Cocuq Mərcanlıda istirahət parkı istifadəyə verildi
Dekabr ayının 23-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində salınmış “Qayıdış” parkının açılış mərasimi keçirilmişdir.
Tədbirdə Cəbrayıl və qonşu rayonların ictimaiyyətinin nümayəndələri, rayon ziyalıları, ağsaqqallar və kənd sakinləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamladı, işğaldan azad edildikdən sonra kənddə aparılmış abadlıq, quruculuq işləri haqqında məlumat verdi.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kənddə istifadəyə verilən mədəniyyət və istirahət parkının “Qayıdış” adlandırılmasının Qarabağa böyük qayıdışın başlanğıcı kimi rəmzi məna daşıdığını qeyd etdi.
Ziyalılar adından çıxış edən əməkdar elm xadimi, professor Həsən Hüseynov parkın açılışı münasibəti ilə rayon ictimaiyyətini və Cocuq Mərcanlı sakinlərini təbrik etdi. Qısa müddətdə kənddə aparılmış yenidən qurma işlərinin dövlətimizin məcburi köçkünlərə qayğısının bariz nümunəsi olduğunu bildirdi.
Tədbirin bədii hissəsində rayonun tanınmış mədəniyyət və incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.