“20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib
17 yanvar 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti və YAP Cəbrayıl rayon təşkilatının birgə təşkilatçılığı ilə X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, aparatın məsul əməkdaşları, rayon mədəniyyət işçiləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər 20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolundan geniş söhbət açıblar. Qeyd ediblər ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Məhz ümummilli lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi. Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.
Vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Ulu Öndərin bu xilaskarlıq missiyası son 19 ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılır. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimiz möhkəm təmələ əsaslanan siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin adı tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazıldı. Ölkə Prezidenti daim bu fikri bildirir ki, şəhidlərimizin ruhu şaddır, biz onların qisasını döyüş meydanında aldıq. 30 ilə yaxın dövrdə imitasiya naminə danışıqlar aparan, himayədarlarının dəstəyi ilə yeni ərazilər uğrunda müharibə planları hazırlayan Ermənistan Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti qarşısında diz çökdü. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Qarabağımızın tacı Şuşa bu gün sevincli günlərini yaşayır. Şuşa əməliyyatı Azərbaycan oğullarının mübarizliyinin, qəhrəmanlığının, döyüş ruhunun dünyaya təqdimatı oldu. Vətən müharibəsində silaha sarılaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılan gənclər son 17 ildə yetişən gənclikdir. Gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda böyüməsi, milli maraqlarımızı hər şeydən üstün tutmaları qürurvericidir.
Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncamlar və fərmanlar verib. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Hər il əlil və şəhid ailələrinə yeni mənzillər verilir ki, onların arasında 20 Yanvar əlilləri və şəhidlərinin ailələri də var. 20 Yanvar faciəsində şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü verilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.