Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıqçılığın inkişafına dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı rayonda görüləcək işlərlə əlaqədar müşavirə keçirildi

28 mart 2018 | 16:00

27 mart  2018-ci il tarixdə Cəbrayıl rayon İcra hakimiyyətində Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin icrasına dair müşavirə keçirilmişdir.

Müşavirədə  rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağaəli Əhmədov, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri və fermerlər iştirak etdi.

 Cəbrayıl  rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov iclasda çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 26 mart 2018-ci il tarixdə  Bərdə  rayonunda keçirilən pambıqçılığın inkişafına dair müşavirədə cənab Prezident bu sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın daha da  inkişaf etdirilməsini, məhsuldarlığın artırılmasını qarşımıza konkret vəzifə olaraq qoymuşdur. Dövlət başçısı qeyd  etmişdir ki, Azərbaycanda  pambıqçılığın qədim ənənələri vardır. Pambıqçılığın ən surətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuş, onun təşəbbüsü  və rəhbərliyi ilə ölkədə pambıq istehsalı 800 min-1 milyon tona qədər gəlib çatmışdır. Respublikamız müstəqillik qazandıqdan sonra ölkənin kifayət qədər maliyyə imkanlarının olmaması bu sahədə də müəyyən geriləmələrə səbəb olmuş, nəticədə pambıq əkini sahələri azalmışdır.
            Dövlət başçısı respublika müşavirəsində 2016-cı ilin pambıqçılığın inkişafında dönüş ili olduğunu vurğulamaqla bildirmişdir ki, “2015-ci ilin sonlarından etibarən biz bu məsələ ilə ciddi məşğul olmağa başladıq. 2016-2017-ci illərdə müşavirələr keçirildi, 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır”. Ölkə Prezidenti bu sahəyə böyük həcmdə investisiya yatırılması və dövlət dəstəyinin göstərilməsinin məntiqi nəticəsi olaraq  böyük həcmdə müasir texnikaların alnmasını, gübrə və dərman preparatlarının gətirilməsini, əkin sahələrinin suvarılmasında iri layihələrin həyata keçirilməsini qeyd edərək bildirmişdir ki, dövlətin bu sahəyə göstərəcəyi diqqət bundan sonra da davam etdiriləcəkdir.

Pambıqçılığın ölkə iqtisadiyyatındakı üstünlüklərini qeyd edən K.Həsənov bildirdi ki: “Pambığın satışı bir tərəfdən ölkəmizə  valyuta gətirir digər tərəfdən də  pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir. Eyni zamanda pambıqçılıq əməktutumlu kənd  təsərrüfatı sahəsidir.

Əldə olunan uğurlardan ruhlanan mülkiyyətçilərimiz qədəm qoyduğumuz 2018-ci ildə də daha böyük sahədə və yüksək məhsuldarlı pambıq əkini aparmağı qarşılarına məqsəd qoymuşlar

.Sonra  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağaəli Əhmədov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   dəstəyi və rəhbərliyi ilə  ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və əkin sahələrinin genişləndirilməsi nəticəsində insanlarımızın  sosial rifahı daha da yaxşılaşacaq, əlavə  iş yerləri yaranacaq və ölkəmizə xarici valyuta axını olacaqdır.

A.Əhmədov bildirdi ki, cənab Prezident müşavirədəki proqram xarakterli çıxışında  bu sahəyə göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etmişdir ki, “2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik”.

Bu il pambıq əkininə daha ciddi hazırlıq aparılmalı, bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilməlidir. Məhsuldarlığı daha da yüksəltmək üçün ən müasir texnikalar, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar alınmışdır. Suvarmada çətinliklərin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür və bundan sonra da davam etdiriləcəkdir.

A.Əhmədov  rayonda pambıq əkininin başlanması ilə əlaqədar pambıq istehsalçılarını təbrik edərək, bol məhsul yetişdirilməsi istiqamətində onlara uğurlar arzuladı.

Müşavirədə  Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Şahin Şirinov, fermer Cəlil Əliyev,  MKT İK İmişli filialının nümayəndəsi Bakir Məmmədov və digərləri çıxış edərək rayonda pambıqçılığın inkişafı ilə bağlı  görülən işlərdən danışdılar.  Müşavirədə rayonda 2018-ci ildə  pambıqçılığın inkişafı ilə əlaqədar görüləcək işlər  müzakirə olundu və  növbəti əkin zamanı qarşıya çıxa biləcək problemlərin həlli ilə bağlı aidiyyati idarələrin rəhbərlərinə tapşırıqlar verildi.

Keçidlər