlərimizin kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazisində 90,3 hektarda pambıq əkilmişdir. 40 nəfər məhsul istehsalçısı ilə emal müəssisəsi arasında bağlanmış müqaviləyə uyğun olaraq sahələrdən  311,5  ton və ya hər hektardan 34,5 sentner pambıq məhsulu götürülmüşdür ki, bu da respublika üzrə pambıqçılıqla məşğul olan rayonlar arasında ən yüksək nəticədir. Pambığın becərilməsində mövsüm ərzində 100 nəfərdən çox məcburi köçkün işlə təmin edilmiş, bu sahədən ümumilikdə 225 min manatdan çox gəlir əldə edilmişdir.
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə” Dövlət Proqramının icrası istiqamətində də işlər davam etdirilmişdir. Bu məqsədlə 2016-2018-ci illərdə rayona Çin Xalq Respublikasından 47,5 min ədəd, daxili istehsaldan isə 64 min ədəd olmaqla ümumilikdə 111,5  min ədəd tut tingi verilmiş və 200 nəfərdən çox istehsalçı arasında paylanılaraq becərilməsi aparılmışdır. Ötən ildə rayon üzrə 33 istehsalçı tərəfindən 1040 kq proqnoza qarşı 1415 kq və ya 136 faiz barama istehsal edilmiş, ümumilikdə istehsalçıların ailə büdcələrinə 1 ay ərzində 12,8 min manat vəsait daxil olmuşdur.
Rayonda taxıl istehsalı ilə məşğul olan fermerləri yüksək məhsuldar və standartlara cavab verən sertifikatlaşdırılmış toxumlarla təmin etmək məqsədi ilə rayonda 3 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Ötən il həmin toxumçuluq təsərrüfatlarında 291 ton toxum istehsal edilmişdir ki, ondan 44 tonu birinci reproduksiyalı, 247 tonu isə ikinci reproduksiyalı toxumdur. Toxumlar bütünlüklə təmizləyici qurğudan keçirilməklə standartlara çatdırılaraq sertifikatlaşdırılmış və istehsalçılara satışı aparılmışdır.
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə edilməsində suvarma rejiminə ciddi əməl edilməsinin əsas amil olduğu nəzərə alınaraq hesabat ilində bu məsələ ciddi nəzarətdə saxlanmışdır. Nəticədə fermerlərimiz mövsüm ərzində taxıl əkinlərində 3 dəfə, yonca əkinlərində 6 dəfə, pambıq əkinlərində 5 dəfə, həyatyanı sahələrdə 8 dəfədən çox suvarma aparmışlar. Suvarmanın cari ildə də mütəşəkkil davam etdriliməsi üçün suvarma kanalları, arxlar və hidrotexniki qurğular vaxtında təmir və bərpa edilərək  mövsümə hazır vəziyyətə gətirilmişdir.
Əhalinin heyvandarlıq məhsullarına tələbatının daxili istehsal hesabına ödənilməsini daha da yaxşılaşdırmaq, bu məhsullar üzrə ehtiyacların idxaldan asılılığını minimuma endirmək istiqamətində də işlər davam etdirilmişdir. Ötən  ilin yekununa rayonda iribuynuzlu heyvanların sayı 10695 baş, xırdabuynuzluların sayı 114686 baş olmuş, hesabat ilində rayon üzrə süd istehsalı 7895 tona, ət istehsalı diri çəkidə 2125 tona, kəsilmiş çəkidə 1126 tona, yumurta istehsalı 5 milyon 30 min ədədə, yun istehsalı 168 tona çatdırılmışdır. Ümumilikdə əvvəlki  illə müqayisədə süd istehsalında 3,7 faiz, ət istehsalında 5,0 faiz, yumurta istehsalında 7,9 faiz, yun istehsalında isə 10,5 faiz artım olmuşdur.
İribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlıq göstəricilərinin daha da yüksəldilməsi məqsədi ilə cari ildə 1157 baş inək və düyədə süni mayalanma aparılmışdır ki, bu da inək naxırının 28 faizini təşkil edir. Hesabat dövründə süni mayalanma nəticəsində 770 baş damazlıq buzov alınmışdır.
