3 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirilib
06 mart 2026-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 3 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirib. Qəbulda RİH başçısı aparatının məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri və qəsəbədə məskunlaşan rayon əhalisi iştirak edib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunmasından söhbət açan rayon rəhbəri bildirib ki, bu Sərəncam Azərbaycanın milli inkişaf strategiyasının, qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsidir. Bu addım ölkəmizin dayanıqlı şəhərsalma, ekoloji tarazlıq və mədəni irsin qorunması sahələrində əldə etdiyi təcrübəni beynəlxalq müstəviyə çıxarmaq üçün mühüm platforma yaradır. İcra başçısı Prezident İlham Əliyevin birbaşa nəzarəti altında "Böyük qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həm infrastruktur, həm də sosial və ekoloji layihələrin həyata keçirildiyini nəzərə çatdıraraq qeyd edib ki, həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir.
Eyni zamanda İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib, həlli vaxt tələb edən məsələlərlə bağlı isə aidiyyəti orqanlara müraciət edilməsini nəzarətə götürüb.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.






