Baramaçılığın inkişafi istiqamətinə işlər aparılır
Regionların mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü məhsullarının istehsalı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrasının təmin etmək məqsədi ilə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün mütəmadi işlər həyata keçirilir.
Kənd təsərrüfatının ənənəvi sahələrindən biri olan baramaçılığın inkişaf etdirilməsi, ipəkqurdu üçün yem bazasının yaradılması məqəsədi ilə ötən ilin dekabr ayında məcburi köçkünlərimizin məskunlaşdığı qəsəbələr ərazisində 10 hektar torpaq sahəsi ayrılmış və Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş 14 min ədəd tut tingi bölgü əsasında həmin sahələrdə əkilmişdir.
Qəsəbələrdə məskunlaşmış əhalimizin iqtsadi vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin olunması üçün işlər bu ildə davam etdirilir.
Cari ildə qəsəbələr ərazisində tut tingləriin əkin sahəsini genişləndirilməsi məqsədi ilə ərazidə əkinə yararlı torpaq sahələri ayrılmış və həmin sahələrdə yeni tut tinglərinin əkilməsi nəzərdə tutulmuşdur.
Hazırda 15 mindən çox tut tingi əkilmiş, tinglər suvarılmış və onlara aqrotexniki qaydada qulluq göstərilir. Ting əkinində fəal iştirak edən Cəbrayıllı məcburi köçkünlər kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə əhalinin rifahının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına əminliklərini bildirirlər.