Heyvandarlığın yem təminatını yaxşılaşdırmaq üçün sahələrdən 1377 ton arpa, 7072  ton yonca otu, 1300 tondan çox yaşıl qarğıdalı kütləsi istehsal edilmiş, ümumilikdə əhalinin şəxsi təsərrüfatlarında olan mal-qaranın yemə olan tələbatının tam əksəriyyətinin yerli istehsal hesabına təmin edilməsi üçün baza yaradılmışdır.
Əhalinin şəxsi təsərrüfatlarında olan mal-qara və quşlar arasında profilaktiki baytarlıq tədbirləri davam etdirilmiş, hesabat ilində heyvanlar arasında iti yoluxucu xəstəliklərdən tələfat olmamışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 5 mart 2018-ci il tarixli Sərəncamının icrası məqsədi ilə 160 arı ailəsi üçün subsidiyanın verilməsi təmin edilmiş, 2-ci mərhələdə daha 1240 arı ailəsinə subsidiya verilməsi üçün sənədlər Respublika Komissiyasına göndərilmişdir.
Ölkə Prezidentinin tapşırığına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi çərçivəsində 2018-ci ildə ümumilikdə 337,1 min manat subsidiya verilməsi təmin edilmişdir.

Görülmüş işlərlə yanaşı qarşıda daha geniş tədbirlərin həyata keçirilməsi  nəzərdə tutulur. Hədəflərimiz növbəti ildə taxıl istehsalını 10 min tona, pambıq istehsalını 320 tona, barama istehsalını 2,5-3 tona çatdırmaq, heyvandarlıqda artım tempini sabit saxlamaq, daxili bazarın qorunması üçün istehsalçılar arasında maarifləndirici tədbirləri daha da genişləndirməkdir. Bunlara nail olmaq üçün keçən ilin payızında 2980 hektarda payızlıq taxıl səpini aparılmış, bütün sahələrdə 1-ci suvarma başa çatdırılmış, sahələrdə normal bitiş alınmış, hazırda sahələrə yemləmə gübrəsinin verilməsinə hazırlıq işləri aparılır.
İpəkçiliyin inkişafı istiqamətində də işlər davam etdirilir. Cari ildə rayona gətirilmiş 78,5 min ədəd tut tingi hesabına tut bağlarının sahəsi 14 hektardan 25 hektara çatdırılmışdır. Tut tinglərinin aqrotexniki qaydada becərilməsi davam etdirilir. Əhalinin məşğulluğunu daha da yaxşılaşdırmaq məqsədi ilə cari ildə 100 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. İstehsalçılarla qəbul müəssisəsi arasında müqavilələrin imzalanması artıq başa çatdırılmış və əkiləcək pambıq sahələrində dondurma şumunun aparılması yekunlaşmaq üzrədir.
Əsas hədəflərdən biri də heyvandarlıq sahəsi üzrə məhsuldarlıq göstəricilərinin artırılmasıdır. Buna nail olmaq üçün mal-qaranın cins tərkibinin yaxşılaşmasında mütərəqqi metodlardan olan süni mayalanma işinin genişləndirilməsi geniş təşviq olunur.

Keçən hesabat ilində milli mənəvi dəyərlərimizin, adət ənənələrimizin  qorunması, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq ideyasının təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, təqvim üzrə nəzərdə tutulan bayram və anım tədbirləri ilə əlaqədar əhalimizin kompakt yaşadığı ərazilərdə rayon səviyyəsində mədəni kütləvi toplantılar təşkil olunmuşdur. Həmçinin, rayonun ərazisində düşmənlə üzbəüz mövqelərdə hərbi xidmət keçən əsgər və zabitlərimizə mənəvi dəstək olmaq üçün bayramlar ərəfəsində rayon içtimaiyyətinin fəalları ilə birlikdə onlarla görüşlər keçirilmişdir.
