Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin “5 oktyabr – Beynəlxalq Müəllimlər günü” münasibəti ilə təbriki

05 oktyabr 2018 | 16:00

Müəllimlər günü YUNESKO-nun qərarı ilə beynəlxalq səviyyədə 1966-cı ildən, ölkəmizdə isə 1993-cü ildən bayram kimi qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm istiqamətləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin və xalqın gələcəyini daha etibarlı və inamlı görmək əzmindən irəli gəlir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni təhsil müəssisələri tikilib, məktəblərin maddi-texniki bazası möhkəmləndirilib. Yeni müasir məktəblər şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin keyfiyyətini yüksəldir. Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla, onların məsuliyyətini də artırır.

Rayonumuzun müəllimləri ziyalı adını daim yüksək tutmuş, xalqımızın mədəni və mənəvi səviyyəsinin yüksəldilməsində, savadlı, vətənpərvər gənc nəslin formalaşdırılmasında mühüm rol oynamışlar. Təsadüfi deyil ki, rayonumuz öz təhsil ənənəsi ilə həmişə seçilmiş, ölkəmizə çoxlu sayda alimlər, ictimai, siyasi və dövlət xadimləri bəxş etmişlər. Müəllimlərimiz Azərbaycan müəlliminin şərəfli adını daim uca tutur və müstəqil vətənimizin yeni nəslinin yetişdirilməsində səylə çalışırlar.

Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllim kollektivini 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə ürəkdən təbrik edir, onlara bu çətin və şərəfli yolda uğurlar diləyirik.

 

Keçidlər