Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Bilik Fondunun nümayəndələri Cocuq Mərcanlıda olub
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə bir qrup alim, jurnalist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüş keçiriliblər.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva dövlətin uğurla həyata keçirdiyi dil və təhsil siyasətinin prioritet istiqamətlərindən danışıb, insan kapitalının formalaşmasında orta məktəbin xüsusi rola malik olduğunu vurğulayıblar.
Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamını xatırladan alimlər qısa müddətdə kənddə aparılan tikinti-quruculuq işlərinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verdiyini və digər ərazilərimizin də tezliklə işğaldan azad ediləcəyinə inamı artırdığını deyiblər.
Görüşdə, həmçinin müəllimlərə Bilik Fondunun bayram təbriki çatdırılıb və hədiyyələr təqdim edilib. ADMİU-nun tələbələri məktəbin kitabxanasına nəşrlər bağışlayıblar.
Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edib, Bilik Fonduna Cocuq Mərcanlı məktəbinə ayırdığı xüsusi diqqətə görə minnətdarlığını bildirib.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. ADMİU-nun tələbələri isə xalq mahnıları ifa ediblər.