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar olaraq rayon İcra hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun fəliyyət göstərən mədəniyyət müəssələrinin və musiqi məktəblərinin kollektivlərinin iştirakı ilə musiqili əyləncəli şənliklər, təsviri sənət sərgiləri, dəyirmi masalar keçirilmiş, 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Rayon icra hakimiyyətinin tabeliyində olan 12 uşaq bağçasının fəaliyyəti daim nəzarətdə saxlanmış, uşaqların intellektual, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün müxtəlif məzmunlu tədbirlər həyata keçirilmiş, həmçinin uşaqların gələcəkdə məktəb həyatına uyğunlaşması üçün bağçaların tərbiyəçi müəllimləri ilə qəsəbədə fəaliyyət göstərən tam orta məktəblərin ibtidai sinif müəllimləri arasında işgüzar əlaqələr yaradılmışdır. Hesabat ili ərzində Biləsuvar rayonu ərazisindəki 11 saylı uşaq bağçasının dam örtüyü, 9 saylı uşaq bağçasının döşəməsi əsaslı təmir edilmiş, həmçinin ehtiyac olan inventar və avadanlıqlarla təmin edilmişdir.
Hər biri 2 qrupdan ibarət olan bu məktəbəqədər təhsil müəssisələrində cəmi 480 uşağın təlim-tərbiyəsi ilə 58-i tərbiyəçi, 80-i isə digər işçilər olmaqla 138 nəfər işçi məşğul olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, keçən ilin fevral ayından Respublikanın 54 şəhər və rayonunda məskunlaşmış 80800 nəfər Cəbrayıllı məcburi köçkünün tibbi müayinəyə cəlb olunması mütəşəkkil qaydada həyata keçirilmiş, rayon İcra hakimiyyətinin məsul işçiləri, əlaqədar xidmət təşkilatları bu işdə fəal iştirak etmişdir. Rayonun əsas xidmət sahəsi olan Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşan köçkünlərin müayinədən keçirilməsi üçün 11 qəsəbədə 50 çarpayılıq sahə xəstəxanası, 4 həkim məntəqəsi lazımi avadanlıq və digər vasitələrlə tam təchiz olunmuş, vətəndaşların maneəsiz qəbulu və müayinəsi üçün normal şərait yaradılmışdır. Keçən il fevral ayının 15-dən may ayının 15-dək aparılan əhalinin kütləvi müayinəsi zamanı 195 nəfər yeni xəstə dispanser qeydiyyatına götürülərək əvvəldən qeydiyyatda olan xəstələrin siyahısına əlavə edilmişdir. Hazırda ümumilikdə dispanser qeydiyyatına götürülmüş 2481 nəfər xəstədən 1007 nəfəri imtiyazlı xəstələr qrupuna daxil edilmiş, 2018-ci ildə 240 nəfər Bakı şəhərinin müxtəlif  klinikalarına  müalicəyə göndərilmişdir.                                     
Rayon Səhiyyə şöbəsinin xidmət göstərdiyi Biləsuvar rayonu ərazisindəki köçkün qəsəbələrində uşaqların icbari dispanserizasiyası və profilaktik müayinələrə cəlb olunması təmin olunmuş, tibbi müayinədən keçirilmiş 4028 uşaqdan 57 nəfəri dispanser qeydiyyatına götürüllərək ondan 39 nəfər uşağın təhsilinin ev şəraitində davam etdirilməsi məsləhət bilinmişdir. Eyni zamanda qəsəbələrdə məskunlaşmış 4439 nəfər uşağın profilaktik peyvəndlərə cəlb olunması 97-98% yerinə yetirilmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim qayğı göstərdiyi Cocuq Mərcanlı kəndinin sakinləri Dövlət başçısının tapşırığına uyğun olaraq hesabat ilində də səyyar səhiyyə xidməti ilə əhatə olunmuşlar. Belə ki, keçən il yanvar ayının 8-də Akademik Zərifə Əliyeva adına Milli Oftalamologiya Mərkəzinin səyyar klinikası humanitar aksiya çərçivəsində Cocuq Mərcanlı kəndində olmuş, 120-dən çox sakin Mərkəzin həkimləri tərəfindən müayinə edilərək tibbi yardımlar almışlar. 22 sentyabr 2018-ci il tarixdə isə Cənubi Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin və SEBA Koreya Şərq Təbabəti Klinikasının təşkilatcılığı ilə Cocuq Mərcanl kəndində növbəti dəstək layihəsi həyata keçirilmişdir.
Layihə çərçivəsində 250-dən çox Cocuq Mərcanlı sakini şərq və qərb üsulları ilə müayinə və müalicə olunub. Sonra şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Məktəbin bütün şagirdlərinə Koreya səfirliyi, “Samsung Engineering” və SEBA Koreya Şərq Təbabəti Klinikası tərəfindən məktəb ləvazimatları, qol saatları və “TEAS PRESS” Nəşriyyat evinin kitabları hədiyyə edilmişdir.
