Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüşüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Təmiz ürək” İctimai Birliyi və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüş keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Sonra Cocuq Mərcanlı kənd tam orta məktəbində sakinlərlə, məktəbin müəllim və şagirdləri ilə görüş olub.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova Cocuq Mərcanlı kəndinin qadınları ilə keçirilən görüş zamanı onların problemləri ilə maraqlanıb, fikir və təkliflərini dinləyib. 2017-ci ildə ölkəmizdə baş verən yenilikləri, həyata keçirilən layihələri diqqətə çatdıran H.Hüseynova bunların içərisində ən mühüm hadisənin Cocuq Mərcanlı kəndinin Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən qurulması və sakinlərin 24 ildən sonra öz doğma yurdlarına dönməsi olduğunu bildirib. Qeyd edib ki, Cocuq Mərcanlının yenidən qurulması və məcburi köçkünlərin öz kəndlərinə qayıtması bütün dünyaya bir mesajdır.
Görüş çərçivəsində qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğu və digər mövzular ətrafında müzakirələr aparılıb.
Cocuq Mərcanlı kənd tam orta məktəbində təşkil edilən Yeni il şənliyi zamanı uşaqlara hədiyyələr verilib, Komitə tərəfindən Cocuq Mərcanlıda yaşayan ailələrə ərzaq yardımı edilib.
Qonaqlar kənddə aparılan quruculuq işləri ilə tanış olub, Şuşa məscidinin bənzəri olan məsciddə şəhidlərin ruhuna dua oxuyublar.