“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Cəbrayıl məktəbliləri növbəti ekskursiyaya yola düşdülər
26 mart 2018-ci il tarixdə Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində təhsil alan 20 nəfər şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz rayonlarına ekskursiyaya yola salındılar.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, ruhunu ehtiramla yad etmişlər.
Yola salınma mərasimində Cəbrayıl rayon icra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Tapdıq Nəsirov, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və valideynlər iştirak edirdi.
Mərasimdə çıxış edən Cəbrayıl rayon icra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Fəridə İbayeva maarifləndirici tur-aksiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirildiyini qeyd etdi.
F.İbayeva səfər çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənmələrini tövsiyyə etdi və xoş istirahətlər arzuladı.
Tur aksiya çərçivəsində şagirdlər bu rayonların tarixi və görməli yerləri ilə tanış olacaq, bir çox tarixi və mədəniyyət obyektlərinə ekskursiya edəcəklər.