Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Milli Qəhrəman Vahid Quliyevin doğum günüdür

20 sentyabr 2022 | 08:54

    Vahid Həbibulla oğlu Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olmuş, uşaqlıq illərini Niyazqullar kəndində keçmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1981-ci ildə Universiteti bitirmişdir. Bir müddət müəllim kimi fəaliyyət göstərmiş, sonra isə Bakı şəhərində «Azon» Cihazqayırma Zavodunda məsul vəzifələrdə işləmişdir.
    O, 1992-ci ilin avqust ayında könüllü cəbhəyə getmiş, Ağdam, Qubadlı rayonlarında döyüşlərdə iştirak etmişdir. Vahid Quliyev düşmənin on zirehli texnikasını sıradan çıxarmışdır. Bunun səkkizi tank, ikisi isə piyadaların döyüş maşını idi.
   Müharibədən sonrakı dövrlərdə polkovnik-leytenant Vahid Quliyev Bakı Dövlət Universitetinin hərbi kafedrasında müəllim, Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim, Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləmişdir.
  Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.
    Bu gün Vahid Quliyevin doğum günüdür. 67 yaşı tamam olur. Bu münasibətlə Milli Qəhrəmanımızı təbrik edir, uzun ömür və möhkəm can sağlığı arzulayırıq.

Keçidlər