Türkiyəli qonaqlar Cocuq Mərcanlıda olub
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə oktyabrın 8-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yerli sakinlərə dəstək məqsədi ilə “Çərpələng şənliyi” keçirilib.
Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin və qardaş ölkənin iri şirkətlərinin yaxından dəstəyi ilə reallaşıb. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB-ə üzv olan sahibkarlar və şirkətlərin nümayəndələri ailələri ilə birlikdə iştirak ediblər. Qonaqlar “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamlayıb, Cocuq Mərcanlıda təşkil olunan tədbirə görə minnətdarlığını bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral sakinlər qarşısında çıxış edərək, Türkiyənin daim onların yanında olduğunu bildirdi. Qeyd etdi ki, sizlər işğaldan azad edilmiş ata-baba torpaqlarınıza dönməklə qəhrəmanlıq nümayiş etdirmisiniz. Biz də türkiyəli qardaşlarınız olaraq sizə dəstək olmaq istəyirik. Biz iki dövlət, bir millətik. Bizim dilimiz və dinimiz birdir. Yaxşı gündə də, pis gündə də biz bir yerdəyik. Azərbaycan gözəlləşdikcə, inkişaf etdikcə biz qürur duyuruq. Çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Sonra qonaqlar Cocuq Mərcanlı kənd orta məktəbi ilə tanış olublar. TÜİB üzvləri tərəfindən “Cocuq Mərcanlıya 1000 kitab da bizdən” şüarı ilə keçirilən aksiyada toplanan kitabların ilk hissəsi məktəbinin kitabxanasına təqdim edilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirinə Cəbrayıl rayonu haqqında kitablar hədiyyə olunub.
Sonra türkiyəli qonaqlar kənd sakini Oqtay Həziyevin evinə gəliblər. Bildirilib ki, Həziyevlər ailəsi təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərir.
Məktəbin idman meydançasında keçirilən “Çərpələng şənliyi” Cocuq Mərcanlı sakinlərində, xüsusən də uşaqlarda əsl bayram əhval-ruhiyyəsi yaradıb. Səmaya çərpələnglər uçurdulub, müxtəlif oyunlar, yarışlar, əyləncəli proqramlar təşkil edilib, uşaqlara hədiyyələr verilib. Sehrbazın fokus və illüziyaları uşaqların marağına səbəb olub.
Səfər çərçivəsində TÜİB-in üzvləri olan Türkiyənin dünya şöhrətli “DünyaGöz” xəstəxanasının Bakıdakı nümayəndəliyi tərəfindən yerli sakinlər üçün pulsuz göz müayinəsi, “Türk-Amerikan Medikal Center” tərəfindən “Sağlamlıq müayinəsi” təşkil edilib. “
Qonaqlar Cocuq Mərcanlı kəndində tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gəliblər. Diqqətə çatdırılıb ki, bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək.
Səfər zamanı “TÜİB Cocuq Mərcanlıya Dəstək Qrupu” işləri çərçivəsində həyata keçirilən torpaq analizlərinin nəticələri və Cocuq Mərcanlıda həyata keçiriləcək layihələr yerli sakinlər və maraqlı tərəflərlə müzakirə olunub. Bildirilib ki, Türkiyənin iş adamları uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə, sakinlərin iş vərdişlərinin və yaşayış imkanlarının bərpasına dəstək verəcəklər.