Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov “Novruz” bayramı ilə əlaqədar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
Səfər çərçivəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov və Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Sonra Cocuq Mərcanlı kəndinə gələn qonaqlar kənddəki Novruz Aslanov adına tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşmüş, məktəblə tanış olmuşlar.
Qonaqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş Cocuq Mərcanlıda aparılan tikinti-quruculuq işləri ilə tanış olmuş, Şuşa məscidinin bənzəri olan kənd məscidini ziyarət etmişlər.
Ön cəbhədə xidmət göstərən hərbi hissənin şəxsi heyəti ilə görüşən E.Rüstəmov əsgərlərin ruh yüksəkliyini və döyüş qabiliyyətini xüsusi vurğulamışdır.
Daha sonra kənd sakinləri ilə görüşən Mərkəzi Bankın sədri onları qarşıdan gələn “Novruz” bayramı münasibəti ilə təbrik etmiş, Ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan digər ərazilərimizində azad olunacağına əmin olduğunu bildirmişdir. Kənd sakinlərinin problemləri ilə tanış olan E.Rüstəmov onların səsləndirdikləri təkliflərin icrası ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.