Lakin,  Mərkəzi Rayon Xəstəxanasının əhalimizin sıx məskunlaşdığı köçkün qəsəbələrində, həmçinin də Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən həkim məntəqəsində ixtiaslı həkim və orta tibb işçisi çatışmazlığı vardır. Belə ki, hazırda rayonun tibb müəssisələrində 20 həkim, 6 orta tibb işçisi, Gigiyena və Epidemiologiya Mərkəzində isə 4 həkim, 2 həkim köməkçisi, 1 laborant ştatı vakantdır.

2018-2019-cu dərs ilində rayon üzrə 41 ümumtəhsil məktəbi, o cümlədən 39 tam orta, 2 ümumi orta və bununla yanaşı 1 Şahmat Uşaq Gənclər İdman məktəbi fəaliyyət göstərmişdir. Bu təhsil müəssisələrində və 30 məktəbəhazırlıq qrupunda 444 nəfər, I-XI siniflərdə ümumilikdə 9241 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1054 müəllim məşğul olur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Təmir və Təchizat İdarəsi tərəfində rayonun Daşkəsən kənd tam orta məktəbində 120 metr diametri 150 mm olan plastik boru vasitəsilə kanalizasiya xətti çəkilərək əsas kəmərə qoşulmuş, Sirik kənd tam orta məktəbində əlavə tikilmiş 4 sinif otağına istilik sistemi çəkilmiş və Şahvəlli kənd tam orta məktəbinə isə qaz sayğacının quraşdırılması nəzərdə tutulur.
Həmçinin rayon icra hakimiyyətinin maliyyə dəstəyi ilə 10 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayon Dəmşalaq kənd tam orta məktəbinin elektrik təsərrüfatı yenilənmiş və Qaradağ rayonunun Müşfiqabad köçkün qəsəbəsində fəaliyyət göstərən Akademik M.Mehdizadə adına Cəbrayıl rayon  tam orta məktəbində əlavə sinif otağı hazırlanmışdır. Qaçqınların və Məcburu Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən oğlan və qızlar üçün 527 dəst məktəbli forması I-IV sinif şagirdlərinə, Təhsil Nazirliyi tərəfindən göndərilmiş 1917 ədəd müxtəlif adda müəllim üçün vəsait, 44785 müxtəlif adda dərslik pulsuz olaraq bölgü əsasında ümumtəhsil məktəblərinə çatdırılmışdır.
Təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə və 5 oktyabr “Beynəlxalq Müəllimlər günü” münasibətilə Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə rayonun Çərəkən kənd tam orta məktəbin ingilis dili müəllimi Cavadov Cəmil İsmayıl oğlu “Əməkdar müəllim“ adına layiq görülmüş, Təhsil nazirinin müvafiq əmri ilə isə Hovuslu kənd tam orta məktəbin ibtidai sinif müəllimi Bağırova Solmaz Rəşid qızı “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, Daşkəsən kənd tam orta məktəbin direktoru Rüstəmov İlqar Kamran oğlu isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişlər.
Ümumi təhsil məktəblərinin XI siniflərini bitirən 665 nəfər şagirddən 659 nəfəri tam orta təhsil haqqında attestat, ümumi təhsil müəssisələrinin IX siniflərini bitirən 758 nəfər şagirddən 754 nəfəri ümumi orta təhsil haqqında şəhadətnamə almışdır. Müxtəlif səbəblərdən 6 nəfər tam orta təhsili, IX sinifi bitirənlərdən 4 nəfər isə ümumi orta təhsili başa vura bilməmişdir.
Ümumi orta təhsil üzrə 10 nəfər şagird, tam orta təhsil üzrə isə 26 nəfər məzun fərqlənmə attestatı almış, rayonun Daşkəsən kənd tam orta məktəbin XI sinif şagirdləri Şahverdiyev Sirac Mübariz oğlu və Şahverdiyev Məftun Mübariz oğlu Təhsil Nazirliyinin müvafiq əmri ilə qızıl medala layiq görülmüşlər.
