Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 2018-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir

19 oktyabr 2018 | 16:00

18 oktyabr 2018-ci il tarixdə Cəbrayıl rayon İcra hakimiyyətinin akt zalında rayonda 2018-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  şura iclası  keçirilmişdir.

 İclasda Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, Şura üzvləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbirdə Cəbrayıl rayon İcra hakimiyyəti başçısının geniş hesabat məruzəsi dinlənilmişdir. Məruzədə cari ilin 9 ayında  rayonda görülmüş işlərlə bağlı ətraflı məlumat verilmiş, qeyd edilmişdir ki: Keçən müddət ərzində rayon üzrə cəmi 19 milyon 760 min manatlıq ümum daxili məhsul istehsal edilmiş, ondan 14 milyon 893,9 min manat kənd təsərrüfatı, 1 milyon 803,1 min manatlıq sənaye, 2 milyon 957,1 min manatlıq tikinti, 17,5 min manatlıq  nəqliyyat, 88,4 min manatlıq rabitə olmuşdur.

Doqquz aylığın yekununda rayon üzrə 262 nikah, 76 boşanma qeydə alınmış, yeni doğulanlar 844 nəfər, vəfat edənlər 301 nəfər, qeydiyyata gələn 248 nəfər, çıxanlar 34 nəfər olmuşdur. Bu ilin əvvəlindən indiyə kimi 543 nəfər təbii artım, 214 nəfər isə miqrasiya artımı olmuş, əhalinin sayı 973 nəfər və ya 1.2 faiz artaraq 80666 nəfərə çatmışdır.

Cari ilin doqquz ayında rayon büdcəsinin gəlir və xərclərinin icrası mədaxil üzrə 1751910 manat proqnoza qarşı 1878603 manat və ya 107,2 faiz, məxaric üzrə 1867488 manat proqnoza qarşı 1392178  manat və ya 74,5 faiz yerinə yetirilmişdir. 9 ayda yerli gəlirlər 784428  manata qarşı 799188 manat və ya 101.9 faiz yerinə yetirilmişdir.

Ölkə Prezidentinin tapşırığına uyğun olaraq qəsəbə ərazisində 2016-cı ildən etibarən sakinlər tərəfindən pambıq əkininə başlanmış və həmin ildən tut tingləri əkilərək artıq 2018-ci ildə barama yetişdirilməsi ilə məşğul olunmuşdur.

Pambıq əkini ilə məşğul olan sakinlər ilkin olaraq 2016-cı ildə 34, 2017-ci ildə 72, bu ildə isə 90.3 hektar sahədə pambıq əkmişlər. Birinci il pambıq sahələrinin hər hektarından 17.3 sentner, keçən il 24.7 sentner təhvil verilmiş, bu il isə 30 sentnerə qədər pambıq verilməsi nəzərdə tutulmuşdur. Artıq indiyə qədər 240 ton pambıq təhvil verilmiş, və hər hektardan orta hesabla 26 sentner məhsul əldə olunmuşdur.

2018-ci ilin aprel ayında Qax Damazlıq İpəkçilik Stansiyasından 26 qutu ipək qurdu toxumu gətirilmiş və 33 kümdar tərəfindən yekunda “Azəripək” MMC-yə 1 ton 415 kq yaş barama təhvil verilmişdir.

Qəsəbə sakinləri həmçinin bu il 2970 hektar taxıl sahəsindən 515 ton, 62.5 hektar  tərəvəz əkinlərindən isə indiyə qədər 954 ton məhsul yığmışlar.

Rayon üzrə heyvandarların şəxsi təsərrüfatlarında 10675 baş iri buynuzlu, 117327 baş xırda buynuzlu heyvan saxlanılır.

Doqquz ayda 6275 ton süd, 826 ton ət, 3 milyon 670 min ədəd yumurta istehsal olunmuşdur.

Bu müddət ərzində rayonun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində abadlıq quruculuq işləri, eləcə də əhalinin məşğulluğu istiqamətində xeyli işlər görülmüş, yaradılmış sosial-iqtisadi infrastruktur nəticəsində kənddə həyat işğaldan əvvəlki axarına düşmüşdür.

Bu ilin yazında Cocuq Mərcanlı sakinləri tərəfindən istifadələrinə verilmiş torpaq sahələrində 33 hektar qədər dənlik qarğıdalı, 13.5 hektar şəkər çuğunduru və digər yazlıq bitkilər əkilmiş, mövsümün sonunda 300 ton çuğundur, 150 ton isə qarğıdalı istehsal olunmuşdur.

Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə istixana və arıçılıq təsərrüfatı yaradılmış və suvenir istehsalı müəssisəsinin tikintisi davam etdirilir.

Belə ki, layihənin birinci mərhələsində kənddə məskunlaşmış 15 ailəyə hər biri 160 m2 sahəyə malik olan 15 ədəd istixana, 15 ailəyə isə hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi paylanmışdır.

Hər iki layihənin icrası ilə 30 nəfər ailənin məşğulluğu təmin edilmişdir. Bundan əlavə Cocuq Mərcanlı kəndində ümumilikdə 25 ailə özünüməşğulluq proqramına cəlb olunmuşdur. Onlardan 23-ü heyvandarlıq,  2-si isə digər sahələr üzrə məşğul olacaqlar.

Məruzə ətrafında, Cəbrayıl Rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov, Cəbrayıl Rayon Vergilər şöbəsinin rəisi Əfrail Əhmədov, Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov çıxış edərək 2018-cı ilin doqquz ayında  rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat verdilər.

Keçidlər