Şriftin ölçüsü :

Saytın rəngi :

Cənubi Koreya səfirliyi və Koreya Şərq Təbabəti Klinikası Cocuq Mərcanlı sakinlərinə dəstək olublar

22 sentyabr 2018 | 16:00

 

Cənubi Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin, SEBA Koreya Şərq Təbabəti Klinikasının təşkilatçılığı və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cocuq Mərcanlı sakinlərinə dəstək layihəsi həyata keçirilib.
Layihə çərçivəsində  Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu əvvəlcə Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanış olub. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov səfirə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq kəndin bərpası ilə bağlı aparılan tikinti işləri barədə məlumat verib. Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin Aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna dönüb. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 fərdi yaşayış evinin, uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi də başa çatıb. Həmin evlərə də Cocuq Mərcanlı kəndindən olan digər məcburi köçkünlər köçürülüb.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov layihəni Koreya-Azərbaycan dostluq münasibətlərinin göstəricisi olduğunu qeyd edərək, Cocuq Mərcanlı kənd sakinlərini yaddan çıxarmadıqları üçün Koreya Respublikasının Azərbaycandakı səfirliyinə və Koreya Şərq Təbabəti Klinikasına təşəkkürlərini bildirib.
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərindən və kənd sakinlərinin doğma yurdlarına qayıtmasından məmnunluğunu ifadə edib. Koreya Respublikasının Azərbaycandakı səfirliyinin keçirdiyi məcburi köçkünlərə dəstək tədbirlərinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.
Klinikanın direktoru İsmət Qasımzadə bildirib ki, bu tədbir SEBA Koreya Şərq Təbabəti Klinikasının sayca beşinci layihəsidir. Layihə çərçivəsində 250-dən çox Cocuq Mərcanlı sakini Koreya Şərq Təbabəti Klinikasının şərq və qərb üsulları ilə müayinə və müalicə olunub..
Sonra şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Məktəbin bütün şagirdlərinə Koreya səfirliyi, “Samsung Engineering” və SEBA Koreya Şərq Təbabəti Klinikası tərəfindən məktəb ləvazimatları, qol saatları və “TEAS PRESS” Nəşriyyat evinin kitabları hədiyyə edilib.
Cocuq Mərcanlı kənd sakini Şahsuvar Şirinovun evində qonaq olan Səfir Kim Çanq-gyu sonra Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı kənd məscidini ziyarət etdi.

Keçidlər