Tədris ilinin yekununa görə 2018-ci ildə attestat almış 659 nəfər məzundan 440 nəfər, əvvəlki illərdə bitirənlərdən isə 28 nəfər olmaqla cəmi 468 nəfər ali məktəblərə sənəd vermişdir. Qəbul imtahanlarının nəticələrinə görə bu ilki məzunlardan 345 nəfər, əvvəlki illərdə bitirmiş məzunlardan isə 24 nəfər olmaqla cəmi 369 nəfər Respublikanın və digər xarici ölkələrin müxtəlif ali məktəblərinə, ümumi təhsil bazasından 18, tam orta təhsil bazasından 28 nəfər olmaqla 46 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar.
Təqdirəlayiq haldır ki, rayon üzrə 2018-ci il məzunlarından Respublikanın ali təhsil müəssisələrinə daxil olmuş abituriyentlərdən 24 nəfər 600-700, 39 nəfər 500-600, 73 nəfər 400-500, 91 nəfər 300-400 bal aralığında nəticə göstərmişlər. Ənənəvi olaraq bu il də 600 və daha yüksək bal toplayan məzunlara rayon İcra hakimiyyəti tərəfindən pul mükafatı və fəxri fərmanlar təqdim olunmuşdur.
2018-ci il məzunlarının ali məktəblərə qəbul faizi rayonun M.Mehdizadə adına şəhər, C.Əhmədov adına şəhər, İ.Quliyev adına B.Mərcanlı, K.Məmmədov adına B.Mərcanlı, Y.Mərcanlı, Hovuslu, Soltanlı, Süleymanlı, Çərəkən, Əmirvarlı, Qovşudlu kənd tam orta, 1, 3, 4, 15, 23 saylı tam orta məktəblərində yüksək, 9, 10, 11, 12, 14 saylı, Minbaşılı və Tatar kənd tam orta məktəblərində isə aşağı olmuşdur.   
Respublika fənn olimpiadalarının rayon mərhələsinin ilk turunda rayonun 41 ümumtəhsil məktəbindən (rayon turunda iştirak etməyən məktəb olmamışdır) səkkiz fənn üzrə 236 nəfər IX-XI sinif şagirdləri bu bilik yarışında  öz qüvvələrini sınamışdır.
Yarımfinalda iştirak etmək hüququ qazanan 58 nəfər olimpiada iştirakçısından 5 nəfəri respublika turuna vəsiqə qazanmış, Respublika mərhələsində yüksək nəticə əldə edən rayonun Daşkəsən kənd tam orta məktəbin XI sinif şagirdi Şahverdiyev Məftun Mübariz oğlu ana dili fənni üzrə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin gümüş medalına, eyni sinifin digər şagirdi Şahverdiyev Sirac Mübariz oğlu isə tarix fənni üzrə bürünc medalına layiq görülmüş, 1 saylı tam orta məktəbin XI sinif şagirdi İmanzadə Fateh Nicat oğlu, 8 saylı tam orta məktəbin XI sinif şagirdi Gülmalıyev Bəşir Rövşən oğlu və Quycaq kənd tam orta məktəbin XI sinif şagirdi Mirzəyev Bayram Natiq oğlu coğrafiya fənnindən Respublika turunda fərqləndiklərinə görə Təhsil nazirliyinin “İştirakçı sertifikatı“nı almışlar. Fənn olimpiadalarının Respublika mərhələsində iştirak edən 5 nəfər şagird, onların müəllimləri və məktəb rəhbərləri Cəbrayıl rayon Təhsil Şöbəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar mart ayında rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmiş, müsabiqənin rayon mərhələsinin qalibi Sirik kənd tam orta məktəbin IX sinif şagirdi Həsənova Özləm Həsən qızı Respublika mərhələsində iştirak etmək hüququ qazanmış,Təhsil Nazirliyi tərəfindən həvəsləndirici yerə layiq görülməklə ona pul mükafatı təqdim olunmuşdur.
Rayon icra hakimiyyəti məktəblərdə təhsil alan şagirdlərin təlim-tərbiyəsinin yüksəldilməsi, onların layiqli vətəndaş və şəxsiyyət kimi formalaşması istiqamətində rayon Təhsil şöbəsi ilə birgə mütəmadi iş aparır.
