Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyəli bələdiyyə sədrləri Cocuq Mərcanlıya səfər ediblər

07 noyabr 2017 | 16:00

Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin Çukurova Bələdiyyələr Birliyinə üzv olan bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti noyabrın 6-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Qonaqlar əvvəlcə Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhunu ehtiramla yad ediblər.

Cocuq Mərcanlıya gələn türkiyəli qonaqları kənd sakinləri gül-çiçəklə qarşılayıblar. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamlayıb, türkiyəli bələdiyyə rəhbərlərinin səfərini Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının bariz nümunəsi kimi qiymətləndirib.

Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü işğaldan azad edilmiş Azərbaycan torpağında olmasından qürur duyduğunu bildirərək deyib: “Bu torpaqların azad edilməsi, Cocuq Mərcanlıda evlərin yenidən tikilməsi qardaş dövlət kimi bizim üçün çox əhəmiyyətlidir. Buraya sevincinizə şərik olmaq üçün gəlmişik”.

Qonaqlar Cocuq Mərcanlı kənd orta məktəbi ilə tanış olub, təhsil ocağına və kənddəki hər bir evə televizor hədiyyə ediblər.

Türkiyəli qonaqlar sonra kənd sakini Oqtay Həziyevin evinə baş çəkiblər. Bildirilib ki, Həziyevlər ailəsi təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən bəri kənddə yaşayır.

Nümayəndə heyətinin üzvləri  Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı kənd məsidində olub, burada şəhidlərin ruhuna dua oxuyublar.

Qonaqlar daha sonra kənddə aparılan quruculuq işlərinin növbəti mərhələsi çərçivəsində tikintisi gedən yeni evlərə və ictimai binalara da baxıblar. Bildirilib ki, bu mərhələdə 100 evin, uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər infrastruktur obyektlərinin tikintisi aparılır. Artıq inşaat işləri başa çatmaq üzrədir. Buraya da Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcəklər.

Sonra Adana şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında “Qardaş şəhər” niyyət protokolu imzalanıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev imzalanma mərasimində çıxış edərək, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun zəfərindən, Cocuq Mərcanlı kəndinin yenidən qurulmasından, məcburi köçkünlərin 24 ildən sonra öz doğma yurdlarına qayıtmasından danışıb. O, işğal altında olan bütün ərazilərimizin azad ediləcəyinə, Cocuq-mərcanlılılar kimi digər məcburi köçkünlərin də ata-baba torpaqlarına dönəcəklərinə əminliyini bildirib.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxışında Azərbaycan-Türkiyə dostluğu və qardaşlığından söz açıb. Bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlığın, strateji tərəfdaşlıq və müttəfiqliyin dərin tarixi kökləri var, xalqlarımız ortaq milli mənəvi dəyərləri ilə bir-birinə sıx bağlıdır. Adana şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında “Qardaş şəhər” niyyət protokolunun imzalanması bu münasibətləri daha da möhkəmləndirəcək.

Adana şəhər Karaisalı Bələdiyyəsi başçısının köməkçisi Rəcəb Ak qeyd etdi ki, “Biz bir millət, iki dövlətik. Bu gün Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl rayonu qardaşlıq protokolu imzaladılar. Mədəni, sosial münasibətləri daha da inkişaf etdirmək, qarşılıqlı səfərlərlə bu qardaşlığı möhkəmləndirmək istəyirik”.

Səfər çərçivəsində Cocuq Mərcanlıda Azərbaycan-Türkiyə qardaşlıq parkının salınması məqsədilə şam ağacları əkilib.

 

 

Keçidlər