Şriftin ölçüsü :

Saytın rəngi :

ANAMA-nın yaranmasının 20 illik yubileyi tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının Şahzadəsi Mirad bin Raad əl-Hüseyn iyulun 19-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub

20 iyul 2018 | 16:00

İordaniya Şahzadəsini ANAMA-nın, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin rəhbərlikləri müşayiət edib. Qonağa ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi, Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin Aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin, Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

Səfər iştirakçılarına məlumat verilib ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlı kəndində 150 fərdi yaşayış evi və müvafiq infrastrukturlar tikilib. İlkin mərhələdə tikilmiş 50 fərdi yaşayış evində əhalinin məskunlaşdırılması başa çatıb, ikinci mərhələdə tikilmiş 100 evə isə köçürmə prosesi davam edir.

Qonaqlar sonra kənddəki orta məktəb və Şuşa məscidinin bənzəri olan məscidlə tanış olublar. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu zəbt etdiyi ərazilərdə etnik təmizləmə apararaq azərbaycanlıları dədə-baba torpaqlarından çıxarıb, yaşayış məntəqələri, tarixi və dini abidələr yandırılıb, məhv edilib. Şuşa məscidinin eynisinin Cocuq Mərcanlıda inşa edilməsi isə rəmzi məna daşıyır.

İordaniya Şahzadəsi və digər qonaqlar 24 il Cocuq Mərcanlıda atəş altında yaşayan Oqtay Həziyevin evinə də baş çəkib, ailə üzvləri ilə söhbət ediblər.

İordaniya Şahzadəsi bildirib ki, “Mən kiçik, ancaq gözəl olan Cocuq Mərcanlı kəndinə gəlməyimdən çox məmnunam. Burada gördüyüm infrastruktur, sakinlər üçün yaradılmış şərait çox gözəldir. Kəndin bu şəkildə qurulması dövlətin nailiyyətidir”.

 

 

 

Keçidlər