2025-ci il “Konstitusiya və Suverenlik İli”dir
Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi ümummilli liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb.Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaq.
Sevindirici haldır ki, bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırkı vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir , bunu gənc nəslə çatdırmağı qarşımızda məqsəd qoyur və özümüzə borc bilirik.
Xatırladaq ki, müstəqilliyini bərpa etmiş Azərbaycanın yeni mərhələdə qarşısında duran tarixi vəzifələrinin öhdəsindən o dövrdəki hakimiyyət gələ bilmədi, ölkəmiz böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldı, cəmiyyət həyatının bütün sahələrində kəskin böhran, anarxiya baş alıb getdi. Torpaqlarımız “Böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edildi, xalqımızın milli mənliyinə sarsıdıcı zərbələr endirilirdi. Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq iqtidarına gəlib çıxdı. Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri müdrikcəsinə həll etdi , ölkəmiz öz inkişaf yolunu tutdu. Beləliklə də Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. 1995-ci il noyabrın 12-də isə Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.Qəbul olunan Konstitusiya ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.
İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Milli Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti də insan hüquqlarının qorunmasına həsr edilib. Konstitusiyamızın qəbulundan ötən dövr ərzində bu ali sənədə 3 dəfə: 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklərin edilməsi, Prezident İlham Əliyevin Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə” İnsan Hüquqları Günü” kimi təsis olunması insan hüquqlarının qorunmasının prioritetliyini təsdiqləyir. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi də ölkəmizdə bu sahədə atılan növbəti addımların davamıdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır, Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, keçmiş məcburu köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur. Ölkə başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncami ilə sentyabrın 20-si ölkəmizdə “Dövlət Suverenliyi Günü “elan edilib.Bütün bu qalibiyyət ilə Azərbaycan dünyada yeni reallıqların müəllifi kimi tanınır. Yeni reallıqlar isə Azərbaycanımızı yeni uğurlara hədəfləyir.