Milli Qəhrəman Şikar Aslanovun xatirəsinə həsr olunmuş tədbir keçirildi
05 noyabr 2018 | 16:00
Noyabr ayının 2 də Azərbaycan İstiqlal Muzeyi və Cəbrayıl rayon Tarix-diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli qəhrəmanı Şikar Aslanova həsr olunmuş “Vətən sənə oğul dedi” adlı tədbir keçirildi.
Dövlət Himnimizin səsləndirilməsilə başlanan tədbiri Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Elçin Hüseynov açaraq aparıcılıq üçün sözü rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Tariyel Abbaslıya verdi.
Şikar Aslanovun döyüş yoldaşları 1-ci qrup əlil Mübarək Sevdimalıyev, Şikar Aslanovun komandiri keçmiş polis rəisi Polkovnik Vaqif Məhərrəmov , polis mayoru Rafael Abbasov, polis mayoru Rafiq Bayramov, keçmiş döyüşçü baş leytenant Mehman Hüseynov keçmiş olduqları şanlı və qanlı-qadalı döyüş yolundan və Şikarla bağlı xatirələrindən söhbət açdılar. Şairə Mətanət Uluşirvanlı, mahir şeir ifaçıları Hacıməhəmməd Hüseynov, Mehman Mayılxanlı, 158 saylı orta məktəbin 4-cü sinif şagirdləri Şikar Aslanova həsr olunmuş Milli qəhrəmanlıq ruhunda şeirləri səsləndirdilər. Həmyerlimiz şair İsmayıl İmanzadənin bu yaxınlarda Şikar Aslanova həsr etdiyi şeiri də Hacı Məhəmməd Dayandur oğlu tədbir iştirakçılarına səsləndirdi.
Şəhid bacısı muzeyin əməkdaşı Aytən Fətullayeva o vaxt tibb bacısı işləmiş anasının Şikarın həyatının son anlarında belə əzmkar bir ruhla həyata vida deməyini də tədbir iştirakçılarına xatırlatdı.
Şikar Aslanovun qardaşı Mükafat Aslanov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıq hisslərini çatdırdı. Rayon icra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən cənab Arif Fərzəliyev çıxış edərək bildirdi ki, Milli qəhrəmanlara həsr olunmuş bu cür tədbirlər silsilə xarakter almalı və məktəblərimizdə keçirilməlidir. Canlı Milli qəhrəmanımız olan Vahid Quliyevlə məktəblilərimizin görüşü təşkil edilməlidir ki, şagirdlərimizdə milli vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədə inkişaf etdirilsin.
Bu həm də Mübariz İbrahimov kimi şanlı qəhrəmanlıq nümunəsi göstərə bilməkdə şagirdlərimizdə əyani təəssürat yaradıb formalaşdırar. Arif müəllim çıxışında onu da qeyd etdiki, yerli Xudafərin qəzetində milli qəhrəmanlarımıza həsr olunmuş reportajların vaxtaşırı olaraq verilməsi də məhz belə bir məqsədi daşıyır. Sonda muzeylə tanışlıq oldu. Çıxışının sonunda A.Fərzəliyev Ölkə Prezidenti, Alı Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 2016-cı ilin aprel döyüşləri zamanı Cəbrayıl və Tərtər rayonlarının ümumilikdə 2000 hektardan çox ərazisinin işğaldan azad edildiyini qeyd etdi. İşğal altında olan digər ərazilərin də tezliklə azad ediləcəyinə əmin olduğunu bildirdi.
Tədbir iştirakçıları muzeyin eksponatları və Milli qəhrəmanlara həsr olunmuş guşəylə tanış oldular.