Dövlətimiz Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olunması, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakının dəstəklənməsi, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması, təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələrinə şərait yaradılması, ölkədə könüllülük hərəkatının inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Rayonumuzda da gənclərin yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı üçün məyyən işlər görülür. Son vaxtlar ölkəmizdə, həmçinin də rayonumuzda fəaliyyət göstərən hökumət və qeyri hökumət təşkilatlarında çalışanların əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində həyata keçirilən tədbirlər də uğurla davam etdirilməkdədir. Onlar rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha da fəal iştirak edir, gənc istedadlara dövlət qayğısı artırılır. Gənclərimiz milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı, dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır və böyük nailiyyətlər əldə edirlər.
Ötən hesabat ilində rayon İcra hakimiyyəti Gənclər və idman idarəsi ilə birgə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərlə iş sahəsində bir çox tədbirlər həyata keçirmişdir. Belə ki, yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə məqsədi ilə profilaktik tədbir olaraq “Azərbaycan gəncliyi narkotiklər əleyhinə” mövzusunda, Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi ilə bağlı, Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o, cümlədən Milli qəhrəmanların gənclər arasında təbliği ilə bağlı, dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən, onlar arasında milli, dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi ilə bağlı dəyirmi masalar keçirilmişdir. İstedadlı gənclərin aşkara çıxarılması məqsədi ilə rəssamlıq, musiqi, rəqs sahəsində də gənc istedadlar müsabiqəsi təşkil edilmişdir.
Rayon gəncləri rayondan kənarda da Gənclər siyasəti üzrə bir sıra tədbir və yarışlarda iştirak etmişlər. “Xəmsə” Milli İntellektual oyunu üzrə Bakı şəhərində keçirilən zona mərhələsində “Lələ təpə” komandası finala vəsiqə qazanaraq Respublika üzrə dördüncü yerə layiq görülmüşdür. Rayon gənclərinin keçən ilin oktyabr ayında Biləsuvar rayonunda, noyabr ayında isə Bakı şəhərində Azərbaycan gənclərinin VIII Forumunun toplantısında iştirakı, həmçinin 2003-2004-cü il təvəllüdlü oğlanlar arasında Bakı şəhərində keçirilən atletika üzrə Qış Azərbaycan birinciliyində, Oğuz şəhərində keçirilən Kross üzrə Azərbaycan çempionatında, Şirvan şəhərində keçirilən “Şahin” hərbi idman oyunlarının zona birinciliyində, Cəlilabad şəhərində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə zona mərhələsində, Qusar şəhərində keçirilən şahmat üzrə Gənclərin Respublika Olimpiadasında, Astara şəhərində keçirilən şahmat üzrə Azərbaycan birinciliyində rayon komandalarının iştirakı təmin olunmuşdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə yüksək diqqət göstərməsi, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin Respublika rəhbərliyi tərəfindən operativ həll edilməsi əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Cənab Prezidentin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanının tətbiqindən sonra vətəndaş müraciətlərinin sistemləşdirilməsi, müraciətlərə operativ baxılması təmin edilmiş və icrasına nəzarət xeyli asanlaşdırılmışdır.
Ölkə Prezidentinin birbaşa rəhbərliyi ilə keçirilən müşavirə və toplantılarda vətəndaşların müraciətlərinə daha diqqətlə yanaşılması barədə verdiyi tapşırıqlara uyğun olaraq rayonda da bu sahəyə diqqət bir daha artırılmışdır.
Vətəndaş müraciətlərinin statistikası təhlil edilərkən 2017-ci illə müqayisədə 2018-ci ildə müraciətlərin sayı xeyli azalsa da, bəzi sahələr üzrə şikayət xarakterli müraciətlərdə artım müşahidə olunmuşdur.
Şikayətlər yaranması “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası” na əsasən məcburi köçkün düşdükdən sonra özlərinə ayrıca yaşayış sahəsi əldə edən 4 minə yaxın rayon sakininin vahid aylıq müavinətinin dayandırılması ilə bağlı olmuşdur.
2018-ci il ərzində Rayon İcra hakimiyyəti başçısı aparatına 468 vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 88 ədədi Prezident Administrasiyasından, 2-si Milli Məclisdən, 34-ü Nazirlər Kabinetindən,119-u digər Respublika təşkilatlarından olmaqla ümumilikdə 243 ədədi yuxarı təşkilatlardan, 225 ədədi isə birbaşa vətəndaşlardan daxil olmuşdur.
