Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlıda “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” münasibəti ilə tədbir keçirilmişdir

27 dekabr 2018 | 16:00
   Dekabr ayının 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası, “Təmiz ürək” İctimai Birliyi və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində tədbir keçirilib. 
   Tədbir iştirakçıları əvvəlcə “Aprel  şəhidlərinə xatirə”  abidə kompleksini ziyarət edərək önünə gül dəstələri qoymuş, kənddə aparılmış abadlıq quruculuq işləri, “Qayıdış” parkı, yay kinoteatrı və uşaq əyləncə meydançası ilə tanış olmuş, Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olaraq inşa edilən kənd məscidini də ziyarət etmişlər.
   Novruz Aslanov adına kənd tam orta məktəbin kollektivi ilə görüşən qonaqlar məktəbin foyesində kənddə aparılmış abadlıq-quruculuq işləri barədə stendlərlə baxdılar, məktəbin kitabxanasına kitablar hədiyyə etdilər.
   Klub İcma Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamlayaraq kəndin bərpası ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat verdi, Ölkə Prezidenti cənab  İlham Əliyevin tapşırığı əsasında Cocuq Mərcanlıda qısa müddətdə müasir, bütün infrastruktura malik qəsəbə salındığını qeyd etdi.
   Tədbirdə Azərbaycan Respublikası Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva çıxış etrdilər.
   Qarşıdan gələn bayramlar münasibəti ilə kənd sakinlərini təbrik edən çıxışçılar qeyd ediblər ki, Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır, əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb. Uzun illər boyu torpaqlarımız mənfur qonşular tərəfindən işğal altında saxlandığından tarixi abidələrimiz məhv, təbii sərvətlərimiz talan edilmişdir. 2016-ci ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Elə həmin il Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə tarixən burada yaşamış dinc əhalinin öz doğma torpağına qayıtması üçün əsaslı yenidənqurma işləri aparılmışdır. Həmçinin ailələrin sosial problemlərinin həlli istiqamətində bir sıra proqramlar uğurla həyata keçirilməkdə davam edir. Ölkə rəhbərliyi tərəfindən qaçqın və məcburi köçkün ailələrin problemləri daim diqqət mərkəzində saxlanılır. 
   Tədbirdə çıxış edən kənd sakinləri Ölkə Prezidenti cənab İlham Əliyevə onların problemlərinin həlli istiqamətində göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər.
    Yekunda Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Yeni il şənliyi təşkil olunub, uşaqlara hədiyyələr təqdim edilib.
 
Keçidlər