Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir
19 mart 2018-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisindəki Heydər Əliyev adına parkda Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Bayram tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov açaraq Novruz bayramı münasibəti ilə xalqımızı, həmçinin bütün Cəbrayıl camaatını səmimi qəlbdən təbrik etdi. Novruz bayramının evlərə xoş ovqat, hər ocağa bol sevinc, ruzi-bərəkət gətirməsini dilədi və belə bir gözəl bayramın gələcək illərdə işğal altında olan doğma Cəbrayılımızda qeyd olunmasını arzuladı.
Bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçdi. Kosa və keçəlin şən, məzəli çıxışları, həmçinin rayonumuzun tanınmış müğənniləri Sədaqət Ağayev, Elman Məmmədov, Gülnarə Hümbətova, Vüsal Zamanov və digərlərinin bir-birindən gözəl ifaları tədbir iştirakçılarında gözəl əhval-ruhiyyə yaratdı.