Cəbrayıl rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir
13 iyul 2018-ci il tarixdə Cəbrayıl rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda Cəbrayıl rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov tədbirdə 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edərək cari ilin birinci yarısı ərzində rayonda görülmüş işlər barədə ətraflı məlumat verdi.
İcra hakimiyyətinin başçısı qeyd etdi ki, yarımil ərzində rayon üzrə Ümumi Məhsul Buraxılışının həcmi 9384 min manat olmuş, ötən ilin müvafiq dövrü il müqayisədə 6 faiz çox olmaqla 6296.9 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir.
Rayon əhalisinin sayı ilin əvvəli ilə müqayisədə 454 nəfər artaraq 80363 nəfərə çatmışdır.
Kənd təssərüfatı sahəsində görülmüş işlər barədə məlumat verən icra başçısı cari ilin məhsulu üçün rayonda 2970 hektarda taxıl, 950 hektarda yonca, 30 hektarda kartof, 90.8 hektarda pambıq, 43 hektarda dənlik qarğıdalı, 65 hektarda bostan-tərəvəz bitkiləri əkilmiş, taxıl sahələrində 30 gün müddətində biçin tam başa çatdırılarq, ümumilikdə 9752 ton məhsul əldə edilmiş, orta hesabla hər hektardan məhsuldarlıq 32.8 sentner olmuşdur.
Hesabat ilində ilk dəfə olaraq aprel ayının 28-29 -da rayondan olan kümçülərə 500 qarama yaxın ipəkqurdu verilmişdir. Rayon icra hakimiyyətinin hərtərəfli dəstəyi sayəsində kümçülərimiz rekord səviyyədə - 1415 kiloqram barama təhvil verərək nəzərdə tutulan göstəriciyə 141.5% əməl etmişlər.
Hazırda rayon üzrə 10660 baş iri buynuzlu, 117180 baş xırda buynuzlu heyvan mövcuddur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzluların sayı 209 baş, xırda buynuzluların sayı 2060 baş artmışdır.
Azərbaycan Respublikası Prezidentinin “ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 iyun 2017-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, klub-icma mərkəzi, poçt, inzibati ərazi dairə üzrə nümayəndəliyin binası və digər zəruri sosial infrastruktur obyektlərinin tikintisi tam başa çatdırılmışdır. Cari ilin may ayından sakinlərin kəndə köçürülməsinə başlanılmışdır.
Məruzə ətrafında rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Şahin Şirinov, Məşğulluq Mərkəzinin direktoru Sərdar Nağıyev, Suvarma Sistemləri idarəsinin baş mühəndisi Cəlil Əliyev çıxış edərək 2018-cı ilin birinci yarısında rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat verdilər.