Cəbrayıl rayonunda Təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir
11 sentyabr 2018-ci il tarixdə Cəbrayıl rayon təhsil işçilərinin ənənəvi Sentyabr konfransı keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edən konfrans iştirakçıları abidə önünə gül dəstələri düzərək Ümummili Liderin əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra 4 saylı qəsəbə klubunda davam etdirilən konfransda rayon Təhsil şöbəsinin müdiri Validə Həsənovanın keçən dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi dinlənilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, demokratik cəmiyyətimiz üçün hərtərəfli düşüncəyə malik sağlam fikirli, yüksək qabiliyyətli, zəngin istedada malik gənclər yetişdirmək və onların cəmiyyətin aparıcı qüvvəsinə çevirməyin vacib bir iş olduğunu vurğuladı.
Rayonun təhsil işçilərini və pedaqoji kollektivləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edən İcra başçısı onlara daha əzmlə çalışmağı və yeni-yeni uğurlar əldə etməyi arzuladı.
Təhsil nazirliyinin namayəndəsi Almaz Əsgərova, 8 saylı məktəbin məzunu Günay Hüseynova və digər çıxış edənlər yeni dərs ilinin başlanması münasibəti ilə rayonun təhsil işçilərini təbrik edərək onlara uğurlar arzuladırlar.
Sonda qəbul imtahanlarında 600 –dən yuxarı bal toplamış məzunlara hədiyyələr təqdim olundu.