Cəbrayıl rayonunda Azərbaycan Prokurorluğunun 100 illik yubileyi qeyd edildi
02 oktyabr 2018 | 16:00
Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə əlaqədar 01 oktyabr 2018-ci il tarixdə Cəbrayıl rayonunda tədbir keçirilmişdir.
Tədbirdə Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, rayon ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzdülər.
Tədbirdə Cəbrayıl rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Maarif Hüseynov çıxış edərək bildirdi ki, müasir tarixinin əlamətdar günlərindən birini yaşayan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi “1 Oktyabr prokurorluq işçilərinin peşə bayramı günü”nü və milli prokurorluq orqanlarının yaradılmasının 100-cü ildönümünü qeyd edir.
Bu günün prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunması tarixi zərurətdən yaranmış və Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını xalqımızın ümummilli lideri Heydər Əliyev əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalamışdır.
1918-ci ilin noyabr ayının 18-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilmiş, olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində fəaliyyət göstərən prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.
Müstəqil inkişaf tariximizin yaradıcısı və müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş hərtərəfli məhkəmə-hüquq islahatları nəticəsində mühüm dövlət təsisatı kimi tamamilə yenidən formalaşan, fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində mütərəqqi standartlara uyğun şəkildə mütəmadi təkmilləşən Azərbaycan Prokurorluğu bu gün səlahiyyət hədləri daxilində xalqın və dövlətimizin maraqlarının müdafiə edilməsində, insan hüquq və azadlıqlarının qorunmasında öz xidmətlərini göstərir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikası Prokurorluğunun son illər ərzində əldə etdiyi böyük nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik dövlət siyasətinin məntiqi nəticəsi, Heydər Əliyev dövlətçilik konsepsiyasının düzgünlüyünün göstəricisidir. Prokurorluq orqanlarının tarixində yeni təkmilləşmə və müasirləşmə dövrünün əsasını qoymuş Dövlət başçısının 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” prokurorluğun inkişafı üçün mühüm olmuşdur.
Məhkəmə-hüquq islahatları nəticəsində tamamilə yeniləşmiş Azərbaycan Respublikasının Prokurorluğu fəaliyyətinin əsas prinsiplərinə sadiq olaraq, qanunla üzərinə qoyulmuş vəzifələri bundan sonra da uğurla yerinə yetirəcəkdir.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbirdə çıxış edərək 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov başda olmaqla prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik edib, ən xoş arzularını çatdırdı.
Sonra xidməti vəzifələrinin icrası zamanı fərqlənən rayon prokurorluğunun əməkdaşları İcra hakimiyyətinin fəxri fərmanı ilə təltif olundu.