Daxil olmuş müraciətlərdən 127-si birdəfəlik maddi yardım göstərilməsi, 121-i əhalinin sosial müdafiəsi, 58-i mənzil, 40-ı rayon İH-nin fəaliyyəti, 30-u işlə təmin olunma, 26-sı torpaq, 12-s qəbul, 10-u veteran vəsiqəsi və hərbi qulluqçuların sosial təminatı, 8-i qaçqınlarla və məcburi köçkünlərlə bağlı, 5-i kənd təsərrüfatı, 4-ü təhsil, 3-ü məişət məsələləri, 3-ü sahibkarlığın inkişaf etdirilməsi, 3-ü yaşayış məntəqəri, 18 ədədi isə digər məsələlərlə bağlı olmuşdur.
Müraciətlərin 158-i müsbət həll olunmuş, 4-ü qismən həll olunmuş, 293-nə müvafiq izahat verilmiş, 7-si aidiyyəti üzrə göndərilmiş, 1-i isə baxılmamış saxlanmışdır.
Məlumdur ki, məcburi köçkünçülüklə bağlı rayon sakinləri respublikanın müxtəlif bölgələrində məskunlaşması onların problemlərinin, müxtəlif istəklərinin rayon İcra hakimiyyətinə çatdırılmasında müəyyən çətinliklər yaradır. Bu da onlarla yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsini zəruri edir. Əvvəllər olduğu kimi ötən il də sakinlərimizlə yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanmışdır.
2018-ci il ərzində rayon əhalisinin sıx məskunlaşdığı bölgələrdə - Bakı şəhərinin ayrı-ayrı rayonlarında və Rayon qərargahında 21, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə 12, rayonun Cocuq Mərcanlı kəndində 4, Sumqayıt şəhərində və Saatlı rayonunda 2, Sabirabad, Hacıqabul, Kürdəmir və Beyləqan rayonlarının hər birində 1 dəfə olmaqla ümumilikdə 45 səyyar görüş-qəbul keçirilmişdir. Görüşlərdə 2000 nəfərdən çox iştirak etmiş və rayon sakinləri tərəfindən 252 təklif səsləndirilmişdir. Təkliflərdən 85-i müsbət həll edilmiş, 1-nin həlli imkan xaricində olmuş, 166-sı barədə müvafiq tədbir görülmüşdür.
Vətəndaşlardan daxil olmuş təkliflərin 60-ı mənzil, 52-si birdəfəlik maddi yardım göstərilməsi, 23-ü işlə təmin olunma, 23-ü vahid aylıq müavinət, 15-i torpaq, 11-i suvarma suyu ilə təchizat, 10-u yol, 7-si elektrik enerjisi təchizatı, 6-sı qaz təchizatı, 4-ü təhsil, 3-ü rabitə, 4-ü məişət məsələləri, 4-ü ölkədaxili miqrasiya və qeydiyyat məsələləri, 3-ü gənc ailələrin ailə təsərrüfatından ayrılması 3-ü müharibə veteranı adı verilməsi, 3-ü minnətdarlıq, 3-ü içməli su, 2-si səhiyyə, 1-i əmək haqqı, 1-i məcburi köçkün statusu məsələləri, 1-i sahibkarlıq, 1-i hərbi qeydiyyat, 1-i ünvanlı sosial yardım verilməsi, 1-i bankomat quraşdırılması, 1-i qəbul, 9-u isə digər məsələlərlə bağlı olmuşdur.
2018-ci il ərzində "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısı yanında keçirilmiş 26 Şura yığıncağında 28 məsələ müzakirə edilmiş, 30 rayon tədbiri keçirilmişdir.
Şura iclaslarında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr, vətəndaş müraciətlərinə baxılması vəziyyəti, təhsil, səhiyyə və digər sahələri əhatə edən aktual məsələlər müzakirə edilmişdir.
Məruzə ətrafında Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov, Rayon Statistika idarəsinin müdiri Sahib Süleymanov, 7 saylı bağçanın müdiri Günel Cəfərova və digərləri çıxış edərək 2018-ci ildə rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat vermişlər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri  Ağa-Əli Əhmədov yığıncaqda çıxış etmişdir.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Keçidlər